AZƏRBAYCANIN İLK XÜSUSİ XİDMƏT QURUMU – QORÇU TƏŞKİLATI
3-05-2022, 08:43
Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 23 il ötür.
Ot öz kökü üstə bitər!
XVII əsrdə Azərbaycan Səfəvilər dövlətində olmuş bir avropalının əsərində diqqətimizi maraqlı bir məlumat cəlb etdi:
Gürcü knyazı Luarzab gəlib (qızılbaşlara) təslim oldu. Şah I Abbas knyazı dostcasına qəbul etdi, onunla yaxşı davrandı, təntənə ilə taxta əyləşdirdi. Bu, gürcüləri qılınc işlətmədən yola gətirmək üçün ən yaxşı üsul idi.
Ona gözəl hədiyyələr verdi. Hədiyyələr arasında daş-qaşla bəzədilmiş bir cıqqa var idi. Şah I Abbas əmr etdi ki, knyaz Luarzab bundan sonra onun qəbuluna gələndə bu cıqqanı taxsın. O, dedi: “Bu cıqqa şahlıq rəmzidir.
İstəyirəm ki, o, həmişə başınızda olsun. Görənlər bilsinlər ki, şahsınız”. Tiflisdən yola düşdüyü gün Şah I Abbas Luarzaba dedi: “Tiflisdən 8 lyö məsafədə dayanıb ordunu qabağa buraxacağam. Məni ora qədər ötürmək istəyirsən?".
Bu, əslində, knyazı taxtından düşürmək üçün hazırlanmış tələ idi. Luarzab heç bir narazılıq etmədən onunla getdi. Şah I Abbas özünün mühafizə dəstəsində xidmət edən, (bacarığına görə) dünyada yeganə olan məşhur və peşəkar oğruya əmr etdi ki, knyaz Luarzabın cıqqasını oğurlasın. Əmr yerinə yetirildi. Luarzab şahın yanına gələndə əlahəzrət ona dedi: “Luarzab, cıqqa hanı? Sənə əmr etməmişdim ki, həmişə bu şahlıq nişanını özünlə gəzdirəsən?”
– Əlahəzrət, – deyə Luarzab cavab verdi, – cıqqanı oğurlayıblar, onu tapmaq ümidimi itirmişəm. Dünəndən bəri adamlarımın hamısını cıqqanın axtarışına cəlb etmişəm, amma tapa bilmirik.
Şah Abbas qəzəbləndi:
“Necə? Gürcü knyazının cıqqasını düşərgəmdə oğurlayıblar? Baş hakimi, gözətçi dəstəsini, ədalət şurasının sədrini yanıma çağırın!” Bu, onun Luarzabı qan tökmədən ələ keçirmək üçün qurduğu ikinci tələ idi. Beləliklə, gürcü knyazı Luarzabı tutdular.
Göründüyü kimi, Səfəvilərin qorçular təşkilatına keçmiş peşəkar oğruları da qəbul edib onların spesifik bacarıqlarını dövlət mənafelərinin qorunmasına yönəldirdilər. Bu, gələcəkdə ən müxtəlif ölkələrdə gizli əməliyyatların təşkili və keçirilməsi ilə məşğul olan xüsusi xidmət qurumunun istifadə etdiyi bir vasitə olacaqdı.
Səfəvi tarixindən başqa bir epizoda nəzər salaq: Əfqan hökmdarı Şir xanla savaşda məğlub olmuş türk imperatoru Humayunu hamı – hətta ən yaxın dostları, qohumları və saray əyanları tərk etmişdilər.
1544-cü ildə Humayun ailəsi və xidmətçiləri ilə Səfəvi sarayına sığınmışdı. Şah I Təhmasib onu hörmətlə qarşılamışdı. Budaq xan Qacarın və Şahverdi bəy Ustaclının başçılıq etdiyi 12.000 qorçunu onunla Hindistana göndərmişdi.
Şahın qorçuları Şir xanın ordusunu darmadağın etmişdilər. Humayun yenidən taxt-tacına sahib olmuşdu.
Buradan isə aydın olur ki, dövlət başçısının mühafizəsini təşkil və təmin edən Səfəvi qorçuları nəinki ölkə daxilində, həm də xaricdə xüsusi əməliyyatlar keçirir, şahın məxfi tapşırıqlarını yerinə yetirirdilər.
Apardığımız araşdırma göstərir ki, qorçular müharibə zamanı ən ağır döyüşlərdə iştirak etməklə yanaşı, bir sıra spesifik funksiyaları da icra edir, şəhərlərdə, vilayətlərdə ictimai asayişin və təhlükəsizliyin keşiyində dururdular. Hərbi əməliyyatlar zamanı qoşun hissələri arasında məlumat mübadiləsi də qorçular vasitəsilə həyata keçirilirdi. Qorçubaşı dövlətin yeddi sütunundan biri sayılırdı.
Yeri gəlmişkən, belə bir fakt da oxucularımız üçün maraqlı ola bilər ki, Buxara xanlığında vəzifəli şəxslərin mühafizəçilərini qorçu adlandırırdılar.
Qeyd etmək lazımdır ki, qorçu sözü özündə “qoruq”, “qorumaq”, “qoruyucu” anlayışlarını bildirməklə yanaşı, həm də “gizli” və ya “məxfi” mənasını ehtiva edir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edə bilərik ki, Səfəvi xanədanının “Qorçular”¬ təşkilatı Azərbaycanın ilk məxfi xidmət qurumu olmuşdur.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az