Azərbaycanda İslamlaşma - Kim bu prosesə təkan verdi?

4-05-2022, 08:58           
Azərbaycanda İslamlaşma -
Xürrəmiliyin meydana gəlməsi
Türk ölkələrinin İslam dini ilə tanış olması fərqli tarixi proseslərə təsadüf edir. Bu mənada, türklərin İslam dinini qəbul etməsi üç başlıca istiqamətdə gerçəkləşmişdir:
1. Müsəlman orduları tərəfindən ələ keçirilən türk ölkələrinin (Azərbaycan, Xorasan, Bəlx və Şərqi Türkistan) İslam dinini qəbulu;
2. Xilafət rejimində məmlük (təhsilli ordu) olaraq xidmət edən türklərin Abbasi dövlət sisteminin bir parçası olaraq müsəlman hakimlərə çevrilməsi və onların idarə etdikləri əyalətlərdə öz müsəlman-türk dövlətlərini (Sacilər, Tulunilər, Qəznəvilər, Simcurilər və d.) yaratması;
3. Bəzi türk dövlətlərinin (Volqa Bolqar xaqanlığı və Qaraxanlı) İslam dinini könüllü şəkildə rəsmi din olaraq seçməsi.
Ələ keçirilən türk ölkələri arasında islamın yayılmasının bir neçə əsas səbəbi vardı.
Birincisi, Raşidi xəlifələri (632-661) dövründə geniş xalq kütlələrini təzyiqlərdən və ağır vergi mükəlləfiyyətlərdən xilas edən islami vergi sistemi sadə insanların bu inancı qəbul etməsini asanlaşdırdı. Müsəlman olmadıqları halda cizyə verən bu kütlə, müsəlman olduqdan sonra, sadəcə, illik məhsulun onda bir hissəsini dövlət xəzinəsinə verməklə, qalan məhsulu sərbəst satmaq və istifadə etmək haqqına sahib oldular.
Əməvilər dövründə bu prinsiplər pozulsa da, təməl olaraq varlığını yenə də qoruyurdu.
İkincisi, köçürmə siyasəti idi. Xüsusilə, xilafət rejimindən narazı qalan müsəlman ərəbləri dövlət ucqar bölgələrə köçürməklə onların mərkəzdən uzaq olmasını özü üçün çıxış yolu hesab edirdi.
Həmin narazı kütlə ilə yerli əhali arasında yaranan ünsiyyət islamın bölgələrdə sürətlə yayılmasına yol açdı. Əməvi xilafəti dövründə Xorasan və Azərbaycana köçürülən, əksəriyyəti əhli-beyt tərəfdarı olan müsəlmanlar sonrakı mərhələdə həm yerli xalqların müsəlmanlaşmasına şərait yaratdılar, həm də onların xilafətə qarşı etirazlarında təşkilati rol oynadılar. Belə ki, həmin qüvvələr xilafətə qarşı yerli xalqların sosioloji-mənəvi dəstəkçiləri idilər.
Bunun nəticəsində, VIII əsrin ortalarında Azərbaycan, Xorasan, Bəlx kimi böyük əyalətlərdə dini-sosiolojiial hərəkətlənmələr və etirazlar yüksəlməyə başladı. Əvvəl Xorasanda, daha sonra Azərbaycanda təsirli olan xürrəmilik həmin etirazların ən güclüsü idi.
İdeya olaraq məzdəkilik, maniheist inanclarla yanaşı, müslümiyyə kimi islamın ilk qnostik inanc təlimlərindən təsirlənən xürrəmilər üsyanının uzun müddət təsirli olmasının əsasında həmin amillər dururdu. Sonrakı mərhələdə həmin güclər zeydi, şiə, ismaili kimi inanclara mənsub yerli dövlətlərin yaranmasında da rol oynadılar.
Üçüncü olaraq, İslamın yüksək təhsil orqanları olan mədrəsələr və alimlər tərəfindən yayılması idi.
İslam cəmiyyət sistemində sinif və silk anlayışının olmaması çox sayda insanın təhsil vasitəsilə yüksək savad almasının və dövlət məmuriyyət sisteminə daxil olmasının yolunu açdı. Bəziləri elm adamı (fəqih, ravi, filosof və b.) olaraq mədrəsələrdə dərslər verməyə və ya ədalət sistemində (qazı) çalışmağa başladılar. İslam dövründə çoxlu mədərəslər açıldı.
Demək olar ki, hər şəhərdə və qəsəbədə ən azı bir məscid və mədərsə mövcud idi. Belə elm ocaqları türk ölkələrində də kiafyət qədər vardı.
Bəlx, Nişabur, Mərv, Rey, Gəncə, Şamaxı, Beyləqan, Mağara, Zəncan, Naxçıvan mədrəsələri yetişdirdikləri böyük elm adamları ilə məşhurdur. Çox sayda türk alimi başda xilafət paytaxtı Bağdad olmaqla Fustat, Şam, Kufə, Məkkə, Mədinə, Nişapur kimi şəhərlərdə elmi-ədəbi fəaliyyətlərlə məşğul olub ad çıxardılar.
Həmin ədib və alimləri elmi təşkilatların və cərəyanların yaranmasında rol oynadılar. Əməvi xəlifələrinin izlədiyi ərəb qövmiyyətçi zehniyyətini tənqid edən şubiyyə belə ədəbi cərəyanlardan biri idi.
Nəticədə, geniş İslam coğrafiyasında ət-Türki künyəsi daşıyan yüzlərlə fəqihə, müfəssirə, mühəddisə, mütəkəllimə, raviyə və qarilərə rastlamaq mümkün idi. Bu alimlər dünya səviyyəsində elmi, dini, fəlsəfi və astronomi əsərlərə imza ataraq, İslam mədəniyyətinin inkişafında silinməz izlər qoydular.
Fərabi, İbn Sina, Biruni, Bəhmənyar kimi alimlərlə yanaşı, Fəth ibn Xaqan, əs-Suli kimi yüksək təhsilli dövlət adamları İslam mədəni kimliyinin yaranmasında böyük rol oynadılar.
“Azərbaycan - Milli Kimliyin Tarixi Məsələləri” toplusu
Əkbər Nəcəfin “Azərbaycan Tarix Metafizikası” məqaləsindən
Teref/az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.