Filosoflar gəmisi - İradə TUNCAY yazır

5-05-2022, 11:11           
Filosoflar gəmisi -
İRADƏ TUNCAY

Görünür tale məsələsidir – zamanla təkrar olunur. Rusiya azacıq qalxınmağa başlayanda bir zərbə mütləq gəlir və eyni istiqamətdən gəlir. Qərb hər zaman buna hazır dayanıb – layihə hazırdı hər zaman. Çarlıq üsulu yıxılanda Lenin adlı avantüristi topluma yedirtmək lazım idi. Heç bir dəyişikliyə imkan verilmədi və Lenini hər vəchlə təchiz etdilər kapitalla... Lenin də para verənlərin sözündən çıxa bilmədi – dediklərini həyata keçirdi... Əvvəl Vətəndaş müharibəsini başlatdılar. Hər iki tərəf silah və ərzaqla təmin olundu. Və “siz savaşa, biz tamaşa” prinsipi çalışmağa başladı. Ölkənin ağıllı, zadəgan, köklü nəsilləri sıradan çıxarılmağa başladı. Aşağı zümrələr isə aclıqdan qırıldı. Azacıq etiraz, asi, müxalif düşüncə qəbuledilməz hala gəldi.

Öncə ÇK (çrezvıçaynaya komissiya) repressiya maşınını işə saldı, sonra isə zaman öz işini gördü.

1922-1923-cü illər arasında adamları məcburi şəkildə ölkədən çıxarmağa başladılar. Lenini qəzəbləndirən Qərbin oyunları idi – “aclıq çəkənlərə yardım” adı altında ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələr daxil olurdu və nə şəkildəsə bunlardan qurtulmaq lazım gələcəkdi. İlk olaraq gəmi və qatar yolu ilə göndərdilər. Simvolik olaraq “ Filosoflar gəmisi” adlandırılırdı... Pulsuz, parasız... Amma ilk gedənlərin taleyi müqayisədə daha uğurlu oldu... Leninin ölümündən sonra isə Stalinin mövqeyi güclənməyə başladı və zamanla baş verənlər məlumdu... Nə qədər qırğınlar yaratsalar da, yenə köklü şəkildə silə bilmədilər rus ruhunu. Bolşeviklər “beynəlmiləl” zümrəyə aid idi. Və bu yığma toplum xalqın taleyini, taleyüklü məsələləri adamları ölkədən qovmaqla, sonra isə kütləvi edamlarla həll edirdi... (Yenə adamlar Rusiyadan qaçır)... İmperiya iddiası Qərbi narahat edir. Fərq eləmir – yenə qalxır Rusiya. Bu dəfə SSRİ adı ilə. İkinci Dünya Müharibəsi ərəfəsində də yüksəliş başlamışdı... Savaş, itkilər, dağıntılar və yenidən sıfırdan başlamaq... Sıfırı qaldıra bilmək bacarığı var... Bəlkə də səbəb çoxmillətli toplumun birlikdə var ola bilməsidir. Hər halda “Filosoflar gəmisi”ylə ölkədən köç edənlər həm ölkəni boş qoydu, həm də getdikləri yerdə ölkənin emissarı olmağı bacardılar... Ən qüdrətli, ən çevik xüsusi xidmət orqanları yarada bildilər.

***

...1954-cü ilin payızında Norveçdən bir xanım SSRİ-yə gələn nümayəndə heyətinə başçılıq edir. Xanımı gəzdirirlər – gördükləri onu heyrətləndirir... Asfalt salan, yer qazan, yük daşıyan qadınları gördükcə etiraz edir – sizin bu qadınlara verdiyiniz bərabər hüquq budumu? Ona izah edirlər ki, müharibə yenicə bitib, kişilərin çoxu həlak olub, qadınlar məcburdu bu işləri görməyə. Rəsmi görüşlər bitəndə onu ölkənin gəzməli yerlərinə aparırlar və təbii ki, onları KQB-nin xüsusi qrupu müşayiət edir. Bu qrupun içində göyçək cavan oğlan da olur. Romantik bir ortam – Sevan gölünün sahilində həzin payız axşamı, günəş qürub edir və iki nəfər sahildə dayanıb. Qadının üşüdüyünü hiss edən kişi pencəyini onun çiyninə salır. Xanım minnətdarlıqla onun əlini sıxır, vəəəəə...... Ardını özünüz bildiniz ... Verna Herhardsen kimə təslim olduğunu anlamışdımı? Hər halda siyasətçi xanımı belə məsələlərdə daha məsuliyyətli ola bilərdi... Yəqin rəsmiyyətdən bezib və özünü hadisələrin axarına buraxmaq istəyib. O da insandı, hissləri var... Moskvadan Osloya qayıdanda xanım Yevgeni Belyakovdan (KQB zabitinin adı belə olur) xahiş edir ki, onu unutmasın və yanına gəlsin. Zabit izah eləməyə çalışır ki, özbaşına deyil, dövlət işindədi, amma cəhd edəcək... Bir il sonra xanımın əri Eynar Herhardsen Norveçin Baş naziri olur. Sovet kəşfiyyatı üçün bundan gözəl nə fürsət ola bilər??? Zabit "cəhd" edib Norveç səfirliyində ikinci katib vəzifəsinə gəlir. Və xanıma deyir ki, birlikdə keçirdikləri bütün anları çəkiblər, bundan sonra onların dediklərini eləmək lazım gələcək )))) Amma özünün bundan xəbəri olmayıb yəni… Təsəvvür edin də - Sovet səfirliyinin əməkdaşları bütün görüşlərə dəvət alırlar, ən istəkli qonaq olurlar Baş nazirin evində... Hətta NATO-nun önəmli şəxslərinə yol tapırlar (nəzərə alaq il 1955 və soyuq müharibə tüğyan edir). Xruşşova məruzə olunur ki, Baş nazirin iş otağına dinləmə cihazı qoya bilərlər. Amma o qəti etiraz edir, deyir birinci şəxslərə bunu eləmək olmaz… Ancaq Amerika səfirliyinə gedən naqilə dinləmə cihazı qoşulur. Bu arada sevgi macərası tam sürətlə davam edir. Oğlan çox boy-buxunlu olduğundan onu baqajda gizlədə bilmirlər və qadınla görüşə xüsusi düzəldilmiş oturacaqda gətirirlər. Azacıq təhlükə hiss edəndə görüş təxirə salınır. Yazılanlara görə, münasibətlər çox adi səbəbdən bitir – oğlan içib arvadını döyürmüş və bu səs-küy səfirlik əməkdaşlarını narahat etdiyindən şikayət olunur. Zabiti geri çağırırlar... Yəqin ki Norveç kəşfiyyatı bu münasibətlərdən şübhələnirmiş... Amma fakt olmayıb əllərində... Hər halda romantik birinci ledinin sevgi hekayəsi Sovet kəşfiyyatına nə qədər yardımçı olub...

Bir az şəxsi fikirləşdim... Gör bizim kəşfiyyatçının əlindən nə qədər belə qadınlar keçibeeee…

***

Bəzən yaradılan nağıllar həddən artıq gözəl olur... O qədər gözəl ki, şübhələnirsən. Hətta nağıl kimi ölkələrdə yaransa belə... Hazırlayırlar bir gözəli, ulduzlaşdırırlar, Oskar verirlər... Sonra şahzadə yapırlar. De Qoll dikbaşdı. Yola gəlmir. Kennedi fransız dilini öyrənməyə başlayır, xanımı da fransız əsillidi zatən... Şahzadə xanımdan da istifadə edirlər... Alınmır. Və Fransada iğtişaşlar başlayır... De Qoll istefaya gedir. Oxuyanlar bilir, bilməyənlər də oxuya bilər... Nağıl isə şahzadə xanım haqqında idi. Gərək olanda, vaxtı gələndə nağıl kimi qəza da yaradırlar. Qreys Kellinin nağılı bitir. Sonra Diana üçün də yaratdılar və bitirdilər... Bütün nağılların bir müəllifi var... Bəzən də müəllif qrupu. Müəlliflər qrupunun içində mütləq KQB də olur.
Happy end olmayan nağıl...

İkinci Dünya Müharibəsindən sonra dünyada belə nağıllar çox yaşanıb...

Səbəb nə oldu çöküşə? Qarşı tərəfin dirənməyi? Ya İmperiya iddialarının güclənməsi? Bu iddialar məhv edir onları. Amma inanmıram KQB nağılı bitəcək. Ölkənin başında duran yaradır bu mifləri. Xalqlar dostluğu xalqlar həbsxanasına döndü... Xalqın özü isə qeyri-fəlsəfi tərzdə qaçır ölkədən. Dönük adı ilə, filosof yox... Bəlkə yeni agentura şəbəkəsi yaranacaq yenə?

***


Yevgeni Şvartsın əsəri əsasında bir film çəkib Mark Zaxarov – «Əjdahanı öldürmək». Qısacası belədi. Bütün günü özünü xoşbəxt göstərən şəhər əhalisinə bir əjdaha qənim kəsilir. Lanselot adlı bir cəngavər əjdahanı öldürmək qərarına gəlir. Əjdaha onu yanına çağırıb deyir ki, bunu niyə eləyirsən, görmürsənmi onlar öz hallarından necə xoşbəxtdilər? Mənəviyyatları necə şikəstdi? Lanselot deyir ki, onları şikəst eləyən sənsən, mən səni öldürəcəm və hamı xilas olacaq. Əjdahayla vuruşur və qələbə çalır. Bütün şəhər toy-bayram eləyir və şəhərin burqomisterinə dua eləyirlər ki, əjdahanı o öldürüb. Lanselot deyir ki, axı siz gördünüz, o əjdahanı mən öldürdüm?! İnsanlar cavab verirlər ki, bunu biz evdə deyə bilərik, küçədə yox. Və Lanselot başa düşür ki, insanların hərəsinin içində bir əjdaha var, o, həmin əjdaha ilə mübarizə aparmalı, onu öldürməliymiş. Burda hər adamın içində bir əjdaha var və o əjdahaları bir-bir öldürmək mümkün deyil.


Deyəsən, bunu demək istəyirdim…
ədalət.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.