İnsanların qurban kəsilməsini qadağan etmiş Böyük Dara maday idimi?
21-05-2022, 08:38
Tarixdən məlumdur ki, qədim azərbaycanlılar (madaylar) ən azı e.ə. VII–VI əsrlərdən üzü bəri tək Tanrıya etiqad etmişlər.
Bugün də mövcud olan həmin inanc sistemi Zərdüşt Peyğəmbərin adını daşıyır. “Avesta”ya əsasən, Zərdüşt Peyğəmbərin əsli Turandan (indiki Orta Asiyadan) idi.
IX–XIII əsrlərin İslam müəllifləri isə, onun Azərbaycanda doğulduğunu iddia edirdilər.
Ehtimala görə, bir sıra başqa dinlər kimi zərdüştilik də özünün ilkin formasını, birliyini qoruyub saxlaya bilməmiş, zamanla müxtəlif məzhəblərə bölünmüşdür. Dəyərli oxucuya təqdim etdiyimiz araşdırma məhz bu məsələyə həsr olunmuşdur.
Eramızdan əvvəl I əsrdə əsrdə yaşamış Roma tarixçisi Gnaeus Pompeius Trogusun “Historiae Philippicae” əsərinin XIX kitabında belə bir maraqlı məlumat qeyd olunmuşdur:
“Bu zaman Karfagenə pars çarı Daranın elçiləri gəldilər. Onlar özlərilə çarın fərmanını gətirmişdilər. Dara karfagenlilərə əmr edirdi:
- İnsanları (tanrılara) qurban deyib öldürmək qadağandır;
- İt əti yemək olmaz;
- Ölüləri torpağa basdırmaq yox, yandırmaq lazımdır.
Karfagenlilər dərhal tabe oldular ki, Dara Karfagenin ona qarşı çıxdığını güman etməsin”.
Qeyd. Sözügedən məlumata diqqət yetirməyimizin səbəbi odur ki, Mada (Azərbaycan) e.ə. 550–330-cu illərdə Əhəmənilər imperiyasının üç əsas vilayətindən biri olmuşdur.
Bu dövlətin paytaxt şəhərlərindən biri – Akbatan (indiki Həmədan) Azərbaycanda yerləşirdi.
Beləliklə, Daranın bu fərmanı nəinki Karfagen və Parsada, həm də Madada (Azərbaycanda) yürüdülən dini siyasət, zərdüştiliyin həmin dövrdəki vəziyyəti barədə müəyyən təsəvvürlər yaradır.
Böyük Dara (e.ə. 550–486) Əhəmənilərin ən qəddar və məkrli hökmdarlarından biri idi.
O, Böyük Küruşun (e.ə. 567–530) oğlu Şah II Qambucanı (e.ə. ?–522) hiylə ilə qətlə yetirmiş, sonra onun kiçik qardaşı Şah Qaumata Bardiyanı (e.ə. ?–522) öldürmüş, ardınca isə sui-qəsdin digər iştirakçılarını aldadıb taxt-tacı ələ keçirmişdi (e.ə. 522–486).
Parsa, Mada və Parfiyada Şah Bardiyanın tərəfdarlarına qarşı hərbi əməliyyatları (e.ə. 521–516) xüsusi amansızlıqla aparmış, dəhşətli qırğınlar törədib onlara qalib gəlmişdi.
Bununla yanaşı, maraqlıdır ki, “Tövrat” onu müdrik və ədalətli dövlət başçısı, yəhudilərin himayədarı və xeyirxahı kimi təqdim edir. Digər maraqlı cəhət isə budur ki, Böyük Küruşu pars şahı kimi göstərən “Tövrat” Böyük Daranı birmənalı olaraq madalı və ya maday (midiyalı) adlandırır.
Halbuki tarixi faktlara əsasən, Böyük Küruş Mada şahı Astiaqın qız nəvəsi idi. Onun uşaqlığı da Mada ölkəsində keçmişdi. Böyük Küruşun uzaq qohumu Böyük Dara isə yunan salnamələrinə görə, təmiz pars olmuşdur.
Lakin görünür, bizə bəlli olmayan hansısa səbəbə görə, qədim yəhudilər Böyük Daranı madalı və ya maday hesab edirdilər. Amma onu da nəzərə almalıyıq ki, tarix elmi “Tövrat”ı mənbə kimi qəbul etmir.
Qeyd. E.ə. VII–IV əsrlərdə Midiya ölkəsi dedikdə, indiki Azərbaycan, tarixi Xorasan vilayəti, Türkmənistanın bir hissəsi və Özbəkistanın Xarəzm bölgəsi nəzərdə tutulurdu.
Haşiyə. Mad, Mada, Maday, Matay (qədim Midiyanın və Midiya xalqının adı) – Madabad (İranın Zəncan və Həmədan ostanlarında iki kənd) – Madius (e.ə. 625-ci ildə Mada şahı Uvaxştra ilə mübarizədə həlak olmuş saka hökmdarı) – Madya (İranın Ərdəbil ostanında kənd) – Maday (“Tövrat”a görə, Nuh oğlu Yafəsin oğlu) – Matay (qazax xalqının nayman tayfasının bir qolu) – Matay (Qazaxıstanın Almatı vilayətinin Aksuy rayonunda kənd) – Matay (RF-nin Xabarovsk diyarında çay) – Madi-kası, Mati-kası (RF-nin Çuvaşıstan Respublikasının Çeboksar və Morqauş rayonlarında iki kənd).
Böyük Daranın it əti qadağası Zərdüşt dininin bu heyvana münasibətilə izah oluna bilər. Zərdüştilər köpəyi, iti az qala insana bərabər tuturdular. Məsələn, Zərdüşt təliminə görə, dəfn prosesində ən azı iki nəfərin iştirakı şərtdir.
Əgər ikinci adamı tapmaq mümkün olmasa, onu it əvəz edə bilər. Bu dinin ardıcılları inanırlar ki, it şər ruhları – divləri görür, onları qovur. Amma canavara münasibət fərqlidir, zərdüştilər onu şər qüvvənin – Əhrimənin köməkçisi hesab edirlər.
Köpəyə belə bir münasibət ilk baxışdan Böyük Daranın zərdüşti olduğunu göstərir. Amma gəlin nəticə çıxarmağa tələsməyək... Karfagenlilərə göndərilmiş fərmanın üçüncü bəndi bu fikri inkar edir.
Belə ki, zərdüştilikdə dəfnin özünəməxsus qaydaları vardır. Lakin bu qaydaların heç biri ölünün yandırılmasını nəzərdə tutmur. Zərdüşt dininə görə od müqəddəsdir. Üzə niqab taxmadan oda yaxınlaşmaq, təmiz olmayan fikir və əşyalarla onu murdarlamaq olmaz.
Böyük Daranın kremasiya barədə əmrini nəzərə alaraq, belə bir fərziyyə irəli sürə bilərik ki, Əhəməni şahı zərdüştiliyin bizə məlum olmayan formasına və ya məzhəbinə etiqad etmişdir. Ehtimal ki, Böyük Daranın dini baxışları Böyük Küruşun dinindən də fərqlənirdi.
Çünki Böyük Küruşun Nəqşi-Rüstəmdə yerləşən sərdabada kremasiya olunmadan dəfn edildiyi bəlli bir faktdır. Düzdür, Böyük Daranın tam fərqli formaya malik sərdabası da elə həmin Nəqşi-Rüstəmdədir.
Lakin biz bir məsələni dəqiq bilmirik: Bu sərdabada Böyük Daranın bədəni dəfn olunmuşdur, yoxsa külü?
Bugün Hindistanda dəfnin əsas formalarından biri kremasiyadır. Keçmiş zamanlarda isə ellinlər, qədim romalılar, qədim türklər, vikinqlər və moğollar bu üsuldan geniş istifadə etmişlər.
Nəticə. Qeyd olunanlar onu göstərir ki, Azərbaycan xalqının qədim inancı olan zərdüştilik tarix boyunca bir neçə dəfə kənar təsirə məruz qalmış, bu dinə zaman-zaman yeniliklər (bidətlər) gətirilmişdir.
Zənnimizcə, zərdüştilik ilk dəfə məhz Əhəmənilərin IV şahənşahı Böyük Daranın dövründə təhrifə uğramışdır.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az