Amerikanın 4 milyard dollar sərf etdiyi “siklon” əməliyyatı:

21-05-2022, 12:15           
Amerikanın 4 milyard dollar sərf etdiyi “siklon” əməliyyatı:
Ən yani tarix. Maraqlı faktlar.
1979-cu ilin dekabr ayında sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsi SSRİ və ABŞ arasındakı münasibətləri kəskinləşdirərək amerikalıları da əks tədbirlərə əl atmağa məcbur edib. ABŞ prezidenti Çimmi Karter SSRİ-nin Əfqanıstana qoşun yeritməsini dünya üçün təhlükə sayaraq Kremllə bütün sahələrdə əlaqələri məhdudlaşdırıb. Hətta o, amerikalı fermerləri üçün olduqca sərfəli olan SSRİ-yə taxıl satışını da dayandırıb.
Təbii ki, Kremlin mövqelərini Əfqanıstanda zəiflətmək üçün ABŞ ilk növbədə əfqan mücahidlərinə dəstək verməyi zəruri sayıb və Əfqanıstanda antikommunist qüvvələrinə maliyyə proqramı hazırlanıb. Əfqan mücahidlərini maliyyələşdirmək, silahlandırmaq məqsədilə Karter şərti adı “siklon” olan əməliyyatın hazırlanmasına imza atıb. “Siklon” əməliyyatının icrası ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə həvalə olunub.
“Siklon” əməliyyatı proqram xarakterli olaraq 10 il davam edib və bu əməliyyat Mərkəzi Kəşfiyyat İdarəsinin ən “bahalı” əməliyyatı sayılıb.
İlk illərdə əməliyyata sərf olunan illik vəsait 20-30 milyon dollara çatıb. 1987-ci ildə isə bu rəqəm 630 milyona qalxıb.
1981-ci ildə Ronald Reyqanın hakimiyyətə gəlişindən sonra əfqan mücahidlərinin silahlandırılması daha da sürətlənib. Ronald Reyqan Cimmi Karterin Əfqanıstandakı sovet qoşunlarına qarşı mübarizəsini “olduqca zəif” kimi dəyərləndirib.
“Siklon” proqramı çərçivəsində əfqan müxalif qüvvələrinin silahlandırılmasını Reyqan özünə ən yaxın saydığı yüksək çinli məmurlara həvalə edib. Bu əsas simalardan biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, prezident seçkilərində Reyqanın seçki qərargahına rəhbərlik etmiş Uilyam Keysi olub. Məhz Uilyam Keysi Pakistan və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələr yaratmağa nail olaraq “yardım”ları onların vasitəsi ilə əfqan mücahidlərinə çatdırıb.
Əfqanıstan məsələsində ikinci əsas sima ABŞ Konqresinin Texas ştatından olan üzvü Çarlz Uilson sayılıb. Uilson ABŞ-dakı Əfqanıstan lobbisini dəstəkləyən konqresmen kimi tanınıb.
Amerikalı jurnalist Corc Krayl “Çarlz Uilsonun müharibəsi” adlı kitabında qeyd edib ki, konqresmen rusları məhv etmək üçün ən optimal yolu əfqan mücahidlərini silahlandırmaqda görüb və buna görə bütün rəsmi və qeyri-rəsmi imkanlarından istifadə edib.
“Sikon” proqramında maliyyə və silahlandırma ilə yanaşı əfqan mücahidlərinin döyüş hazırlığının artırılması da nəzərdə tutulub. On minlərlə əfqan mücahidi amerikalı peşəkarlardan silahdan istifadə, fiziki və hərbi hazırlıq dərsləri, təlimləri keçiblər.
Mərkəzi Kəşfiyyat İdarəsi mücahidlər arasında təbliğat məsələsinə də xüsusi diqqət yetirib. Qatı antikommunist təbliğatı mücahidləri sovet hərbçilərinə qarşı daha amansız edib.
Dəfələrlə Əfqanıstanda ezamiyyətdə olan yazıçı Forsayt müəllifi olduğu “Əfqan” kitabında mücahidlərin sovet hərbçilərinə qarşı amansız münasibətinə xüsusi yer ayırıb:
“Əfqan mücahidləri sovet hərbi kontingentinin təyyarəçilərinə qarşı daha amansız idilər. Onlar ələ sağ düşən sovet təyyarəçilərinə ən ağır işgəncələri verirdilər. Sağ qalan təyyarəçilərin qarın nahiyəsi kəsilir, sonra onları səhraya atırdılar. Saatlar ərzində bütün daxili orqanları çölə tökülən bu hərbçiləri seyr etmək mümkün deyildi. Bəzən isə sovet hərbçilərini qadınlara verirdilər ki, dərilərini soysunlar. Əlbəttə, bunlar inanılmaz görünə bilər, amma bu cür hallar Əfqanıstan müharibəsində adi hala çevrilmişdi...”
Qərb mətbuatı əfqan mücahidlərini bir çox hallarda xeyirxah, öz haqqını tələb edən təbəqə kimi təqdim etsə də, mövcud dövrdə Əfqanıstanda olan jurnalistlər onları tam fərqli və olduqları kimi ictimaiyyətə tanıdıblar. İtaliyalı jurnalistin Əfqanıstandan qayıdandan sonra qələmə aldığı yazı çoxlarını təəccübləndirib:
“Əlbəttə, yəqin ki, avropalılar mənə inanmayacaqlar. Amma mən gördüklərimi yazıram. Sovet hərbçilərindən əsir düşənlərə verilən işgəncələri sözlə ifadə etmək olduqca çətindir. Əvvəlcə onların, 18-19 yaşlarında olan sovet əsgərlərinin əllərini, sonra isə ayaqlarını mişarla kəsirdilər. Daha sonra əsir düşənlərin başları kəsilirdi və kəsilən başla futbol oynayırdılar. Ən ağılasığmaz faktlardan biri isə kəsilən əllərin, ayaqların bazarlarda satılması idi. “Müştəri”lərn bu “malları” hansı məqsədlə almasını isə anlaya bilmirdim. Bəzən 10-15 əfqan mücahidi növbə ilə bir rus əsgərini zorlayırdılar. Bəli, bu dəhşətli işgəncələrə son deyən yox idi...”
10 il ərzində ABŞ-ın “siklon” proqramının icraçıları əfqan mücahidlərini məhz bu cür antikommunist ruha kökləyiblər. Ümumilikdə isə amerikalılar “siklon” əməliyyatına 4 milyard dollar vəsait xərcləyiblər.
Sovet hərbi kontingenti Əfqanıstandan çıxarıldıqdan sonra ABŞ “siklon” proqramını dayandırıb. Bununla yanaşı Amerika hökuməti Pakistandakı əfqan qaçqınlarına etdiyi yardımı da xeyli azaldıb. Belə nəticəyə gəlmək olar ki, milyardlıq “siklon” əməliyyatı Əfqanıstana deyil, elə birbaşa SSRİ-yə qarşı yönəlib.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.