"Öz ismətlərini, namuslarını qoruyan qızlarımız heç nədən çəkinmədən özlərini ölümün ağuşuna atırdılar."- Gəncə üsyanı FOTO
23-05-2022, 10:18
”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı. Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular.
Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyxli Cahangir bəy, Qaçaq Qəmbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Gəncə üsyançıları bütün çətinliklərə baxmayaraq mətinliklə mübarizə aparırdılar. Lakin Gəncədə yaşayan ermənilər şəhər əhalisinə xəyanət etdi.
Məhz bu xəyanətin nəticəsində üsyan amansızlıqla yatırıldı. Şəhərdən qaçmaq istəyən insanların bir yolu var idi. Onlar Quşqara çayını keçməli idilər. Üsyan günlərində elə bil təbiətdə Gəncədən üz döndərmişdi. Birinci dəfə idi Quşqara cayının belə daşdığının şahidi olurdum. Amansız sel minlərlə insanı öz ağuşuna alıb aparırdı. Xilas olmaq istəyən qız gəlinlər düşmənə təslim olmamaq üçün özlərini çaya atırdılar. Öz ismətlərini, namuslarını qoruyan qızlarımız heç nədən çəkinmədən özlərini ölümün ağuşuna atırdılar. Bu mənzərəni görmək çox dəhşətli idi. Üsyan amansızlıqla yatrıldı. Ancaq bu usyanın qığılcımı uzun illər davam etdi.”
Samuxlu Qaçaq Məmmədqasım "Allah Qoruyunca"
Ceyhun Nabi
Teref.az