Növbədə kimdir, görəsən?
24-05-2022, 00:07
Qarşımızdakı cənazə maşını Bibiheybət yamacından ağır-ağır qalxaraq üzü Şıxova tərəf şütüyür. Qadirin xanımı və yaxın qohumları (anası, baldızı və baldızının qızı) ilə birgə eyni avtomobildəyik. Sükanı idarə etmək mənə heç zaman bugünkü kimi çətin olmamışdı; elə bil dünyanın qəm yükünü çiyinlərimdə daşıyıram... Hamımız səssizik, gözümüz üzü Lənkərana doğru yavaş-yavaş sürət götürən cənazə maşınına zillənib. Sükutu Qadirin qaynanası pozur. Mərhum kürəkənini çox istədiyindən, xəstəliyindən, müalicəsindən danışmaqla, qızının - Qadirin həyat yoldaşının hıçqırtılarını “ört-basdır” etmək istəyi aydın sezilir: “...insanları xəstəliklər öldürmür, vaxtı-vədəsi gələndə bu dünyadan Axirətə köç edir, həm də vaxtında: nə bir gün tez, nə də bir gün gec... Bu, bir Quran kəlamıdır”. Peyğəmbərimizin (s) “xəstəliklər günahların kəffarəsidir” kəlamını xatırladıram: “Qadir bəlkə də bütün günahlarının kəffarəsini son bir ildə çəkdiyi acılarla, ağrılarla ödəmiş oldu”.
* * *
Qadir İbrahimlini mayın 18-də axşam saatlarında, son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirmişdilər. Həm də kəskin qara ciyər sirrozu diaqnozu ilə...
Mayın 19-u səhər xəstəxanaya getdim, mərhum dostumuzun səhhəti ilə bağlı ilk informasiyanı məndən də əvvəl ora gəlib-gedən jurnalist həmkarımız Kənan Rövşənoğludan alıb həyətdə var-gəl edirəm. Hamı Qadirin xəstəxanada və həm də ağır vəziyyətdə olmasından xəbər tutsa da, heç kim yoxdur, təkəm, arada dostlar - həmkarlar zəng vurur, onun vəziyyətini soruşur. Mən də növbətçi həkimlərin hər saatbaşı verdikləri informasiyanı dostlarımızla bölüşürəm: “vəziyyəti pisdir, dəyişiklik yoxdur...”. Bu 4 sözlük cümləni bütün günü hamıya təkrarlayıram, təkcə ailəsindən başqa. Ailəsini ovundurmağa, ümidsizləşməməyə - Qadirin sağalacağına inandırmağa çalışıram.
Axşam olur. Başqa dostlar da gəlir. Əflatun Amaşov, Əliməmməd Nuriyev, Zaur İbrahimli, Mətin Yaşaroğlu, Tural Ağatlı, Kənan Rövşənoğlu, Süleyman İsmayılbəyli, Samir Əli, Laçın Səmla və tanımadığım daha iki nəfər... Hamı Qadirdən danışır, belə olsaydı, elə olardı, elə olsaydı, belə olardı və s.
Zaur İbrahimli ailəsinə düzgün informasiya vermədiyim üçün haradasa məni məzəmmət edir. Evlərinə gedib hər şeyi olduğu kimi söyləyəcəyimi bildirirəm ona. Gedirəm də... Gecə saat 12-yə kimi evdə Qadirdən danışırıq, Nicat Dağlar və xanımı da orda... Nicat yalan danışdığımı hiss edir, məni vəziyyətdən çıxarmaq üçün siqaret çəkmək bəhanəsi ilə bayıra aparır. Eyvanda xeyli söhbət edirik.
Təkrar evə daxil olanda yenə də heç nə deyə bilmirəm. Həqiqəti yalana bürüyüb söyləyə bilməmək istedadına malik olmamağım da məni hədsiz rahatsız edirdi. Öz-özümə “sabah ola, xeyir ola” - deyib, Qadirin evindən ayrılıram.
* * *
Daha ciddi problemimiz də var idi axı. Qadirin qızı Arzu Bursada təhsil alır. Ona necə deyək ki, o çox sevdiyin, səninlə nəfəs alan, hər gün Feysbuk səhifəsində səni oxşayan, əzizləyən atanın vəziyyəti ağırdır, atan ölür... Bu işdə bizə onunla eyni universitetdə təhsil alan Anar Nuriyev (jurnalist Azər Nuriyevin oğlu) çox böyük dəstək oldu. Anar Arzunu mayın 20-si səhər saat 5-də Bursadan İstanbula yola saldı. Təyyarəyə minənə kimi telefonla onu müşayiət etdi, eyni zamanda bizi də xəbərsiz buraxmadı.
Arzu İstanbul-Bakı təyyarəsinə minəndə Qadir artıq xəstəxanada keçinmişdi... Onu Hava Limanından qarşılamağı jurnalist dostumuz Rauf Rəcəbov və qızı Leyla öz üzərinə götürdü... Raufun bu qarşılama zamanı nələr çəkdiyini sözlə ifadə etmək belə mümkünsüzdür.
* * *
Mayın 20-də səhər tezdən (səhv etmirəmsə 07:50) Əflatun Amaşovdan zəng gəlir. Qadirin vəziyyəti ilə maraqlanır, yolda olduğumu, 5-10 dəqiqəyə xəstəxanaya çatacağımı bildirirəm.
Əflatun müəllimin növbəti zəngi isə dostumuzun ölüm xəbəri olur. Əslində, hamı hər şeyi bilirdi. Çünki TƏBİB-in, ardınca da Qadiri müalicə edən həkimin mətbuata açıqlaması ilə onu artıq “öldürmüşdülər”...
Haşiyə: Azərbaycan Mətbuat Şurasının sədri Ə. Amaşova bu işlə yaxından maraqlandığı üçün bir daha təşəkkür edirəm. Həm mayın 19-da saatlarla xəstəxananın qarşısında gözlədi, həkim-mütəxəssis gətirdi, həm də mayın 20-də bütün günü bizimlə bərabər oldu. Ə. Amaşovun Qadirin yaşadığı binanın həyətindəki vida törənində, həm də 3 mərasimi günü Lənkəranda məzar başında bu “vaxtsız ölümə” nə qədər təəssüfləndiyini görməmək mümkün deyildi.
MEDİA rəhbərliyinin diqqəti və qurum adından Natiq Məmmədlinin o kritik saatlarda bizimlə bərabər olması, mərhumun yola salınması prosesində iştirakı təqdirəlayiq idi.
* * *
Əlbəttə, Qadirin xəstəliyi son bir ildə o qədər sürətlə irəliləmişdi ki, biz son iki gündə ona çatıb məlhəm qoya bilməzdik. Zaman artıq öz hökmünü vermiş, geriyə dönüş yolu qapanmışdı. Bu işdə kim idi günahkar? Təkcə, Qadirin özümü? Əlbəttə ki, yox! Dost və həmkarlarının da günah payı yetərincədir, məncə. Biz Qadiri qoruya bilmədik...
Əslində, hamımızın sonu elə Qadir kimi olacaq: kimimiz sirrozdan, kimimiz infarktdan, kimimiz də nevrozdan... öləcəyik. Bilirsiniz niyə? Çünki böyük əksəriyyətimiz elə Qadir kimi yaşayırıq: sosial-iqtisadi vəziyyətimiz, qayğılarımız, xəstəliklərimiz təxminən eynidir.
Son illər yaşı 50-yə çatmayan Zabili, Rəşadı və daha kimləri itirmədik? Və bu gün normal müalicə üçün pul tapmayan neçə-neçə qadirlər, niyazlar abrına qısılıb həkimin yazdığı dərmanların üçünü alanda, beşini ala bilmir... Hamı oliqarx, media maqnatı deyil axı?
Qadirin xəstəxanaya yerləşdirilməsindən ölümünəqədərki iki-üç gün Feysbukun lenti onun fotoları ilə “bəzədildi”. Dostları və həmkarları onunla bağlı xatirələrini bölüşdülər. Və hər şey bitdi, getdi - ömür karvanı gedən kimi...
Baxın dostlar, problem başqadır. Biz nəticədən deyil, səbəblərdən yazmalıyıq. O səbəblər ki, bizim sonumuzu tezləşdirir, həm də faciəli şəkildə... Başa düşürəm yaza bilmirsiniz, daha doğrusu yaza bilmirik. Hamımız, sanki ehtiyacdan birilərinin - məqam sahiblərinin “əsiri”nə çevrilmişik. Özümüzü, gələcəyimizi düşünməyə belə haqqımız - cəsarətimiz yoxdur elə bil. Hamımız bu gün üçün yaşayır, sabahın işıqlı səhərini qorxa-qorxa açırıq.
İstedadlı ilə istedadsızlar arasında sərhəd itib.
Elçin Zahiroğlu bu məqamı “Qadir ağrısı” yazısında çox gözəl qeyd edib:
“Qadir ağırçəkili, kəskin iqtisadi tənqidlər yazan azsaylı jurnalistdən "qhtşnik"ə, sonra sayt rəhbərinə, sonra blogerə, daha sonra status yazana, axırda isə heç nə yazmayana çevrildi. Bəlkə, çevriləndə - aşanda əzilib Qadir? Özü də təkcə qaraciyərindən yox... Əvvəlcə stress və qorxunun səbəb olduğu şəkərə toxunub, sonra ürəyi yerindən oynayıb, qan-damar sistemi sıradan çıxıb, daha sonra isə qaraciyəri laxlayıb və qopub…”
Bəlkə belə deyil? Nə sığortamız var, nə doğru-düzgün gəlirimiz, nə də dövlətdən dəstəyimiz. Hə, deyəcəksiniz ki, dövlət s(b)izə ev verib. Bəli verib, amma təəssüf ki, çoxumuz o evlərdə xoşbəxt ola bilmirik, bir-bir cənazəmiz çıxır o evlərdən. Və beləcə, Qadir kimi qədirsizləşib itirə-itirə gedirik...
Növbədə kimdir, görəsən?
Niyaz Niftiyev