Xruşovun boz adamı – Serovu sıradan çıxaran Brejnev ardınca saray çevrilişi edib.

24-05-2022, 08:04           
Xruşovun boz adamı –
Ən yeni tarix. Maraqlı faktlar.
1954-cü ildə SSRİ-də Dövlət Təhlükəsizliyi Komitəsi yaradılanda İvan Serovun bu quruma rəhbər təyin edilməsi Kreml məmurları üçün gözlənilən təyinat olub. DTK sədri vəzifəsinə bir neçə namizədin adı hallansa da Xruşov ümumiyyətlə təyinat məsələsini müzakirə mövzusuna çevirməyib. O, 12 mart 1954-cü ildə 10 dəqiqə davam edən büro iclasında heç kimə söz vermədən qısa çıxış edib və nitqini aşağıdakı cümlələrlə yekunlaşdırıb:
“Dövlət Təhlükəsizlik Komitəsinin üzərinə çox vacib və məsul vəzifələr düşür. Adından da göründüyü kimi, bu qurum dövlət təhlükəsizliyini təmin edəcək. Mən İvan Serovu komitəyə sədr təyin edirəm. Onun təhlükəsizlik sahəsindəki təcrübəsini və vicdanlı bir kommunist olmasını nəzərə alaraq, ümid edirəm ki, İvan Aleksandroviç partiyamızın və dövlətimizin ona göstərdiyi etimadı doğruldacaq...”
Xruşovun Serova göstərdiyi bu münasibət hamı üçün anlaşılan olub. İlk növbədə Lavrenti Beriyanın zərərsizləşdirilməsində Serov fəallığı ilə fərqlənib. Bu haqda sonralar marşal Georgi Jukov da öz xatirələrində yazıb:
“İvan Serov Xruşovun ən çox güvəndiyi insanlardan biri idi. Onlar hələ müharibədən əvvəlki illərdən yaxınlıq edirdilər. Beriyanın həbs edilməsi məsələsinə Xruşov çox böyük ehtiyatla, daha doğrusu, böyük qorxu ilə yanaşırdı. Sözsüz ki, belə bir vəziyyətdə Serov onun yanında idi. Xruşov yaxşı anlayırdı ki, Beriyanın həbsi zamanı ciddi qarşıdurma yarana bilər. Xüsusilə Beriyanın ştatda olan və olmayan mühafizəçiləri onu narahat edirdi. Məhz bu məsələni də, Beriyanın şəxsi mühafizəsinin həbsini də Xruşov Serova həvalə etmişdi ki, o da bu işin öhdəsindən peşəkarlıqla gəlmişdi. Amma Xruşov sonda ona göstərilən bu sədaqəti tapdalayaraq üstündən keçdi. “Ənənə”sinə sadiq qalaraq Serovu da sıradan çıxartdı...”
1957-ci ildə Molotov, Malenkov, Kaqanoviç (antipartiya qrupu) Xruşovu devirmək istəyəndə saray çevrilişinə cəhdin qarşısının alınmasında Serov növbəti dəfə Xruşova öz sədaqətini nümayiş etdirib.
Ümumiyyətlə, Xruşova qarşı olanlar onun hakimiyyətdən uzaqlaşdırılmasında Serovu əsas manelərdən biri kimi görüblər.
1958-ci ildə Xruşov Serovu Baş Kəşfiyyat İdarəsinə rəis təyin edib. Vəzifə ranqına görə Baş Kəşfiyyat İdarəsinin rəisi DTK sədri vəzifəsindən aşağı sayılıb. Bu fərqin hiss olunmaması üçün Xruşov Serovun komitə sədri üçün nəzərdə tutulan bütün statuslarını saxlayıb.
Xruşov-Serov münasibətlərinin görünməyən tərəfləri də olub ki, bu məsələ Xruşovda ciddi narahatlıq yaradıb. Belə ki, Serov Xruşovun bütün keçmişinə, müharibə faliyyətinə, Stalinə necə əyildiyinə və digər xatırlanması arzu olunmayan işlərinə yaxından bələd olub. Bu mənada Xruşov nə vaxtsa Serovun “danışacağından” çəkinib. Amma onun başqa çıxış yolu da olmayıb. Hakimiyyətdə mövqelərini möhkəmlətmək üçün Serov Xruşova ən lazımlı kadr sayılıb.
1963-cü ildə tərəflərin arasındakı münasibətlərə son qoyulub. Serov vəzifəsindən azad edilib, ordu generalı rütbəsindən general-mayor rütbəsinə salınıb, daha sonra bu rütbəsi də alınıb, partiya üzvlüyündən xaric edilib. Serovun tabeliyində olan bir neçə yüksək rütbəli zabitin ABŞ və Britaniya kəşfiyyatına işləməkdə ittiham ediblər və bunu onun siyasi sayıqlığını itirmək kimi qiymətləndiriblər.
Əslində, bəzi araşdırmaçıların qənaətinə görə, bu iş Brejnev və onun tərəfdarları tərəfindən qurulub. Belə ki, polkovnik Penkovskinin xarici kəşfiyyata işləməsi qəsdən təşkil edilib və belə düşünülüb ki, bu fakta görə Xruşov Serovu öz yaxın ətrafından uzaqlaşdıracaq. Brejnev komandasının planı dəqiqliklə işləyib. Xruşov Serovu nəinki öz ətrafından, hətta Moskvadan uzaqlaşdıraraq Türküstan hərbi dairəsinə komandan müavini vəzifəsinə göndərib. Bununla da, gələcəkdə Xruşovu devirmək planında maneələrdən biri sayılan Serov sıradan çıxarılıb.
Xruşovun devrilməsinə hazırlaşan Brejnev 1957-ci ildəki saray çevrilişi cəhdini dərindən təhlil edib. Xruşova əsas dəstək verənləri aradan götürməmiş bu işə tələsməyib. Jukovun və Serovun müdaxiləsinin mümkünsüzlüyündən sonra o, öz planını rahatlıqla həyata keçirib.
Serov bu hadisələri öz memuarlarında təəssüf hissi ilə qeyd edib:
“Mənə qarşı haqsızlıq edildi. Xruşov mənim illər boyu qazandığım nüfuzu bir dəqiqədə yox etdi. Mən sıradan bir şəxs deyildim. Müharibədən keçmişdim, dövlətçiliyimiz üçün bütün həyatımı sərf etmişdim, Xruşova qarşı olan təzyiqləri aradan qaldırmışdım. Sonda isə Xruşov məni rütbəmdən, Kommunist Partiyasına üzvlükdən, dövlət mükafatlarından məhrum etdi. Bütün bunlara görə o, cavab verməliydi. Cavab isə gecikmədi. Xruşovu Kremldən ağlaya-ağlaya yola saldılar...”
Onu da qeyd edək ki, Xruşov təkcə Serova yox, zamanında ona dəstək olan yüksək çinli hərbiçilərə və məmurlara qarşı da eyni münasibəti sərgiləyib. Yəqin ki, onun acınacaqlı sonluğunun əsas səbəbi də elə budur...
İlham Cəmiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.