İNADKAR - İLAHƏ İMANOVA YAZIR
22-07-2022, 11:28
Ali təhsili olmamasına baxmayaraq, o, fitri istedadı ilə universitet tələbələrindən heç də geri qalmırdı. Burada işlədiyi bu 2 ay ərzində artıq bağ evləri üçün daşdan bir neçə fiqur yonub hazırlamışdı. Onun hazırladıqları burada illərlə işləyən digər təcrübəli ustaların hazırladıqlarından öz zərifliyi, möhtəşəmliyi ilə seçilirdi. Ofis müdiri elə ilk gündən onun istedadını görmüş, bacarığını dəyərləndirmişdi. İş yoldaşı isə dönə-dönə ona “Sənan, bura sənin yerin deyil! Sən öz üzərində çalış, ali məktəbə daxil ol. Sən anadangəlmə istedadsan. Nə vaxta kimi tikintilərdə günəmuzd işləyəcəksən? Emalatxanalarda sifarişlər götürməklə kifayətlənmə! Ali təhsil al, rəssamlığın, heykəltaraşlığın sirlərini öyrən. Gəncsən! Öz bacarığını dəyərləndir, gələcəyini qur!” deyərdi.
Sənan məhv olmuş xəyallarına üzülsə də, xəfifcə gülümsərdi. İş yoldaşının sözləri, düzü, onu həvəsləndirərdi, qəlbinin dərinliklərində yenidən heykəltaraş olmaq arzusu baş qaldırardı. Uşaqlıqdan inadkar olan Sənan bilirdi ki, inadkar insanlar gec, ya tez öz istəklərinə nail olur.
Uzaqdan seyr etdiyi, yaxınlaşmağa cəsarət etmədiyi, Tibb Universitetində təhsil alan qızı düşündükcə, onunla eyni səviyyədə ola bilmədiyindən xəcalət çəkirdi bəzən. O cür qız heç vaxt onun kimisinə gözünün ucu ilə də baxmazdı. Sənan onu düşündükcə köksünü ötürər, özünü ona layiq bilməzdi. Güzgünün qarşısına keçincə isə tamam ayrı düşüncələrə qapılardı. Orada öz əksinə baxar, uzun qızılı saçlarını külək dalğalandıran mavi gözlu qızla özünü yanaşı görər, güzgüdən ona gülümsəyən iri qara gözləri olan yaraşıqlı oğlanı ağ xalatlı qıza yaraşdırardı. Boş vaxtlarında kitab oxumaq, testlərlə maraqlanmaq, ali məktəb tələbəsi olmaq istəyi, həm də özünü qızın qarşısında doğrulda bilmək cəhdi idi.
Müdir Sənanı ayaqda qarşılayıb işçisini qonağına təqdim etdi:
–Sizə bəhs etdiyim işçim, Sənan. -Qonağın təəccüblü baxışları müdirin nəzərindən yayınmadı.-Gənc olmasına baxmayın, çox istedadlı, bacarıqlı oğlandır. Əminəm ki, onun işindən çox məmnun qalacaqsız.
Başdan-ayağa onu süzən qonağın baxışlarından sıxılan Sənan müdirin onu yanına hansı səbəbə çağırdığını anlayıb bir qədər rahat nəfəs aldı. Həyəcanına, narahatlığına baxmayaraq, soyuqqanlılığını, təmkinini qoruyub saxlaya bilmişdi. Gəncliyinə görə bacarığına inamsızlıqla yanaşan qonağın nə sifariş edə biləcəyini özlüyündə təxmin etdi. Xarici görünüşündən, bahalı geyimindən yaxşı vəzifə sahibi, imkanlı biri olduğu bəlli olan müştəri çox güman ki, digər sifarişçilər kimi bağ evi, villası üçün heykəl və ya fiqur sifariş edəcəkdi.
Müdir qonağına gülümsəyib üzünü Sənana tutub dedi:
–Sənan, bu qardaşımızın bir sifarişi var. Şəkildə gördüyün,-qarşısındakı fotonu Sənana uzatdı, - bu qadının büstünü istəyirəm ki, sən hazırlayasan.
Sənan öz bacarıq və istedadına əmin olsa da, müdirin sözlərindən duruxdu. Üzərinə böyük məsuliyyət götürə biləcəyindən əmin deyildi. İstədi xahiş etsin ki, belə bir məsuliyyətdən onu azad etsin. Amma bir az əvvəl onu təəccüblə süzən, bacarığına şübhə ilə yanaşan bu imkanlı müştərinin önündə bu sözləri dilinə gətirməyi özünə yaraşdırmadı. O, bu cür kəslərin qarşısında özünü səriştəsiz biri kimi təqdim edə bilməzdi. Əlbəttə, rəsm olsaydı, ən qısa zamanda sifarişi hazır edə bilərdi. Büst hazırlamaq isə daha çox zaman və əmək, həmçinin məsuliyyət, peşəkarlıq, diqqət tələb edirdi.
–Büst hazırlamaq zaman tələb edir. Eskiz və model hazır olanda Mehman müəllim Sizə xəbər edər. Əgər bəyənmiş olsaz, sifarişinizi üzərimə götürərəm.
Sənanın özünə əminliklə dediyi bu sözlər müştərinin xoşuna gəldi. Gülümsədi. Bir az əvvəlkindən fərqli olaraq, indi baxışlarında məmnunluq hiss olunurdu.
Mehman müəllimin də işçisinin sözlərindən razı qaldığı görünürdü. Gənc sənətkarın sözləri, ustasının ünvanına dediyi təriflərdən sonra onun sifarişçinin qarşısında başucalığı, hörməti demək idi.
Sənan şəkil əlində otaqdan çıxanda əmin idi ki, müdiri sifarişçini onların şirkətinə müraciət etməklə çox düzgün qərar verdiyinə inandırmaq üçün əlindən gələni edəcək.
Sənan emalatxanaya qayıtdı. Dostu bayaqdan həyəcanla onun yolunu gözləyirdi. Dəfələrlə açıq pəncərədən ofisin binasına nəzər salmışdı, Sənanın hansı əhval-ruhiyyə ilə oradan çıxacağını görmək istəyirdi. İlk sözü:
–Noldu? Nə dedi? – oldu.
Sənan əlindəki şəkli dostuna göstərdi:
–Büst hazırlamaq sifariş edilib. Heç bilmirəm...
Digər ustalar onların başına toplaşıb gah Sənana, gah da əlindəki şəklə nəzər yetirdilər.
–Bu ki əla xəbərdir! –ustalar öz işlərinin başına qayıdanda dostu sevincək əlini Sənanın kürəyinə vurdu. Burada hər sifariş həm müdir, həm də ustalar üçün qazanc demək idi.
–Bir bilsən, bu sifarişlə Mehman müəllim üzərimə nə boyda məsuliyyət qoyub. Çətindir! Zaman, peşəkarlıq, bacarıq, diqqət tələb edir, Arif. –Sənanın səsində narahatlıq duyulurdu.
–Maşallah, bacarıq səndə, istedad səndə! Sən bu işin öhdəsindən gələcəksən, əminəm.
Sənan pəncərə qarşısında özü üçün masa hazırladı. Gərgin işin yorğunluğunu səmadakı şəklini dəyişən buludlara, uzaqdan görünən ağaclara baxmaqla canından çıxarardı. Rəssam ruhu təbiətdən zövq alırdı.
Sənan beton döşəmənin üstündə oturub gözlərini belə qırpmadan əlində tutduğu şəkilə baxırdı. Bu baxışlar istər-istəməz dostu Arifin diqqətini çəkdi:
–Gələndən fikrin şəkildədir...
Sənan nəzərlərini sanki ona gülümsəyən gözəl, gənc qadının şəklindən ayırdı, sakit səslə dedi:
–Necə də gözəldir! Heyf bu gözəllikdən!
–Ölüm cavana, qocaya baxmır ki! -Arifində səsində təəssüf hiss olunurdu.
–Düzdür, -Sənan əlindəki rəsmi divara yapışdıraraq dedi.
Qısa zaman ərzində artıq hazırlayacağı büstün eskizini kağızda sadə karandaşla çəkib hazır etmişdi. Ağ-qara rəsm çox gözəl alınmışdı. İndi eskiz əsasında sifarişin gildən modelini hazırlamalı idi. Əvvəllər də bu işlə məşğul olduğu üçün model hazırlamağa o qədər çox zamanı getməyəcəkdi. Çətin işlər isə qarşıda idi.
Nahar fasiləsindən sonra müdir emalatxanaya Sənanın yanına gəldi.
–Sənan, necə gedir işlər? -soruşdu.
Sənan eskizi müdirə göstərib dedi:
–Görəcəyim işin eskizi hazırdır. Gildən model hazırlayacam.
–Nə vaxta hazır edərsən? -müdir əlindəki eskizi nəzərdən keçirərək maraqlandı.
–Modeli hazırlamaq bir neçə gün çəkəcək. Ən geci üç günə hazır edərəm.
–Hiss etdim ki, tərəddüdlə yanaşdın bu sifarişə. Bilirəm, gəncsən, tərəddüd etməyin, narahat olmağın təbiidir. Sifariş üçün yaxşı məbləğ təklif olunub. Baxmayaraq ki, burada səndən daha təcrübəli, illərin işçiləri, sənətkarları var, amma mən düşündüm bu sifarişi sənə tapşırım. Bundan əvvəlki işlərin diqqətimi çəkib, çox bəyənmişəm. Sənin gördüyün işlər incəliyi, zərifliyi ilə fərqlənir. Sən işinə ciddi, məsuliyyətlə, həm də peşəkarcasına yanaşırsan. Bil ki, bu diqqətimdən yayınmır.
Sənan ətrafdan ona zillənən baxışların altında sıxıldı. Kaş ki hər kəsin qarşısında müdir onu tərif etməsəydi! Bacarığını, istedadını dəyərləndirməsi kifayət idi. Sənan utana-utana sadəcə təşəkkür edə bildi.
–Yaxşı, oğlum, vaxt itirmə. Səni işindən etməyim. Hazır olanda mənə xəbər et. Nə qədər tez sifarişi təhvil versək, özümüzə xeyirdir.
Sənanın dodaqlarında təbəssüm göründü. Müdir bu sifarişin əziyyətindən xəbərsiz idi. Yalnız sənətkarlar bilirdi nə qədər zaman və gərgin əmək bahasına gözəl sənət əsəri ərsəyə gəlir.
Sənan əynini dəyişib dostu Arifə bəzi şeylər almalı olduğunu deyib emalatxanadan çıxdı.
Çay süfrəsi ətrafında toplanan ustalar müdirin Sənanı fərqləndirməsini, ona dəyər verməsini qəbul edə bilmirdilər.
–İki ay deyil gəldiyi, artıq üçüncü sifarişidir, -ustalardan biri həsədlə dedi.
–Təzədir də! Müdirin gözünə girmək üçün həvəslə çalışır, -başqa usta iş yoldaşının fikrini dəstəklədi.
–Düz deyirsən. Görmədin bayaq Mehman müəllim onu tərifləyəndə necə özündən razı, yekəxana görünürdü. Müdirin necə qılığına giribsə, biz illərin işçisi qala-qala, dünən gələn işçiyə o cür sifarişi verib.
–Bir-iki sadə iş görüb, elə bilir ki, bu işin də öhdəsindən gələ biləcək. Bu daşdan ceyran, maral, mələk hazırlamaq deyil e! Ona asan gəlir e!
–Düz deyirsən, büst hazırlamaq asan iş deyil! -bayaqkı usta yenə dedi.
–Ona nə var e! Bir özüdür, bir anası; subay adamdır. Bizim kimi ailə saxlamır ki! – fəhlələrdən biri də söhbətə qoşuldu.
–Mehman müəllim arxayındır ki, dünənin işçisi o cür sifarişin öhdəsindən gələ biləcək. Mənim heç ağlım kəsmir ki, o, bu işi bacara. Görərsiz, yenə bizə tapşıracaq axırda o işi! -gün altında işləməkdən rəngi qaralmış bəstəboy usta yenidən narazılığını bildirdi. Gözlərində gəncə qarşı kin, nifrət aşkar hiss olunurdu.
Ustaların səsini hələ küçədən eşidən Arif onların söhbətlərinə müdaxilə etməyə məcbur oldu:
–Utanmırsız? Oğlunuz yerində olan birinin arxasınca nə gəldi danışırsız! Gənc və yeni işçi olanda nolar ki?! Mehman müəllimin qohumu deyil, yerlisi deyil. Adamın Allahı var, gəlin etiraf edək ki, gənc və aramızda yeni olmasına baxmayaraq, bizdən heç də pis işləmir! Gördüyü işlər də ki göz qabağında! Bu günə kimi hansı işi tapşırıblar, öhdəsindən gələ bilməyib?! O ki qaldı müdirin rəğbətini qazanmağa, yaltaqlıq və qılığa girməklə deyil, əlinin zəhməti, işinə məsuliyyəti, öz bacarığı ilə qazanıb! -dedi. Onların cavabını gözləmədən başını bulayıb uzaqlaşdı.
Sənan işə hamıdan tez gəlmişdi. Vaxt itirmədən işə başlamaq istəyirdi. Masanı pəncərənin qarşısına çəkdi. İşlərkən pəncərədən günəş işığının içəri düşməsini xoşlardı. Qaranlıq və yarımqaranlıq məkanları heç sevməzdi. Divarın dibindən qoyduğu sərt plitələri qaldırıb masanın üzərinə qoydu. Dünən axşam evə gedərkən nəm əskinin arasına qoyduğu gil parçaları artıq yumşalmışdı. İşə başlaya bilərdi. Ovucları arasında əzib yumşaltdığı gili alüminium məftilin üzərinə yapışdırdı. Lazım gəldikcə əlinin altında hazır qoyduğu gil parçalarından əlavələr edirdi. Artıq müəyyən bir forma alındıqdan sonra onu işləmək, incə üz cizgiləri yaratmaq qalırdı. Gildən ilk dəfə deyildi heykəllər yaratdığı. Dəfələrlə müxtəlif ölçülü fiqurlar, heykəlciklər yaratmışdı. Rəssamlıq akademiyasında qabiliyyət imtahanı zamanı hazırladığı etüdlər münsiflər tərəfindən çox bəyənilsə də, testdən bal toplaya bilmədiyi üçün imtahandan kəsilmişdi. Fakultəyə qəbul üçün tələb olunan balı toplaya bilsəydi, indi akademiyanın məzunu, ali təhsilli biri idi. Sevdiyi qızın qarşısına çıxıb cəsarətlə ona hisslərini etiraf edə bilərdi. Daha təhsilsiz olduğuna görə xəcalət hissi ilə gözlərini gizlətməzdi.
Fotodan ona gülümsəyən qadını sevdiyi qıza bənzədirdi. Həmin baxışlar, həmin gözlər... Sənan saatlarla bu saçlara, bu gözlərə, bu dodaqlara baxa bilərdi. Ona elə gəldi ki, indi rəsm canlanacaq, sevdiyi qız elə bu şəkildən ona gülümsəyib dillənəcək, ona biganə olmadığını, hətta onu sevdiyini dilə gətirəcək.
Sənan həvəslə işləyirdi. Onun üçün həvəs olan bu iş həm səbr, həm də peşəkarlıq tələb edirdi. Üz cizgiləri kifayət qədər incə və zərif olmalı idi ki, hazırlanan heykəl gözəl görüntüsü ilə diqqət çəkə bilsin.
Əlinin altına yığdığı alətləri tez-tez dəyişir, gil parçalarının üzərinə toxundurmaqla forma verirdi. Plastilindən fərqli olaraq, gil tez quruduğu üçün onu tez-tez islatmağı da unutmurdu. Gil bərkiyəndən sonra ona forma vermək, dəyişiklik etmək çətin olduğu üçün üz cizgilərini tez bir zamanda işləmək lazım idi. Gil parçası indi gözəl gözləri, zərif dodaqları, dalğalı saçları olan bir qadına çevrilməkdə idi.
Sənan öz işinə necə aludə olmuşdusa, Arifin gəlməyini də hiss etmədi.
–Sənan, səhər gələndən işləyirsən. Nahar vaxtıdır, gəl, bir az dincəl. Bir stəkan çay iç, bir loxma çörək yeyək.
Sənan qonşusunun səsini eşidib əlini saxladı.
–Nahar vaxtıdır ki? -təəccüblə soruşdu.
Arif hələ tam hazır olmamış gil heykələ nəzər saldı:
–Çox iş qalıb?
–Yox, demək olar bitirmişəm. Çalışacam bu gün axşama kimi tamamlayım.
–Qəşəng alınıb. Bax, əvvəl tərəddüd edirdin, indi gördün ki mən haqlı idim?! Sənin yerin bura deyil, Sənan! Bir dəfə alınmayıb deyə, həvəsdən düşmə. Yenidən Akademiyaya imtahan ver. İnanıram ki, bu dəfə qəbul olacaqsan. Nə vaxta kimi bağ evləri üçün daşdan ceyran, mələk yonacaqsan? Sən ölkənin ən yaxşı heykəltaraşı ola bilərsən! Kim bilir, bir neçə ildən sonra şəhərin mərkəzində ucaldılan məşhur abidənin müəllifi bəlkə elə sən oldun! Mən sənin gələcəyinə inanıram!
–Çox sağ ol dəyər verdiyin üçün... Amma mən bu qədərinə də layiq deyiləm, -Sənan ünvanına deyilmiş sözlərdən qızardı.
–İş həmişə var. Gəl, qardaş! Gəl, gedək yeməyimizi yeyək.
Sənan üst-başının tozunu çırpıb qonşusu ilə bərabər emalatxananı tərk etdi. Əl-üzlərini yuyub süfrə arxasına keçdilər. Sənan anasının, qonşusu isə həyat yoldaşının nahar üçün hazırladığı yeməkləri süfrəyə qoydular.
Sənan bu gün həmişəkindən fərqli olaraq, naharını daha tez bitirib işinin başına dönməyə səbirsizlənirdi. İndi, o, əvvəlki sifarişlərindən daha böyük həvəslə işləyirdi. Qarşısına məqsəd qoymuşdu, günün sonuna kimi gil modeli bitirməli idi.
Bu sifariş onun üçün özəl idi. Ona münasibəti də əvvəlki işlərindən fərqli idi. Gənc oğlan yorğunluq hiss etmədən bütün istedadını, bacarığını, peşəkarlığını ortaya qoymağa qərarlı idi.
İş saatı çoxdan bitmişdi. Qonşusundan və bir neçə fəhlədən başqa bütün ustalar evə getmişdilər. Arif təkid etməsəydi, Sənan bəlkə elə gecəni də burada qalmaq fikrində idi.
Səhər ustalar işə gələndə Sənan yenə də iş başında idi. Dünən axşam hazırladığı gil modelin qəlibini çıxartmaqla məşğul idi.
–Yorulmayasan! Bu işə yaman həvəslisən ha! –Arif gülə-gülə dedi. Sənanın gözlərindəki parıltı özü də bir cavab idi. –Yoxsa aşiq olmusan, xəbərim yoxdur?
Sənan özündən on altı yaş böyük dostunun sözündən qızardı. Cavab vermədi. Arif, elə adı kimi də arif adam idi. – Deyirəm, axı, bu oğlanda bu eşq, bu həvəs hardandır! “Məhəbbət xariqələr yaratmağa qadirdir!” dedikləri bu imiş demək!
Sənan heç bir söz demədi, sadəcə gülümsədi. Arifin sözləri ona bir az da artıq ruh yüksəkliyi bəxş etmişdi. Fərhad kimi sevdiyi uğruna külüng vurmağa da hazır olan gəncin xəyalları indi çox uzaqlarda, gözləri dənizin suları kimi mavi, saçları dalğalarına bənzəyən həmin qızın yanında idi. Kaş ki bircə dəfə qarşısına çıxıb gözünün içinə baxa, rədd cavabı alsa belə, sevgisini etiraf edə biləydi!
Müdirin səsi eşidildi. Az sonra isə özü emalatxananın qapısında göründü. Ustalarla salamlaşıb Sənana yaxınlaşdı.
–İşlər necə gedir? –deyə maraqlandı.
Sənan masanın üstündəki, qurumağa qoyduğu qəlibi göstərib:
–Qəlib hazır olsun, gips tökəcəm, -dedi.
Bu cür işlərin dərinliyi ilə maraqlanmayan müdir sanki hər şeyi anlayırmış kimi başını tərpətdi.
–Yaxşı, bəs onda bu nə vaxta hazır olar? Sifarişçi gəlib baxmaq istəyirdi. Bilirsən də, bu cür sifarişlərə görə yaxşı məbləğ təklif olunur. Ona görə də işi nə qədər tez təhvil versək...
Sənan onun sözünü ağzında qoydu:
–Sabah gəlib modelə baxa bilər.
Müdirin üzündə təbəssüm yarandı. Beləcə, məmnun halda, bu yaxşı xəbəri sifarişçiyə çatdırmaq niyyəti ilə emalatxananı tərk etdi.
Nahar və çay fasiləsində bir yerə toplaşan ustalara qaynayıb-qarışmazdı Sənan. Qonşusu və dostu Arifdən başqa burada, demək olar ki, heç kəslə yaxınlıq etməyən gəncə kimsənin fikri də önəmli deyildi. Ara-sıra qulağına dəyən pıçıltıları da görməzdən, eşitməzdən gələrdi. Sanki onun arxasıyca danışdıqlarından xəbərsizmiş kimi ədəb-ərkanla hər biri ilə salamlaşar, bəzən hətta hal-əhval da tutardı. Bütün fikirləri, xəyalları mavi gözlüsünün yanında, diqqəti isə işində olardı.
Gəncin peşəkarlığına, bacarığına, işinə məsuliyyətinə isə hər kəs öz düşüncəsi, öz ürəyi ilə fikir bildirməkdə idi.
Günortadan sonra müdir o gün ofisdə görüb danışdığı həmin kişi ilə emalatxanaya gəldi. Gəncliyinə baxıb, bacarığına şübhə ilə yanaşan birinin
ardı var