BABƏK VƏ XÜRRƏMİLƏR HAQQINDA BİLMƏDİYİMİZ YENİ FAKTLAR
23-07-2022, 21:52
Ərsakilər ilə nə bağlılıq var?
Ərəb istilası zərdüştiliyi Azərbaycandan, o cümlədən Muğan torpaqlarından silib yoxa çıxardı. Bir neçə yüz il sonra isə azərbaycanlılar bu dinin əsas daşıyıcılarının – maqların adını da unutdular.
Yalnız XIX–XX əsrlərdə tarix elminin inkişafı sayəsində öyrəndik ki, vaxtilə Muğanda belə bir tayfa yaşamış, Zərdüşt ruhanilərinin çoxu həmin maqlardan olmuşdur.
Lakin adın itməsi heç də həmişə məzmunun da yox olması anlamına gəlmir. Muğanın əsas yaşayış məskənlərindən birindən – Salyandan çıxmış ruhanilər İslam aləmində həmişə xüsusi nüfuza malik olmuşlar. Təkcə bunu demək kifayətdir ki, Qafqaz müsəlmanlarının on iki şeyxülislamından üçünü Salyan mühiti yetişdirmişdir.
Haşiyə: Ərəb dilində atəşpərəst, zərdüşti mənalarını verən “məcusi” sözü ilə latın dilindəki “magus” sözünün mənşəyi eynidir. Bisütun yazılarında bu söz “maquş” formasındadır.
Zənnimizcə, alman dilindəki “machen” (etmək), macht” (güc), ingilis dilindəki “may” (bacarmaq), rus dilindəki «помощь» (kömək), «мощь» (güc), «могучий» (qüdrətli) sözləri, Azərbaycan dilindəki “kömək” sözü və “maq2” şəkilçisi (qurmaq, yaratmaq, etmək, görmək, udmaq və s.) məhz maq etnonimi ilə əlaqəlidir.
Fikrimizcə, ərəb istilaçılarının, əslində, zərdüşti olmayan xürrəmiləri məcusi, yəni maquş, magus, maq adlandırmaları səbəbsiz deyildi. Babək hərəkatının əsas dayaq məntəqələri məhz maqların vaxtilə yaşadıqları ərazilərdə – Muğanda və Ərdəbildə yerləşirdi.
Xürrəmilərə məcusi adının verilməsi onu göstərir ki, maqlar Babəkin (798–838) dövründə də bu torpaqlarda yaşamış və qədim zamanlarda olduğu kimi cəmiyyətin həyatında fəal iştirak etmişlər. Maqların varlığı isə, öz növbəsində qədim ənənələrin bir çoxunun, o cümlədən, köklü şah nəsillərinə ehtiramın qorunub-saxlanması demək idi.
Əsrlər boyunca Azərbaycanda Ərsaki soyu müqəddəs nəsil hesab olunmuşdur. Zənnimizcə, nə Sasanilərin çevrilişi, nə Ərsaki şahlarının qətli, nə də ərəb istilası bu təsəvvürləri ciddi şəkildə dəyişdirə bilərdi. Azərbaycan Ərsakilərin vətəni idi. Onlara burada olan münasibəti yalnız İslamdan sonrakı dövrlərdə seyidlərə olan münasibətlə müqayisə edə bilərik.
Qədim Roma tarixçisi Ammianus Marsellinus (330–400) yazırdı: “İranda Ərsakilər bütün nəsillərdən üstün sayılır. Hər bir iranlı hətta daxili qarşıdurmalar zamanı belə, döyüşçü və ya sadə insan olmasından asılı olmayaraq, bu nəslin istənilən nümayəndəsinə əl qaldırmağı ən böyük günah hesab edir”.
(Аммиан Марцеллин. «Деяния», книга XXIII, 6 (2))
Ərsaki soyunun unudulması, adiləşməsi üçün əhalinin nəzərində daha üstün dərəcəyə malik başqa bir nəsil ortaya çıxmalı idi. Müəyyən bir dövrdən sonra həqiqətən də belə oldu. Ərsakiləri Ələvilər əvəz etdilər. Babəkin zamanında bu proses artıq başlanmış, lakin hələ yekunlaşmamışdı. Ehtimalımıza görə, köhnə nəsillər ən azı IX əsrin sonlarınadək yerli əhali arasında öz mövqelərini qoruyub saxlamışdilər.
Haşiyə. Ərəb dilindəki “seyid”, ingilis dilindəki “saint”, türk və monqol dillərindəki “sayın”, türk və yapon dillərindəki “san” sözlərinin bir-birinə bənzədiyini görmək üçün peşəkar linqvist olmağa ehtiyac yoxdur.
E.ə. III əsrə aid “Protogenin şərəfinə Olviya dekreti”ndə belə bir maraqlı məlumat vardır: “Çar skifləri (sakaları) özlərini sayi adlandırırlar. Digər skiflər (sakalar) isə onlara müxtəlif hədiyyələr verirlər”. (Студопедия – Декрет в честь Протогена. https://studopedia.info/4-55916.html.)
Tanınmış rus alimi, skif–sarmat arxeologiyası üzrə mütəxəssis Boris Qrakov (1899–1970) hesab edirdi ki, skiflərin “sayi” sözü qədim “hşaya” (şah) titulundan törənmişdir.
Zənnimizcə, ərəb dilindəki “seyid” sözünün də mənşəyi qədim saka xalqının “hşaya”, “şah” tituluna bağlıdır. Təsadüfi deyil ki, bugün də bəzi ölkələrdə İmam Əlini və İmam Hüseyni həm də Şah adlandırırlar.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili