Pis nazirlərdən çox qınanılan jurnalist(lər)... - AXI NİYƏ?!
26-07-2022, 17:03
Bu yazını iyulun 23-də yazacaqdım, amma gözlədim ki, görüm, Rauf Arifoğlunun yeni yaşıyla bağlı sosial mediada nə yazlacaq, nə söylənəcək.
Artıq illərdir belədir: hər il o, iyulun 22-də və 23-də adı mediada sosial şəbəkələrdə ən çox hallandırılan adamlardan biri olur.
Bu il də fərqli olmadı. Yenə də “Yeni Müsavat” media qrupunun rəhbərinin 3 il öncəki müsahibəsindən bir sitatı seçib, sitat müəllifinin şəkli ilə süsləyib, həvəsi və öhdəliyi olanların paylaşması üçün hazır materiala çeviriblər və ard-arda paylaşırlar. “İnqilabçı dissidentlər” də daraşıb döşəyirlər.
İndi kimlərsə deyəcək ki, müdirinizdir deyə müdafiə edirsən. Birincisi, indiyə qədər haqsız hücumlara məruz qalarkən müdafiə etdiyim adamlar çox olub və onların çoxu ilə heç salam-kalamım da olmayıb. İkincisi, onunla 38 ildir tanışlığı-dostluğu olan, 27 ildir birlikdə işləyən biri kimi mən də müdafiə etməyim, kim etsin? Üçüncüsü, R.Arifoğluya qarşı səslənən haqsız iradların həcmi haqlı tənqidlərin boyunu aşmasa, müdafiəyə də zərurət olmaz.
O, bu ölkəni idarə edən 3 adamdan biri deyil, nazir, komitə sədri, xidmət rəisi postu tutmur, deputat mandatı daşımır, amma tənqid, qınaq, pisləmə hədəfi olması o qədər şiddətlidir ki, sanasan, Rauf Arifoğlu dövlətdə böyük vəzifə daşıyır, hər işdə əli var və cavabdeh simadır.
Bununla bağlı yadıma 3-4 il əvvəl baş vermiş əhvalat düşür. İmişlidən bir zəhmətkeş redaksiyamızın poçtuna məktub göndərmişdi. Adam elə girişdəcə qeyd edirdi ki, sadə bir kəndlidir, internetdən-minternetdən başı çıxmır, məktubu da qonşusunun savadlı oğluna yazdırır.
Adam belə yazırdı: “Rauf müəllim, vallah, tanımıram kimsən, nəçisən, amma bayaq çayxanada oturmuşdum, qonşu stoldakılar elə hey səndən danışırdılar, belə başa düşdüm ki, prezidentə yaxın adamsan, ona de ki, İmişlinin mal bazarında özbaşınalıqdır, haqsızlıq baş alıb gedir. Xahiş edirəm, mənim sözümü prezidentə çatdır, Rauf müəllim”.
Doğrusu, bu məktub diqqətimizi səmimi dillə yazıldığına görə cəlb etdi. Məktubun məzmunundan belə anlaşılırdı ki, İmişlinin mal bazarında hansısa haqsızlığa məruz qalmış zəhmətkeş yaxınlıqdakı çayxanada oturub bir stəkan çay içəndə qonşu masada gedən söhbətə qulaq müsafiri olub. Güman ki, yerli müxalifətçilər “Rauf Arifoğlu hökumətin adamıdır”, “prezident Raufa medal verdi” kimi sözlər deyiblər və ağsaqqal da dərdini deməyə ünvan tapdığını zənn edib.
Nə qədər satirik-yumoristik hadisə olsa da, reallıq budur ki, adamın imkanlarını həddən artıq qiymətləndirəndə, onun çiyinlərinə əlavə, daşıya bilməyəcəyi yüklər şələləyəndə belə olur. Biz millət olaraq haqqımızı kimdən tələb etməyi, kimi hesabat verməyə zorlamağı doğru-dürüst bacarmırıq. Gücümüz elə qolumuza qolay olana çatır.
Bir o deyil, tez-tez olur ki, ölkənin, dövlətin idarə edilməsində heç bir rolu olmayan qəzet və ya telekanal rəhbərləri, adi deputatlar cəmiyyətə “cümlə xəyanətlərə bais” rolunda təqdim edilirlər. Yalnız ona görə ki, onlar mediada görünür, nəsə danışır və fikir bildirirlər.
Heç yerdə görünməyən, heç bir fikir bildirməyən tamahkar məmurlar isə milyonluq tenderləri öz yaxınlarına bəxş edərək dövlətin ətək-ətək pul-parasını qamarlayır, maddi sərvətlərini artırır, oliqarxa çevrilirlər. Amma “əbədi tənqidçi”lərin onlarla işi yoxdur, korrupsiya mexanizminin mühərrikini işlədənləri hədəf taxtasına çıxarmırlar. Çünki onlar belələrinin çoxunun kimliyini, nə əməllər törətdiyini də bilmirlər, heç araşdırmırlar da, sadəcə, vitrinlə “işləyirlər”. Bu gün Fəzail Ağamalı çıxdı, “gilas” dedi, adə, vur, getsin, heç nə olmayanda Aqil Abbas, Elman Nəsirov, Razi Nurullayev var.
Əldə yaxşı bəhanə də hazırdır: “O korrupsionerlər heç, amma bunlar onları müdafiə edirlər, ictimai rəy yaradırlar”.
Əcəb mövqedir. Lap tutaq ki, onlar vəkildirlər, məgər məhkəmə-hüquq sistemində qatili, oğrunu kənara qoyub, onun vəkilini mühakimə edirlər?
Bundan başqa, hansısa siyasi kursa dəstək vermək o kursin aparıcı icraçısı olmaq deyil və həmin siyasətin uğurlu olacağı təqdirdə tərif selinin ünvanı kim olacaqdısa, uğursuzluq halında da o olmalıdır.
Hədəfi düz vurmaq lazımdır. İctimai tənqidin ünvanı sərrast olmalıdır. Ölkənin bu gündə olmasının səbəbi ifşa olunarkən villalarından milyonlar çıxan, lüks avtomobillər qarajı aşkarlanan və bundan artıq varidata malik olduğu halda hələ də ifşa olunmayanlardır.
Fəal jurnalistlərə və çox danışan deputatlara qarşı kampaniya aparmağa nə var ki...
Xalid KAZIMLI //musavat.com//