Əslində ölkədə hər şey o qədər maddiləşib demək olar hamı unudub, puldan vacib şeylər var, sevgi, vicdan, ədalət, insaf .

27-07-2022, 11:24           
Əslində ölkədə hər şey o qədər maddiləşib demək olar hamı unudub, puldan vacib şeylər var,
Bu gün tam təsadüfən bir qazi ilə danışmışam. Keçmiş hərbçi Səbuhi Məhərrəmovla. Bu gün Qarabağda görülən tikinti işlərində fəhlə kimi çalışır Səbuhi. Cəmi 4 gündür işə düzəlib. 2004, 2016 və son Qarabağ savaşının döyüşçüsüdür. Üst-üstə 12 medalı var. Müalicə almalıdır ala bilmir, çalışmağa məcburdur. Üstəlik hələ veteran adını, təqaüdünü də ala bilmir. Cıdır düzündə, Şuşadan çəkilən şəklimə komment yazıb, ordan tanımışam qardaşımı. Sonra nömrə qoyub statusa. Eləmədim tənbəllik, zəng vurdum. Adam səsimi eşidib sevinir, deyir bacı az qalıram dəli olum. Mən hərbçi idim, niyə fəhlə kimi işləməyə məcbur qaldım. Mən ali təhsilliyəm, 35 yaşım var, cəmi beş manat pul qoymuşam çörək stoluna evdən çıxanda ailəm üçün ki, işdə günlüyüm ödənənəcən bununla ötüşün. Ölmək istəyirəm, əsəblərim sıradan çıxıb, utanıram ailəmə baxanda, medallarımı antikvar kimi satışa qoymuşam, bəlkə alındı. Vətən kasıbındı...
...Dedim orda dayan dədəm. Sən danışdın, dinlədim. O kasıb məsələsində dayan, bir sualım var, kasıb otuz ildə niyə ala bilmirdi Qarabağı? Sağ olsun, dayandı. Əminəm anladı ki, bu böyük siyasət məsələsidir. Mənsə davam elədim,
1. Dövlət və xalq var. Kasıb və siyasi hakimyyət deyib alçaltmaq olmaz onları.
2. Kasıblar deyib təhqir eləmək olmaz xalqı.
3. Xalq, qazi və ya incidilər şəhid ailəsi varsa, ki, var, bu, hökumətdəki ayrı-ayrı məmurun, dövlətlə xalqı üz-üzə qoymaq istəyən, yenidən işğala, mühatibəyə zəmin yaratmağa çalışan xarici kəşfiyyatın və iç düşmənlərin oyunudur.
4.Bu oyunlara gəlmək olmaz, çünki sabah dövlət işğal olunanda nə xalq olacaq, nə siyasi hakimiyyət, nə də dövlət özü.
...Qardaş dinləyir, davam edirəm...
5. Sən döyüşçüsən, mən ziyalı. Mafdi imkanlarımız təxminən eynidir. Sən aldığın torpaqda, mən sevdiyim peşədə milli maraqlar deyib durmuşuq ikimizdə fəhləyik bu ağır həyat öz seçimimizdir. Bizə sərvət verməzlər, versələr güclü olarıq. Vermirlər ki, incik olaq. Buna yol verməməliyik.
6. On iki medalın üzərində dövlət atrebutumuz var, amandır, onları satmayın. Satılıq deyil fədkarlığınız, əziyyətiniz.
Qardaş dinləyir və deyir, mən iki dəfə özümə qəsdə cəhd eləmişəm. Bunu yazmışdılar məni DİN dəvət elədi, sağ olsunlar, bu böyük diqqət idi.
...Cavab verirəm...Səbuhi ölsən guya noolacaq? Ən çox sevdiklərin yanacaq, o da bir il, vəssalam! Həyat budur, ona görə çalış ölmə. Ölmə, işlə, yaşa, mübarizə apar, qoy səni, məni, bizi sevməyənlər anlasın milli güc, birlik nədir, qoy onlar ölsün. Gülümsədi və dedi bacı baş üstə. Anladım ki, qazi qardaşlarımıza həm də bu lazımdı gərəkli olduülatını hiss etdirmək, onları sevmək.
İndi deməm nədir, ölkədə nə qədər Səbuhi var, döyüşdən travmalı?!. Cəmi on min deyək. Siz cənablar, hərəniz özünüə bir dəstə düzəldib başınıza yığsanız, onlar ordudur, mənəvi gücdür. Amma yığmırsınız, heç buna cəhd də eləmirsiniz. Hər şey atılıb çolaq icra başçılarının üstünə, onların da silkələsən zənbildi onu qala, ya qalmaya. Məhz bu məsuliyyətsizlikdən yana belə naxoş mənzərə yaranır. Elə çıxır ki, dövlət qəddardır, sayğısız sevgisizdir qaziyə. Əslində ölkədə hər şey o qədər maddiləşib demək olar hamı unudub, puldan vacib şeylər var, sevgi, vicdan, ədalət, insaf kimi.
***
Bu arada, avqustun birində Səbuhiyə vəd veriblər veteranlıq adını da, təqaüdünü də ödəyəcəklər. O günü mən də gözləyirəm. Vətən deyən, ona əsgər də, fəhlə də ola bilən genləri qorumaq lazımdır. Bu həm milli maraqlara xidmət, həm mənəvi borc, həm də gələcəyə nümunədir.
Hörmətlə, Jalə Mütəllimova
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.