500 min qadının cəlladı – Mariya Mendelin qısa və lənətlik həyatı.

27-07-2022, 18:46           
500 min qadının cəlladı – Mariya Mendelin qısa və lənətlik həyatı.
Ən yeni tarix. Maraqlı faktlar.
Mariya Mendel – 500 min qadının ölümünə hökm verən qadın.
Yəqin ki, dünya tarixində daxilində bu qədər qəzəb, qisas hissi, qadınlara qarşı qatı nifrət gəzdirən ikinci bir şəxs olmayıb. “Vəhşi” təxəllüsünü alan bu qadının amansızlığı ən qəddar faşistləri belə təəccübləndirib...
Mariya Mendel 1912-ci ildə Avstriyanın Müntskirhen şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra daha münasib və gəlirli iş tapmaq üçün İsveçrəyə üz tutub. Çəkməçi işləyən atası qızını dərzi sənətinə yiyələndirmək istəsə də, Mariya Mendel valideynlərinin bu təklifindən qəti şəkildə imtina edib, “mən kiməsə yox, kimsə mənə paltar tikməlidir” deyə gələcək həyat yollarını özü müəyyənləşdirib.
Bir müddət İsveçrədə qalan Mariya arzuladığı işi tapmadıqda yenidən Avstriyaya qayıdıb, özünü ailəyə yük etməmək üçün poçtalyon işləyib. Onun üçün evlərə qəzet, məktub daşımaq əsl işgəncəyə çevrilib, poçtalyon işini özünə təhqir kimi qəbul edib və yenidən iş axtarışına başlayıb.

Almaniyada yeni əsir düşərgələri salınanda və bu müəssisələrə işçi qəbulu ilə bağlı elanlar veriləndə, Mariya fürsəti əldən verməyib. O, iki rəfiqəsi ilə birlikdə Almaniyanın Saksoniya əyalətindəki Lixtenburq həbs düşərgəsinə işə düzəlmək üçün müraciət edib. Düşərgənin kadr təyinatı üzrə inspektoru seçimində Mariya Mendelin üzərində dayanıb. Rəfiqələrindən ayrılan Mariya sıravi mühafizəçi kimi işə qəbul edilib. Qeyd edək ki, Lixtenburq Almaniyada ilk fəaliyyət göstərən həbs düşərgələrindən biri olub.
Çox qısa müddətdə Mariya Mendel rəhbərlik qarşısında özünü yaxşı işçi kimi tanıtdırıb. Bir ildən sonra, 1939-cu ildə onun xidməti yerini Berlindən 90 kilometr aralıda yerləşən Ravensbryuk qadın həbs düşərgəsinə dəyişiblər. Mariya Mendel bu düşərgəyə mühafizə yox, baş nəzarətçi təyin olunub.
Müasirlərinin qənaətinə görə, Mariya bir işçi kimi çox məsuliyyətli, işinin öhdəsindən gələn ciddi bir qadın kimi tanınıb. Onu fərqləndirən digər bir cəhət isə nasistlərə olan hədsiz sədaqəti və ehtiramı olub. Adolf Hitleri özünə kumir seçən, şəklini yaşadığı mənzildə, iş otağında, cibində gəzdirən Mendel 1941-ci ildə nasist partiyasının üzvü olub, partiya fəallarından birinə çevrilib.
Bu kimi xüsusiyyətlərinə, nasistlərə olan sədaqətinə görə Mariya Mendelin karyera yüksəlişində həmişə yaşıl işıq yanıb. 1942-ci ildə o, Polşa ərazisində yerləşən Osvensim adı ilə məşhur olan Auşvits-Birkenau həbs düşərgəsinin qadın şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bu düşərgə nasistlərin yaratdığı ən böyük ölüm düşərgələrindən biri olub.
Fəaliyyət göstərdiyi altı il ərzində bu düşərgədə 1 milyon 300 min nəfərin həyatına son qoyulub. Bəzi versiyalara görə isə bu rəqəm 2 milyon 500 mini keçib. Düşərgənin 1940-1943-cü ildə komendantı işləyən Rudolf Hess Nürnberq məhkəməsində düşərgədə ən azı 2 milyon insanın məhv edilməsi faktını etiraf edib.
Belə bir düşərgə Mariya Mendelə bütün “imkan və bacarığını” göstərmək üçün əsl meydana çevrilib. Qadın məhbusların üzərində mütləq səlahiyyət sahibi olan rəis Mendel yüz minlərlə qadın üçün ən təhlükəli insan, ən qəddar cəllad sayılıb. SS-in oberşturmbanfürer (podpolkovnik) rütbəsini daşıyan Mariya Mendel “vəhşi” ləqəbini qazanmaqla yanaşı, həm də “möcüzə qadın” adlandırılıb. Onun bir sərt baxışı ilə yüz minlərlə məhbusu xof işərisində saxlaması düşərgənin kişi nəzarətçilərini də təəccübləndirib.
Mərhəmət və insanlıq hisslərindən məhrum olan Mariya Mendel məhbusların kütləvi məhv edilməsi prosesini bir çox hallarda özü icra edib. Düşərgədə məhbusların öldürülməsi tək-tək həyata keçirilməyib. Bununla bağlı düşərgədə xüsusi korpus fəaliyyət göstərib, məhbusların kütləvi zəhərlənməsi, yaxud da qaz kameralarına doldurulması, sonra isə sobalarda yandırılması məhz bu korpusda həyata keçirilib. Ölüm korpusu növbəli şəkildə işləyib. Korpus qadın şöbəsinin ixtiyarına veriləndə düşərgə rəhbərliyi bilib ki, növbə pozulacaq. Çünki hamıya yaxşı bəlli olub ki, Mariya Mendelin ölüm korpusundakı işi uzun çəkir və cəllad qadın bu korpusda qadınları diri-diri yandırarkən həyatının ən böyük zövqünü alır.
Yaraşıqlı və həmişə baxımlı olan Mariya Mendelin əyləncə və şakərlərindən biri də düşərgənin kişi şöbəsi ilə məhbus mübadiləsi etməsi olub. Qadın rəisin intim tələbatını ödənmək üçün düşərgənin kişilər şöbəsindən xüsusi adamlar seçilib. O, bir neçə saatlıq əyləncəsindən sonra “müvəqqəti məşuq”larını qaz kamerasına göndərib. Bu “yardım”a görə Mariya Mendel kişi şöbəsinə borclu qalmayıb. Kişi nəzarətçilərinin tələbatına, zövqünə uyğun olaraq onları məhbus qadınlarla təmin edib.
Mariya Mendel düşərgədə bir çox ilklərə də imza atıb. Onlardan biri də qadım şöbəsində yaradılan musiqi qrupu olub. Rəis qadınların arasından musiqi təhsili və ifaçılıq məharəti olanları seçib və 32 nəfərdən ibarət musiqi qrupu yaradıb. Qrup hər gün səhər və axşam məhbusların sıra baxışı zamanı mahnılar ifa ediblər. Bununla yanaşı, onların ayda 3-4 dəfə düşərgədə konsertləri də təşkil olunub. Qrupun ifa etdiyi ən dəhşətli mahnı isə “ölüm marşı” olub. Belə ki, məhbusların kütləvi şəkildə zəhərləndirilməsindən və qaz kameralarına doldurulmasından əvvəl onlar ölümə gedən qadınları bu marşla yola salıblar.
Mariya Mendel qrupun üzvlərinə qayğı göstərib. Onlar üçün xüsusi geyimlər tikdirib. Hətta qrupun üzvlərinə alt paltarı geyinməyə də icazə verib. Daxili rejim qaydalarına görə məhbus qadınlara alt paltarı geyinmək qadağan imiş.
Mariya Mendelin rəis hikkəli günləri çox davam etməyib. 1945-ci ildə sovet ordusu ərazini alman faşistlərinin işğalından azad edəndə Mariya Mendel dağlara çəkilərək bir müddət gizlənə bilib. 10 avqust 1945-ci ildə isə o, ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Polşa hakimiyyətinin tələb və xahişi ilə cinayətkar qadının məhkəməsi Polşada keçirilib. Məhkəmədə Mariya Mendelin 500 minə yaxın məhbus qadının amansızcasına məhv edilməsində əsas bir fiqur olduğu təsdiqlənib. Məhkəmə 36 yaşlı Mariya Mendeli asılmaqla ölüm hökmünə məhkum edib. Hökmün icrası 24 yanvar 1948-ci ildə Krakov həbsxanasında icra edilib.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.