İNADKAR - İLAHƏ İMANOVA YAZIR

28-07-2022, 08:33           
İNADKAR -
Hava qaralıncaya qədər yorulmadan işlədi Sənan. Büstün üzündəki, boynundakı ləkəni təmizləməyə müvəffəq oldu.
Öz işinə kənardan baxarkən kiçik bir çat diqqətini çəkdi. İlahi! Sənan hirslə əlini alnına çırpdı. Bu nə tərslik idi, axı! Sanki hansısa qüvvə qəsdən onun işini çətinləşdirirdi. Fiziki işdən yorulmayan gənci həyat, problemlər mənən yorurdu. Dərindən nəfəs aldı. Ləkəni təmizləyərkən, görünür, ehtiyatsızlıq edib, nəticədə mərmər çatlayıb.
Dostuna çay gətirən Arif Sənanı dilxor görüb soruşdu:
–Nolub? Nöş dilxorsan?
Sənan başını yelləyib dedi:
–Mənimki nəsə düz gətirmir!
–Təmizlənmir ki? Təmiz olub, axı!
–Mərməri çatlatdım.
Arif nə qədər diqqətlə baxsa da, heç nə görə bilmədi:
–Çat yoxdur, axı..
Sənan əli ilə çiyinə tökülən saçların kənarında, boyun hissəsindəki çatı göstərdi.
–Burda çat var ki? -Arif bir daha diqqətlə baxdı. -Sən deməsən, heç mən fikir verməmişdim. Buna görə kefin pozulub? Əşşi, ürəyini sıxma! İnan ki, sən deməsən, göstərməsən müdir, elə sifarişçinin özü də fikir verən deyil. Ən yaxşısı, sən səsini çıxartma. Özləri də diqqət edən deyil! İnan ki, doğru sözümdür!
–Deyirsən, indi bilə-bilə səhvimi gizlədim? Olmaz belə şey! Mən olanı deyəcəm. Nə olur, olsun... İstəyirlər, heç haqqımı da verməsinlər. -Sənan kefsiz dedi.

Arif Sənanı heç kəsə bir kəlmə də deməməyə razı salmışdı. Gənc dedi ki, özləri diqqət etmiş olsa, məcbur səhvini etiraf etməli olacaq.

–Bağışlayın ki, sizi bir qədər yubandırmalı olduq. Bir az işlərim vardı. Sifarişiniz hazırdır. Buyurun gedək, baxaq. -Müdir müştərisinin könlünü almağa çalışırdı. Hər kəsi razı salmaq, gülə-gülə qarşılayıb, yola salmaq onun işi idi.

Sənan müdirin və sifarişçinin qarşısında dayanmışdı. Müdirin işarəsindən sonra büstün üstündən ağ örtüyü çəkdi. Bir neçə gün əvvəl ləkələnmiş heykəl zərif görünüşü, ağ mərmər parıltısı ilə göz oxşayırdı.
–Möhtəşəm! Bu qədər gözəl alınacağını heç təsəvvür də etmirdim! İstedadınıza heyran oldum! Etiraf edim ki, ilk gündən bacarığınıza şübhə edirdim. Bu sizin neçənci işinizdir, bilmirəm, amma bu gün etiraf etmək məcburiyyətindəyəm ki, siz əsl heykəltaraş, gözəl sənətkarsız!
Sənan sifarişçinin sözlərinə təbəssümü ilə cavab verdi. Ürəyində sevindi ki, mərmərin üzərindəki çat heç birinin diqqətini cəlb etmədi. Sevinci uzun sürmədi. Müştəri barmağını çat hissəyə toxundurub heyrətlə gəncin üzünə baxdı. Sənan udqundu. Gizlətmək istədiyi sirr indicə açılacaqdı.
–Bəs bu...
Müdirin üzünün ifadəsi dərhal dəyişdi. Sınayıcı nəzərlərlə Sənanı süzdü. Baxışlarından gənc onun indi nə deyəcəyini təxmin etdi. Sənan gözlərini gizlətməyə çalışırdı. Özünü günahkar hiss edirdi. Ona görə yox ki, ehtiyatsız davranmışdı. Ona görə ki, susub gizlətmişdi həqiqəti.
–Siz bunu necə bildiz? -Müştəri təəccüblə gəncin üzünə baxdı.
–Heç bilmirəm necə deyim...-Sənan günahkarcasına dilləndi.
–Yeni evlənmişdik. Rayondan Bakıya qayıdanda avtomobilimiz qəzaya uğradı. Çox şükr ki, mən də, yoldaşım da yüngül xəsarət ilə həmin qəzadan xilas ola bildik. Amma həmin qəzanın izləri ömürlük qaldı. Qəzadan sonra yoldaşım kompleksli olmuşdu. Xüsusilə yay aylarında, ziyafət və yaxası açıq geyimlər geydiyi zaman həmişə saçını çiyninə tökər, çapığın izini saçı ilə örtərdi. Çox zaman da boyunbağı taxmaqla gizlətməyə çalışardı. Bir neçə dəfə çapığın izini yox etmək üçün plastik əməliyyat təklif etdim. Onun kompleksli olmasından narahatlıq keçirirdim. Düşünürdüm ki, əməliyyat olarsa, çapıq izindən birdəfəlik qurtararsa, kompleksdən də xilas olar. Hətta bir əməliyyatla üzündəki xalı da götüzdürək demişdim. Küsüb inciyirdi məndən. Üzündəki xalın ona gözəllik verdiyini, ona uğur gətirdiyini də söyləyirdi. Çox çalışdım. Qorxurdu, razılaşmırdı... -Sifarişçi danışdıqca qəhər onu boğurdu. –Bu qəzanın travması ilə yaşadı ömrünün sonuna kimi. O vaxt qəzadan sağ çıxanda sevinirdim ki, Tanrı onu mənə bağışladı. Xoşbəxt həyatım, sevimli həyat yoldaşım, dəcəl oğlum vardı. Sən saydığını say, gör fələk nə sayır, deyirlər. Bir neçə ay əvvəl anası, bacısı, oğlumla bərabər yenidən avtomobil qəzasına uğradılar. Bu qəzadan yalnız oğlum sağ çıxdı. Hər üçünü itirdik.
–Allah rəhmət eləsin. -Sənan sakit səslə dedi.
–Üzrlü bilin, bir qədər kövrəldim. Düzü, keçən dəfə sizə bu haqda danışıb-danışmadığımı xatırlamıram. Siz böyük ustalıqla həmin çapığı həm yaratmısız, həm də boyunbağının altında gizlətməyə müvəffəq olmusuz. -Müştəri gənc heykəltaraşın əlini sıxdı. Təşəkkür etdi.
Söhbətin nədən getdiyini anlamayan müdir sadəcə gülümsəyirdi. Müştərisinin razılığı onun üçün hər şeydən vacib idi.
Söhbətin bu şəkildə dəyişilməsi Sənanın ürəyincə oldu. Onun səhvini müştəri incəliklə işlənmiş xırda detal kimi qəbul etmişdi.

Ehtiyatsız davranışı ucbatından təhvil verəcəyi sifarişə görə son günlər narahatlıq keçirən Sənan, nəhayət ki, rahat nəfəs ala bildi. Üzərindən sanki ağır yük götürülmüşdü. Büstün bundan sonrakı aqibətini sifarişçi özü müəyyən edəcəkdi. Ailə məzarlığında dəfn edilmiş qadının abidəsinə son dəfə nəzər saldı. Günlərini, bütün sevgisini həsr etdiyi, onunla doğmalaşan işi ilə vidalaşdı. Ona təşəkkür edən müştəriyə və məmnun müdirinə gülümsəyib emalatxananı tərk etdi.

Bir işin sonu başqa bir işin başlanğıcı idi. Qarşıda onu nə gözləyəcəyindən xəbərsiz idi. Amma nə edəcəyinə artıq qərar vermişdi. Bu andan sonra heç kim və heç nə qərarına təsir edə bilməzdi.

–Niyə belə tələsik qərar verdin? Heç olmasa, məsləhət edərdin! –Arif narazılığını bildirdi.
Sənan əşyalarını əlindəki torbaya yığa-yığa:
–Məsləhət etsəm, nə dəyişəcəkdi ki? Qərarım qətidir. Bir də, sən özün həmişə demirdin ki,bura sənin yerin deyil?-dedi.
–Düzdür, deyirdim. Amma belə tələsik çıxıb getməyin...
–Bütün olanlardan sonra mən bu insanlarla bir yerdə necə davam edim?-Sənan narazı halda başını yellədi. –Gözlərinin içinə sakit baxa bilmirəm. Alınmır.
Arif başını tərpətdi.
–Səni anlayıram. Nə deyim... Əslində, ən düzü budur.
Süleyman kişi emalatxananın qarşısında onlara yaxınlaşdı.
–İndicə eşitdim... Doğru sözdü? –Sənan başı ilə təsdiq etdi.–Nöş işdən çıxdun? –Sənan çiynini çəkdi. –Nahax! Bir alçağın əməlinə görə işinnən-gücünnən olursan. Əslində, biz bu işi kimin törətdiyinnən şübhəliyiy, amma çifayda, sübutumuz yoxdu, boynuna qoya da bilmiriy.
Sənanın dodaqlarında kinayəli gülüş oynadı:
–Vicdanı və Allahı ilə tək buraxıb gedirəm, Süleyman dayı. Təki bu həyatda itirdiyim elə iş yeri olsun. Nə qədər canım sağdı, əlim-ayağım tutur, ac qalmaram, bir yolunu mütləq tapacam.
Süleyman kişi Sənanı qucaqladı:
–Allah yolunu açıq, işlərini avand etsin, oğlum.
Sənan təşəkkür edib ağsaqqalın əlini sıxdı.

Sənan bir anlıq ayaq saxladı. Həmişə içəridən çölə baxdığı pəncərəyə indi uzaqdan nəzər yetirdi. Yox, o, bura üçün heç vaxt darıxmayacaqdı. Yaddaşında qalan yeganə xatirə pəncərə ilə üzbəüz masada işlədiyi büstlə bağlı olacaqdı. Başqa heç nə!
Qonşusu olmasına baxmayaraq, burada işlədiyi bir neçə ay ərzində daha yaxından tanıdığı bu tərs, qürurlu, amma eyni zamanda saf ruhlu gəncə çox bağlanmışdı Arif. Aralarındakı yaş fərqinə rəğmən, yaxın dost ola bilmişdilər. Onu danlamağa ərki çatırdı:
–Aylarla əziyyət çək, canını qoy, axırda da öz haqqından imtina et... Niyə götürmədin pulları? O pulları qara qaşına, qara gözünə aşiq olub verməmişdilər! Öz əlinin halal qazancı idi!
Sənan çiyinlərini çəkdi:
–Əvvəlcə mənim bacarığıma şübhə etdilər. Sonra gördüyüm işə xələl gətirdilər. Hamısı o pullara görə deyildi? Puldan daha yüksəkdə duran dəyərlər var, məsələn, vicdan kimi, mənəviyyat kimi!
Tərs və inadkar gənci heç cür yola gətirə bilməyən Arif dostunu avtobusa kimi ötürüb işinin başına döndü. Onun getdiyinə üzülsə də, qarşıda daha böyük işlərə imza atacağına ümid və dua etdi.

********

–Gəl, oturaq bir az. Sənə ayaq üstə çox qalmaq olmaz! –Mavi gözləri, qızılı dalğalı saçları olan qız əlindən tutub onu skamyaya tərəf çəkdi.
–Bu qədər çox qayğıma qalmağını istəmirəm! –Gənc əsasını skamyanın kənarına qoyub rahatlandı.
–Hələ bu harasıdır?! Bir ömür mənə dözməli olacaqsan! –Qız güldü. Uzaqdan görünən mavi dənizin fonunda gözəl mavi gözləri parıldayırdı. Əsən xəfif külək Xəzərin suları kimi, qızılı saçlarını dalğalandırmaqda idi.
–Mənə yazığın gəldiyi üçün yanımdasan!
Qız hirslə ayağa qalxdı:
–Min dəfə demişəm: bir də bu sözü dilinə gətirmə! Mən səni sevdiyim üçün yanındayam, Sənan! Eşidirsən? Səni sevdiyim üçün!
Sənan illər əvvəl bu sözləri eşitmək xəyalı ilə yaşayardı, gecə-gündüz yuxularında sevdiyi qızın etirafını görərdi. Bu gün eşitdiyi etiraflar onun qəlbini sevindirə bilmirdi amma. İçindəki şübhələr, narahatlıqlar onu rahat buraxmırdı.
–Gənc, gözəl qızsan! Yaxşı işin var, qarşıda gözəl həyatın olacaq. –Sənan dərindən köks ötürdü. –Mənim kimi birinə layiq deyilsən!
Qız inciyib skamyanın kənarına çəkildi. Üzünü yana tutdu:
–Mənim əvəzimə danışma! Qəhrəman birinin sevgilisi, xanımı olmağa layiq bilmirsən məni, yoxsa?!
Sənan qızı özündən küsdürdüyünə peşman oldu:
–Sən başa düşmürsən...
–Xeyr, sən başa düşmürsən! Elə bilirsən, neçə il arxamca kölgə kimi məni izlədiyindən xəbərim olmayıb? Yoxsa yaxınlaşmağa cəsarət etməyib saatlarla universitetin qapısında gözləməyindən, eyni avtobusda mənimlə evə qədər getdiyindən, binamızın blokuna kimi ötürməyindən xəbərim olmayıb? Baxışlarınla uzaqdan məni izləyib evə sağ-salamat çatdığıma əmin olandan sonra geri qayıtmağından da xəbərsizəm, düşünürsən? Özünə o qədər öyrəşdirmişdin ki məni, bircə həftə yoxluğunu hiss edəndə narahat olurdum. Min fikir keçirdi ağlımdan. Məndən bezib başqa birinə aşiq ola biləcəyini də güman etmişdim hətta. Sonra yoxa çıxdın. Müharibə başlayanda səni düşünmədiyim gün yox idi. Bəlkə könüllülər arasındadır, deyə dualarımda sənin adını çəkib sonra yuxuya gedərdim hər gecə. Allaha yalvarırdım ki, harada olmağından asılı olmayaraq, Səni müharibənin dəhşətlərindən, düşmən gülləsindən, mərmi yağışından qorusun... Və heç olmasa, bircə dəfə də səni görməyi mənə nəsib etsin.
Qızın səsindəki inciklik kövrəkliklə əvəz olundu. Gözlərindəki yaş yanaqlarına süzüldü. Sənan qızın çiyinlərini qucaqladı. Qız başını onun çiyninə qoydu.
–Günel, əminsən ki, heç vaxt məndən bezməyəcəksən?
–Səni xəstəxana dəhlizində qan içində yaralı gördüyüm gün əl açıb Tanrıya dua etdim ki, sənə yenidən həyat bəxş etsin. Söz verdim ki, bir ömür qayğına qalacam. Heç vaxt səndən üz çevirməyəcəm.
–Gözlərimi açmağa, cavab verməyə taqətim yox idi. Amma səsini eşidirdim. Sənin səsin, hıçqırıqların, duaların idi məni həyata qaytaran.
–Ilk günlər yaşayacağına belə həkimlərin ümidi yox idi. Çox qan itirmişdin. Amma mən inanırdım... İnanırdım ki, geri dönəcəksən! Yaşayacaqsan! Ayağa qalxacaqsan! Saf məhəbbətlə sevən birinin ömürlük məni tərk edə biləcəyinə inanmaq istəmirdim. Sağ qalmağın özü bir möcüzə idi.
–Mənə deyirlər ki, tərssən, inadkarsan. Etiraf edim ki, sənin inadkarlığın, hökmün, mərhəmətin, bəzən də acımasızlığın olmasaydı, mən bəlkə də heç vaxt bir daha ayağa qalxıb gəzə bilməyəcəkdim.
–Mən inanırdım ki, sən bacaracaqsan.
–Sənə qəzəbləndiyim həmin gün acıq edib getdin. Axşama tərəf palataya gəldin. Yatdığımı zənn edirdin. Əlini ayaqlarıma toxundurub ağladın. Günlərlə hönkürüb ağlamağın, hıçqırıqların qulaqlarımdan çəkilmədi. Sənin ayaq qoyduğun yerə baş qoymağa hazır ikən, sən palatadan çıxanda əyilib ayağımdan öpdün. Bu dözülməz idi. Sən ürəyini boşaldıb getdin. Səhərə kimi yatmadım. Bütün gecəni adyalın altında hönkürüb ağlamaq növbəsi mənim idi. O gün özümə söz verdim ki, nəyin bahasına olursa olsun, ayağa qalxacam!
Qız gözlərinin yaşını sildi. Gülümsədi:
–İnadkarlığına heyran olmuşdum. Sən hər kəsin gözündə qəhrəman idin! Gənc həkim və tibb bacıları mərtəbənin ən yaraşıqlı xəstəsindən söhbət edəndə əsəbləşirdim. Sən demə, onlar sənə biganə olmadığımı hiss edib bilərəkdən məni qıcıqlandırırmışlar.
Sənan güldü:
–Mənim də sənə biganə olmadığımı yastığımın altında gizlətməyə çalışdığım dəftərdə çəkdiyim rəsmlərini görüb anlamışdılar.
Qız gülümsədi:
–Həəə...
Sənan qızın əlini tutdu. Gözlərinin içinə baxıb soruşdu:
–Əsəbləri korlanmış, əsanın köməkliyi olmadan keçinə bilməyən birinə bir ömür dözə biləcəksən?
Dalğalı qızılı saçlarını külək qızın üzünə dağıdırdı. Əli ilə üzündən saçlarını yığıb mavi gözləri ilə ona baxdı, başını tərpətdi:
–Dadsız, duzsuz, bəzən şor, üstəlik də yanmış yeməklər yeməyə razısansa, mən bir ömür sənə dözməyə hazıram.
Sənan qəhqəhə çəkib güldü:
–Evlilik təklifinə hələ bu cür razılıq verən qız olmamışdı!
Hər ikisi güldü. Telefon zənginə cavab verən Sənan qıza göz vurdu.
–Nikah şahidimiz zəng edir. Hə, Arif...

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakultəsinin məzunu ilə Hərbi Hospitalın gənc həkiminin nikahında şahidlik edən Arif ən ağır günlərdə Sənanı və ailəsini tək buraxmamışdı. Sənanın imtina edib götürmədiyi pulları həmin hadisədən bir müddət sonra sifarişçi şirkətin müdiri ilə bərabər ananın qarşısına masanın üstünə qoymuşdu.
Xəstəxananın Baş cərrahı -həmin qadın büstünün sifarişçisi yaralını xəstəxanaya qəbul etdikləri gün Sənanı tanıya bilməmişdi. Yalnız əməliyyatın səhəri gün onu tanıyıb tibb personalından ona xüsusi qayğı ilə yanaşmağı xahiş etmişdi. İstedadlı olmaqdan əlavə, həm də vətənpərvər olan bu gənc hər cür qayğıya, diqqətə, hörmətə layiq idi. Boş vaxtlarında ona baş çəkməyə gələn Baş həkim kolleqalarına onun barəsində, bacarıqlarından həvəslə danışardı. Xəstəxanada, sonralar isə reabilitasiya mərkəzində məşhurlaşan gənc heykəltaraş öz xoşxasiyyəti ilə də hər kəsin hörmət və rəğbəti qazanmağı bacarmışdı.

Toydan sonra üçotaqlı yeni mənzilə köçən gənc ailənin xanımının arada səsi eşidilməkdə idi:
–Min dəfə demişəm, eskizlərini, rəsmlərini pəncərənin qarşısına qoyma. Külək vurub dağıdır, axı!
SON
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.