CƏNNƏT VƏ DƏLİXANA - Hekayə
28-07-2022, 07:45
Çingiz SULTANSOY
Arada telefonla danışdığım, amma çoxdan görmədiyim, məndən otuz yaş kiçik mühacir dostum Rəşad işləriylə bağlı Erlangenə gəlmişdi, görüşmək-söhbətləşmək imkanı oldu. Pizza yedik, şəhəri gəzdik, yorulub şəhərin mərkəzində bir skamyada oturduq. Erlangenin mərkəzi küçəsi Nürnberger ştrasse adlanır. Almaniyada bir ənənədir, bütün şəhərlərdə qonşu şəhər adına küçə var, Nürnberqdə də Erlanger ştrasse var.
Bu Nürnberger ştrasse mərkəzdə bizim Nizami kimidir, maşın hərəkəti yasaq, piyada və velosipedçilərin ixtiyarıda. Bank şöbələri, paltar-ayaqqabı-çanta, saat-zərgərlik, kitab mağazaları, restoran, kafe, turizm büroları sıralanıb, amma daha Brodvey kimi möhtəşəm, böyük, gözqamaşdıran deyil təbii, xudmanidi - qənaətcil alman əyaləti üslübunda. İsti iyul gününün sərin mehli axşamı küçə gəzinən, hərdən velosipedlə keçib evinə gedən, açıq havada düzülmüş masalarda pivə, kokteyl, meyvə şirəsi içən, dondurma yeyən adamlarla doluydu. Yaxın, küçənin o biri tərəfindəki kafedən sakit, ruha tumar çəkən musiqi səsi gəlirdi. Orada tinəcən iki böyük kafenin masaları, çətirləri düzülmüşdü, tini burulandan sonra, üzüaşağı daha üç kafe də vardı, übəüzdə daha biri. Küçədə, ətrafda həmişə sakit-səssiz alman küçələrinə xas olmayan bir küy, uğultu vardı – yoldan keçənlərin danışığı, daha çox alman, arada ərəb, türk, rus kəlmələrini eşidilirdi, qadın gülüşləri, uşaq səsləri, çığırtılarıalrından ibarət bir fon.
Rəşadla söhbətimizin şirin yerində yaxşı geyinmiş. yaşı qırx-əlli arası, ziyalı görkəmli bir kişi bizə yaxınlaşdı, azərbaycanca salamlaşdı. Adını dedi – Mahir. Məlum oldu ki, məni tanıyır, hətta kiçik bir köməyim dəyib ona iyirmi-ityirmi beş il əvvəl, işədüzəlmə məsələsində:
- Mənim anam sizin yoldaşınızı tanıyır, müəllimədi, xahiş elədi. Siz də bir neçə gün sonra dediniz filan təşkilatda yer var, getdim, düzəldi.
Mənim yadıma düşmədi, amma unutmayıb, sağ olsun. O təşkilatın adını da dedi, mən yazmıram, bir azdan biləcəksiniz niyə. Səmimi, yaxşı, xoşxasiyyət insan təsiri bağışlayırdı. Yanımızda oturmaq təklif elədim, istəmədi, amma söhbət qısa olmadı, söhbətin yarısından da əvvəl ayağa qalxdım ki nəzakətsiz çıxmasın.
Hamısını olmasa da yazılarımı oxuduğunu, çıxışlarımı izlədiyini, Almaniyada işiylə bağlı səfərdə olduğunu, bu işə yeni düzəldiyini, Nürnberqə Berlindən və Münxendən sonra gəldiyini dedi, Erlangenə isə sadəcə bir əmanəti ünvana çatdırmaq üçün baş çəkmişd, bir azdan Nürnberqə hotelinə qayıdacaqdı, amma Erlangenin gözəlliyini görüb mərkəzdə gəzinmək istəmiş, bizi görüb yaxınlaşmışdı. İsveçrədə yaşayan dostum Hacı Hacıyev isə Erlangenə məftun olub, çox gözəl, üstəlik xüsusi auralı sayır, iki dəfə gəlib bura, yenə istəyir gəlsin. İsveçrədən sonra burada çox gözəl nə görüb, bilmirəm, mən elə demərəm, amma xüsusi aurası doğrudan da var.
Mahir burada yaşayışımı xəbər aldı. Məlum şeyləri dedim:
– Oturumu tez aldım, üçillik, indi vaxtını üç il də uzadıblar. İşləmirəm, istədiyim işə götürmürlər, istəmədiyim yerə isə getmərəm, təqaüd yaşındayam, işləməyim tələb olunmur.
Mahir açıq deməsə də, indiki, yeni işi babat dolanmağa imkan verldiyini anladım. Eyni zamanda səmimilik və dolanışığın olması, maddi uğur bir adamda cəmləşməsi son vaxtlar az rast gəlinən hal olub. Siyasətdən, ölkədəki durumdan danışmadıq, o demədi, mən də söhbət salmadım, elə bil yaralı yerə toxunmağa ehtiyat edərək danışdıq. Azərbaycanda az-çox dolanışığı olan adamlar daha ehtiyatlı olur, itirəcəyi şey var. Onun ehtiyatını anlayaraq danışmadım. Yazılarımı oxuyursa, bəsdi. Həm də Tərtər işindən sonra kimsə mənə təzə nə deyə bilər ki?
Mahir aldığı və hələ almaq istədiyi alman dərmanlarından danışdı, Rəşad telefonunda Googledə alman dilində axtarıb tapdı, ona yolladı. Mahir təşəkkür edib sanki ətrafdakı uğultu, qayğısız qadın gülüşləri, xoşbəxt uşaq səsləri dolu gözəl iyul axşamının təsiriylə “Bura cənnətdir!” dedi. Təsdiq elədim:
- Burada insanlar tamam başqa, tox və güvənli həyat yaşayır. Xəstələnməkdən, dərmana ya həkimə pul tapa bilməyəcəyindən, işini itirməkdən, evindən çıxarılacağından qorxmur. Güvənli həyat adama təsir edir, başqalaşır. Arressivliyi azalır, təmkini, xeyirxahlığı artır.
- Görünür, hiss olunur, - dedi, - buraya Fransadan gəlmişəm, ora da elədir. Üç gündən sonra evə dönəcəm.
Və gözlənilmədən əlavə etdi:
- Bu cənnətdən sonra qayıdacam o dəlixanaya...
Yüngül təbəssümlə, güclə duyulan yanğıyla dedi bunu və sağollaşıb getdi, adamların arasında gözdən itdi, sanki axşamın, buradakı auranın ovsununa düşüb dilindən qaçırdığına peşman oldu.
Onun son sözləri məni tutdu. „Cəhənnəmə“ də demədi ki Bakının istisinə-bürküsünə, mərkəzi küçələrin smoq dolu havasına yozula bilsin. „Dəlixana“ sözü sanki indiyəcən yan keçdiyimiz, üstündən sükutla adladığımız bir qalaq iyrənc və təhlükəli mətləbin üstündəki pərdəni dartıb qopardı, eybəcərlikləri bütün çılpaqlığıyla göstərdi.
Ac övladın da, tox övladın da, varlın da zillət içində, Azərbaycan. Min bir yalanla ya da lap doğruyla burda oturum alan övladların isə o dəlixanada, cəhənnəmdə qalan, yanan qohumlarından başqa hamını, hər şeyi unudurlar...
Hava yavaş-yavaş qaralırdı, Rəşad da getməliydi. Avatarımı təzələmək üçün xahişimlə şəklimi çəkdi, qalxdıq. Vağzala, qataracan yola saldım. Vağzalyanı meydanda parkladığım velosipedi minib qayıdanda küçənin işıqları yandırılmışdı, kafelərdəkilər daha gur olmuşdu, açıq havada oturanlar seyrəlməyə başlamışdı. Gugenoten Kirche – Quqenotlar kilsəsinin zəngi sərin axşam havasında ucadan səslənib yayıldı. Almanların çoxusu üçün bu sadəcə saat doqquzun, daha bir günün bitdiyinin, bəlkə dua vaxtının ya yatmaq vaxtı gəldiyinin işarəsidi, adi və doğma səsdi. Amma mən bu səsdə dərin kədər, gizli, dilə gətirilməsi mümkün olmayan bir ağrı, dərd duyurdum indi. Axşamtərəfi sərinləşən və güclənən, küləyə çevrilən mehin Nürnberger-ştrassedəki qırx-əlli illik, adını hələ də öyrənmədiyim ağacların xışıldatdığı yarpaqların səsindəki kimi…