Kurçatov Beriyanı atom bombası ilə şantaj edib

1-08-2022, 08:45           
Kurçatov Beriyanı atom bombası ilə şantaj edib
1718-ci ildə I Pyotr Fransada səfərdə olarkən bu ölkəndə fəaliyyət göstərən Elmlər Akademiyasını da ziyarət edib. Səfərdən qayıtdıqdan sonra o, Rusiyada da anoloji bir qurumun yaradılması haqqında düşünüb. Nəhayət, altı illik müzakirələrdən sonra, 28 yanvar 1724-cü ildə (yeni təqvimlə fevralın 8-də) Pyotr Rusiyada Elm və İncəsənət Akademiyasının yaradılması haqqında fərman imzalayıb.

Akademiyanın ilk heyəti 15 nəfərdən ibarət olub. Onlardan yalnız bir nəfəri, qurumun prezidenti Lavrenti Blyumentrost Rusiya vətəndaşı olub, digər üzvlər xarici ölkələrdən dəvət alıblar. Beləliklə, Rusiyada Elmlər Akademiyasının əsası 1724-cü ildə qoyulub.

Oktyabr inqilabından sonra Elmlər Akademiyası Rusiya Xalq Maarif Komissarlığının tabeliyində fəaliyyət göstərib.

1925-ci ildə, akademiyanın yaranmasından 201 il sonra Moskvada bu qurumun 200 illiyi qeyd edilib. Yubiley tədbirində akademiya ilə bağlı yeni qərar qəbul olunub. SSRİ İcraiyyə Komitəsinin və Xalq Kommissarları Sovetinin 27 iyul 1925-ci il tarixli qərarı ilə SSRİ Elmlər Akademiyası yaradılıb. SSRİ Elmlər Akademiyasının ilk prezidenti elə əvvəlki dövrdə də akademiyaya rəhbərlik edən məşhur geoloq Aleksandr Karpinski seçilib.

İttifaq miqyaslı SSRİ Elmlər Akademiyasının yaradılması mövcud dövrün tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib, onlar elə düşünüblər ki, eyni mərkəzdə fəaliyyət göstərmək, Xalq Komissarları Sovetinin tabeliyində olaraq təminat və təchizat məsələlərində problemsiz işləmək və s. güzəştlər, imtiyazlar elmin inkişafına böyük töhfələr verəcək. Amma heç demə, alimlər də yanılarmış...

SSRİ Elmlər Akademiyası yarandığı gündən Kremlin bu quruma nəzarəti digər qurumlardan qat-qat çox olub. Akademiya həmin vaxt Leninqradda yerləşib.

Fəaliyyətə başlıdıqdan 4 il sonra, 1929-cu ildə Stalinin göstərişi ilə akademiyada araşdırmalar aparmaq üçün Leninqrada xüsusi hökumət komissiyası göndərilib. Araşdırmaların nəticəsi olaraq həmin il “QPU” (sonralar “NKVD”) akademiyanın fəaliyyəti ilə bağlı “Akademiya işi” adı altında cinayət işinə başlayıb. Bu cinayət işində əsas hədəfə tarixçilər və düyarşünaslar düşüblər. Bu cinayət işi altında başda akademiyanın humanitar elmləri şöbəsinin müdiri Platonov olmaqla 150 nəfər həbs edilib. Onlardan altı nəfəri güllələnmə, digərləri isə 10-15 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Alimləri arxiv sənədlərinin oğurlanması və qəsdən məhv edilməsi, casusluq, əksinqilabi və antisovet fəaliyyət, elmin inkişafına qəsdən əngəllik törətmək maddələri ilə ittiham ediblər.

Mərkəzi Komitənin akademiyaya təsir və təzyiqi bununla bitməyib. 1934-cü ildə akademiya Leninqraddan Moskvaya köçürülüb. Kremlə daha yaxınlıq nəzarəti daha da artırıb.

Siyasi liderlərin akademiyanın işinə müdaxiləsi, seçkili vəzifələrə yuxarıdan təyinat alimləri ciddi şəkildə narahat edib. Onlar rəsmilərə anlada bilməyiblər ki, siyasətlə elm vəhdət təşkil edə bilməz, siyasət ayrı, elm ayrı. Amma bunların heç bir nəticsi olmayıb. Bu məsələdə alimlərin özləri də bəzən üz-üzə dayanıblar. Stalinə yaxın olan, ondan yararlanan bəzi alimlər akdemiyada gərginliyi daha da artırıblar.

22 dekabr 1939-cu ildə, Stalinin 60 illik yubileyində akademiya kollektivi yubilyarı SSRİ Elmlər Akademiyasının fəxri üzvü seçiblər. Amma bu da Stalinin akademiyaya qarşı sərt münasibətini dəyişməyib.

1948-ci ildə Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının ümumi yığıncağında Stalinə yaxınlığı ilə fərqlənən akademik Trofim Lısenko biologiyanın əsas qolu olan genetika elmini marksist dialektikasına zidd, yalançı burjua elmi kimi qiymətləndirdikdən sonra, Stalin onun fikirlərini dəstəkləyərək akademiyanın genetika institutunun ləğv edilməsi haqqında göstəriş verib. Bununla da, bu institutuda çalışanların hamısı işdən azad olunub və neçə illik elmi araşdırmaları hədər gedib.

1949-cu ildə akademiyanı növbəti təhlükə gözləyib. Həmin il “Pravda” qəzetində fizika elmi ilə bağlı yazı dərc olunub və elmin bu sahəsi də burjua elmi kimi dəyərləndirilib. Yazının müəllifi bununla bağlı diskusiyaların keçirilməsini vacib sayıb.

Bioloqlardan fərqli olaraq fiziklər bu məsələdə çevik tərpəniblər. Akademik Kurçatov həmkarlarını təcili toplayaraq müzakirələr aparıb. Nəhayət, onlar çıxış yolunu Siyasi Büroda elm sahəsinin kuratoru olan Lavrenti Beriya ilə danışıqlarda görüblər. Kurçatov Beriyaya zəng vurub və birbaşa cəsarətlə mətləbə keçib:

- Lavrenti Pavloviç, siz necə düşünürsünüz, biz atom bombası üzərində işləyirik, digərləri isə “bizə fizika lazımdır, ya yox” mövzusu ətrafında diskussiyaya hazırlaşırlar. Xahiş edirik, seçim edin, ya diskusiya, ya da atom bombası.

Akademikin bu cür girişi Beriyanı qıcıqlandırıb:

- Siz mənim qarşıma şərt qoyursunuz, ultimatum verirsiniz?

- Xeyr, Lavrenti Pavloviç. Sadəcə bizi inandırmağa çalışırlar ki, Е=mc² formulu dialektik materializmə uyğun gəlmir. Əgər E mc²-yə bərabər olmursa, onda atom bombası da olmur.

Beriya əsəbi şəkildə dialoqu yarımçıq qoyaraq dəstəyi asıb. Amma bir saatdan sonra özü Kurçatova zəng vurub:

- Mən məsələni həll etdim, heç bir diskussiya olmayacaq, işinizə davam edin.

Rəsmilərlə elm adamları arasında bu cür hadisələr çox olub. SSRİ Elmlər Akademiyası uzun illər kommunist ideologiyasının ağır şərtləri altında fəaliyyət göstərib. Yalnız Brejnev hakimiyyətə gəldikdən sonra SSRİ Elmlər Akademiyasında alimlər əvvəlki illərə nisbətən daha rahat nəfəs ala biliblər. 1991-ci ildə isə SSRİ Elmlər Akademiyasının fəaliyyəti rəsmi olaraq dayandırılıb. Onun bazasında Rusiya Elmlər Akademiyası yaradılıb.

Mənbə: Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.