Hay ver mənə, cənab leytenant ...

4-09-2022, 11:25           
Hay ver mənə, cənab leytenant ...
...Bu gün elə aləmdə səsi ilə izi qalan xalqın anası Əzizə Cəfərzadənin və milli qəhrəman Mübariz İbrahimovun ölüsünü gətirərkən erməni gülləsinə tuş gələn zabit Fərif Əhmədovun vəfat günləridir
....İndiyədək gözümün qabağındadır: 20 Yanvar günü Şəhidlərin dəfn mərasimində onun mərsiyə deməyini...Hamı kədərli olsa da o gün, ən dözülməz, ən ağır hal anaların vəziyyəti idi. O gün xalq anası Əzizə Cəfərzadə bütövlükdə bu dərdlərin əlində yumağa dönmüş Azərbaycan anasının ağlar simasına çevrilmişdi. Göz önümüzdən şəhidlərin dəfnində ağ saçlarını əlləri ilə xışmalayaraq bədahətən dilinə gələn bayatılarla necə şivən qoparmasını dilə gətirmək mümkün deyil...
Arazam, keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryaz al, biç üstümdən...
...Bu gün həm də ürəyimizi dağlayan insanlarımızdan biri Cəlilabad rayonunda anadan olmuş baş leytenant Fərid Əhmədovun şəhid olduğu gündür ...Yerinə düşmüşkən deməliyəm ki, baş leytenant Fərid Əhmədov bizim Cəlilabad rayonundan olan müsavatçı Rahib Tacirlinin bibisi oğludur.

...Fərid Əhmədov Mübariz İbrahimovun yolunu gedib. Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılmamasını da çox ürəyinə salır və qəzəblənirdi. Əməliyyata gedəndə deyib ki, "mən gedəcəyəm, Mübarizi də gətirəcəyəm."
...Fərid getdi və Mübarizi də gətirdi. Amma öz canı bahasına. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir.

Ağdamlı Şəhid Leytenant Fərid Məmmədov düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün ruhu şaddır. Çünki uğrunda canını verdiyi yurd yerlərimiz artıq tamamilə azaddır.
Barıt qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar.
Səndən təsəlli, bir zabit mündiri,
Bir cüt ulduzlu, aylı paqonlar
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant.
Ruhları qarşısında təzimlə
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.