DÜŞMƏNİN DƏRDİNƏ SEVİNMƏK HAQQI
7-09-2022, 17:40
Dünən, sentyabrın 6-da Ukraynanın rus işğalında olan Berdyansk şəhərində Rusiya tərəfindən təyin olunmuş hərbi komendantın maşını partlayıb. Bunu RF-nin Meduza mediaplatforması xəbər verir.
Ağır yaralanan hərbi komendant Artem Bardinin xəstəxanada ölüb-ölməməsi haqda qarışıq xəbərlər var. Olay şəhərin mərkəzində, administrasiya binasının yaxınlığında baş verib. Yerli hakimiyyət nümayəndəsi partlayışı “terror aktı” adlandırıb.
Fakt bir daha göstərir ki, Ukrayna güclənib, işğalçını hər tərəfdən sıxışdırır. Amma Ukrayna tərəfdarlarının bu xəbərin altında yazdığı şərhlər daha maraqlıdır.
Andrey Kutsenko “Yəqin maşında siqaret çəkirmiş...”
Ольга Сукманюк “Əvvəl müharibəyə “müharibə” deməyi öyrənin, sonra buna terakt deyərsiniz”.
Elena Kabatchenko “Elədiyiniz “xüsusi əməliyyatdır”, amma başınıza gələn “”terakt”? Əcəb məntiqdi”
Михаил Костицын “Ölənə can sağlığı arzulayıram!”
Bu gülüş, sevinc, təntənə, istehza və həqarət dolu, zərərçəkəni və təmsil elədiyi qüvvəni aşağılayan şərhlər bəzən bizdə yazılan şərhləri xatırlatdı. Mirşahin Ağayevin COVİD tutub xəstələnmək xəbəri yayılanda, hansısa baş ya ayaq prokuror, İH başçısı, general həbs olunanda, nazir öləndə və bu sayaq olaylar baş verəndə bizdə də belə istehzalı şərhlər yazılır. Zərərçəkənin qohumları, tərəfdarları da insanları qınayır, insanlığından şikayət edir, "Bəs mərhəmət?", "Adamlar niyə belə olub?!" soruşurlar.
Suallarla bağlı 40 il əvvəl baş vermiş, bizim köhnə evdə lətifəyə çevrilmiş bir olay yadıma düşdü. 3-4 yaşlı, Aygün adlı həyətdə oynayan qonşu qız ağlaya-ağlaya anasının üstünə gəlir. Ağlayanda da elə ağlayır, elə bil anası ölüb. Ana soruşur:
- Nə olub, Aygün?
- Ö-öö! Ö-ööö!! - ağlayır, hıçqırır.
- De görüm nə olub axı?!
- Mədət mənim başıma çırtma vurdu! Ö-öö! Ö-ööö!
Ana qızını tanıyır, ona görə uşağı ovundura-ovundura soruşur:
- Ona nəsə dedin? Ya elədin? Birinci sən? Düzünü de!
- Mən ona baalaca təpik vurdum. Ö-öö!
"Özgənin dərdinə sevinmək olar?", "Adamlar niyə belə edir?" soruşanda bu "baalaca təpik" sözü yadıma düşür. Fərq ondadır ki, Aygün 3-4 yaşlı uşaq idi, bunlar azı 30-40 yaşlı, guya ağıllı-savadlı adamlardır.
Mən də soruşanlardan soruşuram, doğrudan ee, niyə belə?!
Bir azca fikirləşin də! El ağzı çuval ağzı deyil, yığa bilməyəcəksiniz!..
Çingiz Sultansoy
Teref.az