"Meşə qardaşları"nın qənimi - Duşanski haqqında 40 ildən sonra axtarış verilib.
6-11-2022, 12:17
Ən yeni tarix. Maraqlı faktlar.
Tarixdə elə hadisələrə rast gəlmək olur ki, mövcud dövrdə onlar təhrif olunaraq ictimaiyyətə tam fərqli məzmunda təqdim olunub. Amma zaman gec-tez bütün həqiqətləri üzə çıxarır. 1940-1950-ci illərdə Baltikyanı respublikalarda fəaliyyət göstərən “meşə qardaşları” da həmin dövrdə mütəşəkkil cinayətkar dəstə, xalq düşmənləri adlandırıldığı halda, 1990-cı illərdən sonra onlar xalq qəhrəmanı kimi təqdim edilib.
Litva, Latviya və Estoniyada formalaşan, olduqca uğurla təşkilatlanan “meşə qardaşları” ötən əsrin ortalarında Moskva üçün sözün əsl mənasında böyük təhlükəyə çevrilib. Təhlükənin birinci səbəbi ondan ibarət olub ki, antisovet və antikommunist fəaliyyət göstərən dəstədə hazırlıqlı, təlim keçmiş silahlı qruplar yaradılıb. Təhlükənin ikinci səbəbi isə “meşə qardaşları”nın Üçüncü Reyxdən dəstək alması olub. Belə ki, Adolf Hitler “meşə qardaşları”na xoşbəxt gələcək və müstəqillik vəd edib.
Günü-gündən sıraları genişlənən “meşə qardaşları”nın sayı 419 ayrı-ayrı dəstələrdə birləşərək 65 min nəfəri ötüb. Litvada 30 min nəfərdən ibarət 300 dəstə, Latviyada 20 min nəfərdən ibarət 64 dəstə, Estoniyada 15 min nəfərdən ibarət 55 dəstə kommunist rejiminə qarşı mübarizədə birləşiblər.
Sözsüz ki, həm müharibə ərəfəsində, həm müharibə illərində, həm də müharibədən sonrakı dövrdə “meşə qardaşları”nı zərərsizləşdirmək üçün Kreml ən ciddi tədbirlərə əl atıb. “NKVD” (sonralar isə Dövlət Təhlükəsizliyi Nazirliyi) “meşə qardaşları” ilə bağlı çoxsaylı əməliyyatlar keçiriblər. Bu əməliyyatlarda yadda qalan simalardan biri də “NKVD”-nin Litva idarəsinin zabiti Naxman Duşanski olub.
1919-cu ildə Litvanın Şyaulyay şəhərində yəhudi ailəsində anadan olan Duşanski altı sinif oxuduqdan sonra ailəyə kömək etmək üçün fəhlə işləməyə başlayıb. O, yeniyetməlik yaşından, 14 yaşı olanda Litvada gizli fəaliyyət göstərən komsomol təşkilatına üzv qəbul edilib, inqilabi fəaliyyətdə fəallığı ilə fərqlənib.
1936-cı ildə Duşanski Litvada kəndli üsyanının təşkilatçılığında ittiham olunaraq həbs edilib və altı il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Duşanski Şyaulyay həbsxanasında cəza çəkdiyi vaxt, 1936-cı ildə Litvada gizli fəaliyyət göstərən Kommunist Partiyasının üzvlüyünə qəbul edilib.
1940-cı ildə Baltikyanı respublikalar SSRİ-nin ərazisinə daxil edələndə Duşanski azadlığa buraxılıb.
II Dünya müharibəsi Duşanskinin həyatında ağır izlər qoyub. Onun atası və anası, iki qardaşı və bir bacısı almanlar tərəfindən öldürülüb. Ailədə təsadüf nəticəsində yalnız bir nəfər, Duşanskinin kiçik qardaşı sağ qalıb.
Bu hadisələr kommunist əqidəli Duşanskinin nasist Almaniyasına nifrətini, qisas hissini birə beş artırıb.
Azadlığa çıxdıqdan sonra Duşanski Litvada “NKVD” orqanlarında xidmətə başlayıb. Moskvada doqquz aylıq xüsusi kurslardan sonra o, Kaunasda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində xidmətini davam etdirib. Duşanskinin qarşısına qoyulan əsas vəzifələrdən biri “meşə qardaşları”na qarşı mübarizənin gücləndirilməsi olub.
Ümumiyyətlə, Litvada xidmət etdiyi illərdə Duşanski Moskvanı bir çox məxfi informasiyalarla təmin edib. O, müxtəlif üsullarla Almaniya xüsusi xidmət orqanlarının 30-dan artıq zabitini əməkdaşlığa cəlb etməyi bacarıb. Onların arasında general rütbəli əməkdaşlar da olub.
Duşanskinin fəaliyyətində “meşə qardaşları” ilə mübarizə xüsusi yer tutub. Hətta onu “meşə qardaşları”nın qənimi adlandırıblar.
Duşanski “meşə qardaşları”nın üç ən təhlükəli başçılarının, Yuozas Lukşinin, Yonas Jyamaytisin, Adolfas Ramanauskasein ələ keçirilməsi əməliyyatlarında əsas rol oynayıb. Hər üç əməliyyat uğurla nəticələnib, başçılardan biri əməliyyat zamanı məhv edilib, digər ikisi isə həbs olunub. Məhz bu əməliyyatlardan sonra “meşə qardaşları” fəaliyyəti xeyli zəifləyib. 1956-cı ildə isə bu dəstə öz fəaliyyətini tam dayandırıb.
Müharibədən sonra Duşanski Vilnüsdə Dövlət Təhlükəsizliyi İdarəsində hərbi cinayətkarların axtarışı şöbəsində işləyib. O, eyni zamanda Vilnüs Universitetinin hüquq fakültəsində qiyabi təhsil alıb.
Duşanski 1967-ci ildə Litva Dövlət Təhlükəsizliyi Komitəsində yeni yaradılmış 5-ci şöbəyə rəis müavini vəzifəsinə təyinat alıb. Bu vəzifədə onun üzərinə ideoloji diversiya ilə mübarizə aparmaq missiyası düşüb.
1971-ci ildə istefaya çıxan Duşanski İsrailə köçüb.
SSRİ süquta uğradıqdan sonra “meşə qardaşları”nın məsələsi rəsmi səviyyədə gündəmə gəlib və onlar azadlıq carçıları, Rusiya işğalına qarşı mübarizə aparan qəhrəmanlar, bir sözlə xalq qəhrəmanları kimi tanıdılmağa başlanılıb. Onlara qarşı mübarizə aparanları isə xalq düşməni kimi siyahıya alaraq məhkəməyə cəlb etmək məsələsini qaldırıblar. Bu siyahıda ilk yerlərdən birində Duşanskini adı əks olunub. O, “meşə qardaşları”na qarşı soyqırım fəaliyyətində ittiham edilib. Litva hökuməti İsrailə dəfələrlə Duşanskinin ekstradisiyası haqqında müraciət edib. İsrail bütün bu müraciətləri rədd edərək Duşanskini Litvaya təhvil verməkdən imtina edib.
Duşanski isə Litvanı ikiüzlülükdə ittiham edib, illər boyu Kommunist Partiyasına təzim edən, daha sonra isə ona qarşı ağır ittihamlar irəli sürən bir dövlət kimi.
Qeyd edək ki, Duşanski 2008-ci ildə, 88 yaşında İsraildə vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az