At və it qurbanları
17-01-2023, 16:23
Qədim türklər, xüsusilə də İslama qədər hər zaman at qurban etmişdilər. Türklərin atları qurban etməsində başlıca amil bu heyvanın ən çox sevilməsindən irəli gəlirdi. Göytürklər sülhü bayram etmək üçün ağ at qurban etmişdilər. Monqollar da yaranan tayfa ittifaqını ağ at qurban edərək bayram edirdilər.
At qurbanı üçün məhdudiyyət yoxdur. Kin sülaləsinin hökmdarı Taitsou kədərdən xilas olmaq üçün at qurban etmişdi. İlkin dövr müsəlman türkləri də at qurban etməkdən çəkinməmişdilər. Amma İslami dövrlərdə sonradan atın yerini qoyun-qoç aldı. Qoyun qurbanı İslamdan əvvəlki dörvdə də türklər arasında yayılmışdı. Amma at qədər geniş deyildi. Böyük mərasimlərdə qurban edilən atların ağ at olduğu diqqəti çəkir. Ağ atlar ən çox Tanrıya qurban edilirdi.
At və qoyun qurban edilən yeganə heyvan deyildi. İt və maral qurbanları haqqında da kifayət qədər məlumatımız var. Sibir xalqlarında indi də qurban olaraq maral və itlər kəsilir. Monqollarda it qurbanı xüsusi əhəmiyyət kəsb edirdi. Qədim türklərdə itin qurban edildiyi haqqında məlumatlar mövcuddur. Skif-alban qəbirlərindən it skeletlərinin tapılması it qurbanının geniş yayıldığını deməyə əsas verir. İtlər Tanrıya, günəşə, ulu babaların ruhuna, hətta öldürülən heyvanların ruhuna qurban edilirdi.
Əkbər Nəcəf, İnanc Yaddaşı səh 317 - 318
Teref.az