Xürrəmilərin meydana çıxması
31-01-2023, 08:44
İslamın yayıldığı ilk çağlarda, yəni Raşidi xəlifələri (632-661) dövründə geniş xalq kütlələrini təzyiqlərdən və ağır vergi mükəlləfiyyətlərdən xilas edən islami vergi sistemi sadə insanların bu inancı qəbul etməsini asanlaşdırdı. Belə ki, müsəlman olmadıqları halda cizyə verən bu kütlə, müsəlman olduqdan sonra, sadəcə, illik məhsulun onda bir hissəsini dövlət xəzinəsinə verməklə, qalan məhsulu sərbəst satmaq və istifadə etmək haqqına sahib oldular. Qeyd olunan yeni vergi siyasəti Azərbaycanın da daxil olduğu bütün Xilafət ərazisində tətbiq edilirdi.
Lakin Əməvilər (661-750) hakimiyyətə gəldikdən sonra bu siyasət kəskin dəyişdi. Ərəb qövmiyyətçi düşüncəsinə sahib Əməvilər ərəb olmayan əhalini "məvali" adı ilə damğaladılar və müsəlman olduqları halda onlardan cizyə vergisi almağa başladılar. İslamı ərəblərin dini hesab edən Əməvilər ərəb olmayan müsəlmanları müsəlman hesab etmədikləri üçün onlardan cizyə vergisi alır, buna görə də məvalilər arasında islamın yayılmasına maraq göstərmirdilər. Məvalilərdən alınan cizyə vergisindən, fəth olunan yeni ərazilərdən əldə edilən qənimətlərdən varlanan Əməvilər bir müddət sonra hərbi yürüşlərə də qatılmadılar və kənardan muzdlu ordu cəlb etməyə başladılar. Nəticədə xilafət ordusunda əsasən türklərin təşkil etdiyi qulamlar meydana çıxdı.
Qeyd olunan dövrdə Əməvi hakimiyyətinin apardığı siyasətdən narazı qalan ərəb ailələrinin xilafətin ucqar bölgələrinə köçürülməsi prosesi geniş vüsət aldı. Əksəriyyəti əhli-beyt tərəfdarı olan bu ailələr zaman keçdikcə yerli əhalinin müsəlmanlaşmasında və məvalilərin xilafətə qarşı təşkilatlanmasında böyük rol oynadılar. Yəni, Əməvilərin hakimiyyətə gəlməsindən narazı olan əhli-beyt tərədarları ilə onların apardığı zorakı siyasətdən narazı qalan məvalilər xilafətə qarşı birləşdilər. Bu birləşmənin nəticəsində xilafətin ucqar bölgələrində, xüsusilə Azərbaycan, Xorasan, Bəlx və digər ərazilərdə Əməvi hakimiyyətinə qarşı sosial etirazlar geniş vüsət aldı. Peyğəmbərin əmisi Abbasın tərəfdarı olan abbasilər hakimiyyətin İmam Əlinin övladlarına məxsus olduğu istiqamətində təbliğat apararaq Əməvilərə qarşı bütün narazı kütlələri, xüsusilə də məvalini öz ətraflarında birləşdirdilər. Nəticədə, əhli-beyt ideologiyası ətrafında birləşən məvali kütlə (türklər və iranilər) Əməvi hakimiyyətindən narazı qalan ərəbləri də ətrafına birləşdirib 750-ci ildə hakimiyyəti ələ keçirdilər.
Lakin əhli-beyt ideologiyası və məvalilərin haqlarını qorumaq şüarı ilə hakimiyyətə gələn Abbasilər xilafəti əhli-beyt mənsublarına verməyib idarəni öz əllərində saxladılar. Üstəlik, bu siyasətə etiraz edən məvali kütlənin lideri Əbu Müslüm Xorasani və tərəfdarlarını ortadan qaldırdılar. Abbasilərin bu siyasətindən narazı qalan məvali kütlə iki qola ayrıldı:
1. Abbasi tərəfdarı olub xilafət idarəsində yer alanlar
2. Abbasi əleyhdarı olub Əbu Müslim və əhli-beyt ideyasını davam etdirənlər kütləsi
Birincilər Abbasi Xilafəti daxilində Xəlifə Mənsurdan başlayıb Xəlifə Məmuna qədər davam edən təqribən 50-70 illik bir tarixi prosesdə xilafət sistemini mərhələli olaraq ələ keçirdilər. Bunlar məvali kütlənin özəyini təşkil edən türklər və irani qruplar idi. Türklər hərbi-idarə, iranlılar isə divan təşkilat sistemini ələ keçirib dövlət daxilində mübarizəyə başladılar.
İkincilər isə Abbasi hakimiyyətinin siyasətindən narazı qaldığı üçün xilafətə qarşı üsyana qalxdılar. 751-ci ildə Əbu Müslüm Xorasaninin silahdaşı İshaq ət-Türkinin başçılığında Xorasanda ilk üsyanlar başladı. Bu, xürrəmilər üsyanının başlanğıcı idi. Xilafətin digər ərazilərində, xüsusilə İraqda xürrəmilərin bənzəri olan ismaililər hərəkatı başlamışdı. Bu üsyanlar getdikcə genişlənərək bütün xilafəti bürüdü. Nəticədə, Abbasilərin tərəfdarı olan məvalilər ilə onlara qarşı olan məvalilər üz-üzə gəldilər.
“Azərbaycan - Milli Kimliyin Tarixi Məsələləri” toplusu
Əkbər Nəcəfin “Azərbaycan Tarix Metafizikası” məqaləsindən
Əkbər Nəcəf, Sacilər kitabı
Teref.az