Nağı Şeyxzamanlı H.Z. Tağıyev haqqında
2-02-2023, 10:30
Aprel işğalından sonra bolşeviklər Hacı Zeynalabdinin var-dövlətini də əlindən alıb müflis etdilər. Onun pulu ilə oxuyub ali təhsil alan doktor Nəriman Hacını həbs etdirdi. Hadisə belə olmuşdur: Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı tekstil fabrikasının adı bolşeviklər tərəfindən dəyişdirilərək «Lenin tekstil fabrikası» adı verilir. Bunu eşidən Hacı doktor Nərimanın yanına gedir və ona: «Nəriman, mən öz pulumla türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram Cəmiyyəti adını Tağızadə qoydu, indi isə dəyişdirib Dadaş Bünyadzadə qoymusunuz. Buna heç bir etirazım yoxdur, çünki o da türkdür. Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da bir etirazım yoxdur. Çünki millət üçün işlədiləcəkdir deyirsiniz. Yalnız etirazım adını lənət olmuş Leninin adına qoymağınızdadır. Mən o alçaq Leninə fabrika satmamışam. Əgər fabrikamın adını dəyişdirib Nəriman qoysaydınız, yenə etiraz etməyəcəkdim»!» deyir. Bu sözlərdən sonra Nəriman rəhbərliyi altında çalışdığı yanındakı rusdan qorxaraq Hacını həbs etdirir. Bu hadisəni eşidən fabrika işçiləri tətil edərək ÇEKA-ya gedir və Hacının dərhal azad edilməsini tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək həbsdən azad etdirirlər.
«Azərbaycan» kültür dərgisi. 1957. № 15.
Baba Allahnəzərov
Teref.az