35 il Bolqarıstana rəhbərlik edən Jivkovun varidatı – 72 ev, 67 avtomobil, 24 milyon dollar.

15-02-2023, 12:07           
35 il Bolqarıstana rəhbərlik edən Jivkovun varidatı –
Ən yeni tarix. Maraqlı faktlar.
Ölkə rəhbərliyində olduğu 35 il ərzində onu Bolqarıstanın ən mötəbər tribunalarında sürəkli alqışlarla alqışlayıblar. Ölkə iqtisadiyyatını böhran vəziyyətinə salanda da, əhalinin sosial rifahı acınacaqlı vəziyyətə düşəndə də bu sürəkli alqışlar azalmayıb. Çünki Todor Jivkovun yaratdığı rejimdə heç kimin danışmaq, etiraz etmək, fikir bildirmək hüququ olmayıb. Özünü mütləq hakim sayan Todor Jivkov Bolqarıstanda 35 il ərzində yeganə söz sahibi olub...
Todor Jivkov 1911-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhəri yaxınlığındakı Pravets kəndində anadan olub. Yoxsul kəndli ailəsində və kənd mühitində böyüyən Todor Jivkov uşaqlıq illərində çox sakit, tez-tez özünə qapanan bir uşaq kimi tanınıb. Heç kim ağlına belə gətirməyib ki, sakit təbiətli Todor nə vaxtsa sərt xarakteri ilə ölkəni ayaq üstə saxlamağa qadir olacaq, onun birinci şəxsinə çevriləcək.
Todor Jivkov ilk əmək fəaliyyətinə Sofiya dövlət mətbəəsində çapçı kimi başlayıb. Bir müddət işlədikdən sonra Bolqarıstan Kommunist Partiyası gənclər ittifaqına üzv olub. 1932-ci ildə Bolqarstan Kommunist Partiyasına üzv qəbul olunan Todor Jivkov 1934-cü ildə partiya orqanlarında işləməyə başlayıb. O, əvvəlcə İkinci Sofiya rayon partiya komitəsinin katibi, sonra Sofiya şəhər Yuçbunarski rayonunun katibi təyin edilib.
II dünya müharibəsi başlananda Todor Jivkov partizan hərəkatının yaradılmasında iştirak edən fəallardan biri olub.
9 sentyabr 1944-cü ildə Bolqarıstanda kütləvi silahlı qiyam zamanı Todor Jivkov Sofiyada cəmləşən milli azadlıq birləşmələrinə rəhbərlik edib, faşist diktaturasının devrilməsində və Bolqarıstanda xalq hakimiyyətinin qurulmasında əsas fiqurlardan biri olub.
Bu hadisədən sonra siyasi populyarlığı artan Todor Jivkovun karyerasında sürətli irəliləyiş başlayıb, Mərkəzi Komitənin və Siyasi Büronun üzvü seçilib. 1948-ci ildə o, Sofiya şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə gətirilib. Bir il bu vəzifədə çalışdıqdan sonra Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinə katib təyin edilib.
Todor Jivkov öz mövqelərini qorumaq üçün istənilən mürəkkəb şəraitdə siyasi manevrlər etmək bacarığına malik olan siyasətçilərdən biri sayılıb. Özünə rəqib ola biləcək siyasətçiləri siyasi səhnədən uzaqlaşdırmaq məsələsində o, əsl peşəkar olub və beləliklə də, ölkənin birinci kürsüsünə gedən yolu təmizləməklə, həyata keçirdiyi qabaqlayıcı profilaktik “tədbir”lərlə hədəfə doğru addımlayanda çox da böyük maneələrlə üzləşməyib.
1954-cü ildə Bolqarıstanın siyasi həyatında və Kommunist Partiyasında siyasi qruplaşmalar yarananda və bu səbəbdən də həmin dövrdə partiyaya rəhbərlik edən Vılko Çervenkov kommunistlər arasında nüfuzunu itirəndə Todor Jivkov yaranmış bu vəziyyətdən səmərəli istifadə edərək Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (sonralar bu vəzifə “baş katib” adlanıb) vəzifəsinə yiyələnə bilib. Bununla yanaşı, o həm də Bolqarıstan Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə də sahib olub.
Hakimiyyəti bütövlükdə ələ keçirən Todor Jivkov düz 35 il Bolqarstana rəhbərlik edib.
Todor Jivkovun hakimiyyətdə qalması üçün əsas dəstəklərdən biri SSRİ olub. Bolqarıstan rəhbəri SSRİ liderləri ilə sıx əlaqələr yaradıb. Xüsusilə də Leonid Brejnevlə Todor Jivkovun münasibətləri dostluq səviyyəsində olub.
Məlum olduğu kimi, mövcud dövrdə digər sosialist respublikalarında olduğu kimi Bolqarıstanda da siyasi kurs Moskva tərəfindən tənzimlənib. Daha açıq ifadə etsək, həmin respulikalar SSRİ-nin nəzarətində olublar. Bu baxımdan Todor Jivkovun sovet rəhbərləri ilə yaxın münasibətlər qurmaq cəhdi və istəyi də anlaşılandır.
Todor Jivkov siyasi fəaliyyəti dövründə bir çox yüksək təltiflərlə mükafatlandırılıb. Bolqarıstan lideri o cümlədən 31 dekabr 1977-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Lenin” ordeni və Sovet İttifaqı Qəhrımanı adına da layiq görülüb.
Qeyd edək ki, Todor Jivkov 1974-cü ildə SSRİ-yə rəsmi səfəri zamanı Azərbaycanda da olub.
Bolqarıstan və SSRİ arasında olan münasibətlər 1985-ci ildən öz kursunu dəyişib. Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra apardığı “yenidənqurma” siyasəti Todor Jivkovun ürəyincə olmayıb. Buna baxmayaraq, dünyanın siyasi müstəvisindəki baş verən yenilikləri nəzərə alan Todor Jivkov Bolqarıstanda da yeni bir siyasi atmosfer yaratmaq fikrinə düşüb.
1987-ci ildə keçirilən plenumda Todor Jivkov Bolqarıstanda tətbiq olunacaq yeni siyasi konsepsiyası ilə bağlı geniş çıxış edib. Sonralar “Bolqarıstan yenidənqurması” adlandırılan bu konsepsiyada əslində heç bir yenilik olmayıb. Məzmun, məna, mövcud reyim yerində qalmaqla sadəcə bəzi forma dəyişiklikləri olub.
Sosializm sisteminin süquta uğraması ilə Todor Jivkovun siyasi fəaliyyəti də sona çatıb. Amma o, siyasi səhnədən rahatlıqla gedə bilməyib. Bolqarıstan hakimiyyətinə gələn yeni siyasi qüvvələr Todor Jivkovu 1989-cu ildə istefaya göndərdikdən sonra Todor Jivkov haqqında ittihamlar irəli sürülüb.
İstintaq araşdırmaları zamanı Todor Jivkov külli miqdarda dövlət vəsaitinin mənisəmədə, vəzifəsindən sui-istifadədə, ölkənin iqtisadiyyatını dağıtmaqda, Bolqarstan türklərinə qarşı cinayət əməlləri törətməkdə ittiham olunub. Aşkar olunub ki, 72 dəbdəbəli mənzilə, xaricdə istehsal olunan 67 avtomobilə sahib olan Todor Jivkov 24 milyon ABŞ dolları həcmində dövlət vəsaitini mənimsəyib.
1992-ci ilin sentyabrın 4-də Todor Jivkov məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Səhhətində olan ciddi problemlərə görə o, məhkəmədən cəzasının yüngülləşdirilməsini xahiş edib. Məhkəmə onun xahişini nəzərə alaraq cəzasını ev dustaqlığı ilə əvəz edib. 1997-ci ildə isə Todor Jivkov ölkədən çıxmamaq şərti ilə ev dustaqlığından da azad edilib.
Sağlamlığındakı problemlərə baxmayaraq Todor Jivkov uzun ömür sürüb. O, 1998-ci ildə, 87 yaşında vəfat edib. Bolqarstanın sonuncu kommunist lideri Sofiyada mərkəzi qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.