22 MAY - VİKTOR HÜQONUN ÖLÜM GÜNÜ
22-05-2023, 16:06
Viktor-Mari Hüqo, 2.02.1802 - 22.05.1885, dünya və fransız ədəbiyyatı klassiki, böyük fransız yazıçısı, şairi, nasiri, dramaturqu.
Babası məşhur Vaterloo düyüşünün iştirakçıdır, atlı hücum vaxtı həlak olub. Viktor 16 yaşında ədəbi istedadına görə kral təqaüdünə layiq görülüb, özü də 200-300 dollar kimi sədəqə prezident təqaüdü yox, önəmli böyük pul alıb.
Zadəgan nəslinə, kral tərəfindən yeniyetməlikdən belə himayə olduğuna baxmayaraq ölkənin, xalqın durumuna, baş verən olaylara biganə qalmayıb, "mən yazıçıyam" deyib, yaxasın kənara çəkməyib, mövqeyini bildirib və krala, monarxiyaya müxalif olub. Qələmiylə krala yox, haqqa, ədalətə, "geridə qalmış", "demokratiya üçün hələ yetişməmiş" xalqa xidmət edib! Fransız və dünya ədəbiyyatı tarixində dəqiq siyasi mövqeli böyük qələm sahibi, önəmli ideoloq və böyük şəxsiyyət kimi qalıb.
Krala baş əymək, əyilmək, təzim etmək bir norma olan zamanda belə malalamayıb, yaltaqlanmayıb, şəxsiyyətinə sığışdırmayıb, düşündüyünü deyib və yazıb.
"Azərbaycanın bütün böyük şairləri saray şairi olub" yalanını yayanlar, Nəsimini ya böyük şair saymır, ya da tanımır, ola bilsin...
Ölkədəki durum Viktor Hüqo üçün təhlükə yaradanda mühacirətə - İngiltərəyə gedib - İngiltərə və Fransa düşmənçiliyinin ən qızğın dövrlərinin birində. O vaxtkı hakimiyyət, kral yazarları, indiki dillə desək, trollar yəqin bu ittihamı da yazıblar, "mühacirətə qaçdı" "ingilislərdən qırant dilənmək-zad", "bizə paxıllıqdan öləcəsən".
Amma Hüqo qrant alıb Londonda varlı həyat sürməyib, öz puluna La-Manş boğazında, Gernsi adasında - ucuz yerdə köhnə tikili alıb, mansardında özünə kabinet düzəldib, yazı masasını orada qoyub və yazıb. "Səfillər" kimi dünya ədəbiyyatının incisi başda olmaqla ən güclü, ən məşhur romanları o kabinetdə yazılıb.
İngiltərənin ikinci adı "Dumanlı Albion"dur, dumanlı ölkədir hər mənada. La-Manş boğazında, ingilis sahillərinə yaxın iki ada - Cersi və Gernsi isə İngiltərənin ən dumanlı yer sayılır. Amma hərdənbir, günəşli günlərdə, duman dağılanda mansardın qarşısında Hüqonun yazı masası olan pəncərəsindən boğazın o tayında Fransanın sahili görünüb. Hüqo dumanlar arasında hərdən görünən o sahilə baxıb və yazıb. 19 il mühacirətdə qalaraq yazıb. 19 il...
Əsərləri, romanları, məqalələri fransız dilli Belçikada çap olunub və Fransaya qaçaq yollarla gətirilib, oxunub.
Fransaya qalib kimi qayıdıb!
Tək mənim yox, Azərbaycanda və mühacirətdə də müstəqil düşünməyə və yazmağa davam edən, əyilməyən, satılmayan, sınmayan, susmayan bütün qələm adamlarının örnəyi, piri, mürşidisən, Ustad!
İşıqlı xatirən qarşısında bay əyirəm!
Çingiz Sultansoy
Teref.az