Puşkin və Düma eyni adam imiş - VERSİYA

12-06-2023, 11:34           
Puşkin və Düma eyni adam imiş - VERSİYA
Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin əslində dueldə həlak olmayıb. O, özünü ölmüş kimi qələmə verib, Parisə yollanıb və burada məşhur fransız yazıçısı Aleksandr Dümaya çevrilib.
Absurd səslənir, elə deyilmi ? Ancaq qərar verməyə tələsməyin, çünki məqalə müəllifləri fərziyyənin doğruluğunu sübut etmək üçün kifayət qədər tutarlı səbəblər gətirib.
İki Aleksandr
1837-ci il yanvarın 27-də, Sankt-Peterburqda kavalerqard Jorj Danteslə duel zamanı rus ədəbiyyatının günəşi Aleksandr Sergeyeviç Puşkin ölümcül yaralanır. Çox keçmədən Fransa ədəbiyyatında da yeni, Alkesandr adlı ulduz parlayır – Aleksandr Düma. Diqqətəlayiq digər məqam isə ad bənzərliyi ilə yanaşı Aleksandrların zahiri görünüşcə bir-birinə bənzəməsidir.
Puşkin və Düma demək olar ki, yaşıddırlar : birinci 1799-cu, ikinci isə 1802-ci ildə. Bu iki ədəbiyyat dahilərinin fotosuna baxdıqda zahiri bənzərlik gözdən qaçmır : qarabuğdayılıq, gözlərin rəngi, alnın, qaşların, burnun forması, qara və qıvrım saçlar. Gənc yaşlarında isə Düma eynilə Puşkinə bənzəyir. Tədqiqatçıların fikrincə, bu bənzərlik hər iki Aleksandrın Afrika köklərinin olması ilə bağlıdır. Puşkinin ana xəttindən ulu babası Afirakadan gətirilən İbrahim Hannibal I Pyotrun tərbiyəçisi olub. Dümanın isə ata nənəsi Haiti adalarından gələn kölə idi. Nəsillər dəyişdikcə Afrika cizgiləri qorunsa da onların bu qədər oxşar olmasına səbəb yalnız irqi ortaqlıqları deyil.
Eşqbaz qiyamçılar
Rus və fransız Aleksandrlar yalnız zahirən oxşar deyildilər. Hələ balaca yaşlarından Puşkin ədəbiyyata maraq göstərib, dəqiq elmlərə nifrət edib, riyaziyyat fənnində isə ümumiyyətlə bacarıqsız olub. Müəllimlər həmişə Puşkinin tərbiyə və davranışlarından narazı qalıb. Gənc Puşkin çılğın xarakteri ilə seçilib, içki, kart oyunları və duelə maraq göstərib. Şair zərif cinsin nümayəndələrinə qarşı laqeyd olmayıb.
Puşkinin siyasi görüşləri də diqqətəlayiqdir : o, dekabristlərlə dostluq edib, I Aleksandrın ünvanına yazdığı həcvlərə görə Sibirə göndərilməkdən son anda qurtulub.
Tanınmış fransız yazıçısı Andre Morua isə özünün “Üç Düma” kitabında Dümanı belə təsvir edir : “Düma qarşısıalınmaz enerji və gücə sahib idi. Məhz bu gücə görə də o, heç kimə və heç nəyə tabe olmaq istəmirdi. Məktəb illəri belə onun tərbiyə və düşüncəsində çox az şeyi dəyişə bilmişdi. İstənilən sıxışdırılma və ya təzyiq Düma üçün qəbuledilməz idi. Qadınlar ? O qadınları sevirdi, özü də hamısını birdən”.
Moruanın sözlərinə görə, Düma da Puşkin tək cəbr, həndəsə, fizika kimi dəqiq elmlərə qarşı etinasız olub. Puşkin kimi Düma da siyasi hadisələrə soyuqqanlı yanaşmayıb və hətta 1830-cu il İyul inqilabı zamanı yazıçı şəxsən kral sarayına hücumda iştirak edib.
Bağlı tabutdakı dahi
Əlbəttə, belə bir sual yaranır : niyə Puşkin öz ölümünü səhnələşdirib, özünü ölü kimi qələmə verib. Sən demə, son illər Aleksandr Sergeyeviçin işləri olduqca bərbad olub. Borc içində üzən Puşkin ədəbiyyat sahəsində də sıxıntılar yaşayıb. Məsələn 1833-cü ildə tamamladığı “Tunc atlı” poemasının çapı şəxsən I Nikolayın əmri ilə dayandırılıb.
1836-cı ildə maliyyə vəziyyətini düzəltmək istəyən Puşkin “Müasir” adlı ədəbi almanax çap etdirmək istəsə də, jurnal yalnız qayğıları artırıb. Aleksandr Sergeyeviç həyat yoldaşının Danteslə gizli əlaqələri barədə şayiələrdən usanıb, 1836-cı ildə isə anası Nadejda Osipovnanın ölüm xəbəri ilə sarsılıb. Müasirlərinin sözlərinə görə, son illər Puşkin olduqca gərgin və depressiv vəziyyətdə olub.
Və beləcə 1837-ci ilin yanvarında Danteslə dueldə Puşkin o dövr üçün ölümcül sayılan yara alır, güllə bud sümüyünün başına dəyərək qarnına daxil olur. Bir sıra mütəxəssislərin fikrincə isə, şairin ölüm səbəbi aldığı yara deyil, həkimlərin yalnış yanaşması olub.
Ölüm ayağında Puşkin imperatora məktub yazıb və ölmək üçün çar sözünü gözlədiyini deyib. I Nikolay cavabında onu bağışladığını, həyat yoldaşı və övladlarından muğayat olacağını və bütün borclarının ödənəcəyini yazır. İndi Aleksandr Sergeyeviç rahat ölə bilərdi.
Puşkinin dəfn mərasimi də müəmmalarla doludur. Ədəbiyyat tarixçisi Aleksandr Nikitenkonun yazdığına görə, bir çoxları şairlə vidalaşmaq üçün elan olunan məkana – İsaakiyevsk kilsəsinə toplaşsa da, şairin cənazəsi gecə saatlarında, gizlincə Konyuşevski kilsəsinə gətirilib və universitet rəhbərliyinə xüsusi təlimat verilib, tələbələrin dərsdə iştirakının təmin edilməsi tapşırılıb. Dualar oxunduqdan sonra cənazə üç gün boyunca kilsənin zirzəmisində saxlanılıb və yalnız fevralın 3-də Pskova aparılıb. Pskov qubernatoruna isə istənilən mərasim və izdihamın olmaması üçün xüsusi tapşırıq verilib. Mütəxəssislərin fikrincə, yalnız çar I Nikolay dahi şairin əsl “ölüm” səbəbini bilə bilərdi.
Metamorfoz
Napoleon generallarından olan Toma-Aleksandr Düma oğlu Aleksandrın 4 yaşı olanda vəfat edib. O gündən bəri heç kim onun az tanınan soyadını bir də eşitməyib. 1822-ci ilə qədər... 1822-ci ildə Parisdə peyda olan 20 yaşlı gənc özünü əfsanəvi generalın oğlu kimi təqdim edib və atasının keçmiş silahdaşlarının axtarışına çıxıb. Parisdə heç kim bu qaradərili oğlanın general Dümanın oğlu olmasına şübhə etməyib, çünki hamı generalın Afrika kökləri barədə yaxşı bilib. Bəlkə, bu gənc oğlan elə Puşkin özü idi ?
Düzdür, 1822-ci ildə Puşkin sağ-salamat idi və sözügedən duelə hələ 15 il qalırdı, ancaq ola bilər ki, şair ikili həyat sürüb, Rusiyada Puşkin olub, Fransada isə Dümaya çevrilib. Yeri gəlmişkən 1820-ci illərdə Puşkin ictimaiyyət arasında demək olar ki, görünməyib, dörd il ərzində o, cənubda yaşayıb. Bu illər ərzində o, asanlıqla Parisə gedə, özünü Düma kimi qələmə verə və bir sıra əsərlər də yaza bilərdi. Puşkin 1824-cü ildə iki il müddətinə göndərildiyi Mixaylovsk qəsrini tərk edə bilərdi. Yeri gəlmişkən, elə 1824-cü ildə Dümanın qeyri-qanuni oğlu dünyaya gəlib.
Qeyd edək ki, Aleksandr Düma da bir dəfə “diri-diri” basdırılıb. 1832-ci ildə fransız qəzetlərindən biri qiyamda iştirak edən yazıçının güllələnməsi ilə bağlı xəbər yayıb. Bu hadisədən sonra yazıçı bir müddətlik Fransanı tərk edib. Əgər Dümanın Puşkin olması versiyasını qəbul etsək, belə qənaətə gəlmək olar ki, Puşkin bu üsulla bir müddət bu oyuna ara verib. Axı yalnız bir il öncə şair Natalya Qonçarova ilə ailə qurub. Bəlkə də, sonra fikrindən daşınıb və öz fransız obrazını qoruyub saxlamaq qərarına gəlib.
Puşkinin ölümünə qədər Dümanın yalnız xırda həcmli əsərlər yazması və yalnız 1830-cu illərin sonundan etibarən bir-birinin ardınca irihəcmli romanlar yazması və dünyada tanınması faktı da diqqətəlayiqdir.
Sətirarası
Əgər diqqətlə Düma qəhərmanlarına nəzərdən keçirsək, onlarda Puşkin ruhunu duymaq o qədər də çətin deyil. Götürək elə Dartanyanı. Dəliqanlı və kobud Dartanyan kimi Puşkin də kasıb zadəgan ailəsindən idi, özünə qarşı istənilən, ən xırda hörmətsizliyə görə meydana atılardı. Təsadüfi deyil ki, rəsmi məlumatlarda Puşkin tərəfindən edilən 15 duel çağırışı var.
Bəzi mütəxəssislərin fikrincə, Miledi obrazı Natalya Qonçarovanın prototipidir. Miledi birinci həyat yoldaşı Atosla ailə quranda 16 yaşında idi, Qonçarova da Puşkinlə tanış olanda onunla yaşıd idi. Yazıçı bu yolla ikinci dəfə ərə gedən keçmiş arvadından qisas ala bilərdi. “Üç muşketyor” 1844-cü ildə qələmə alınıb və məhz bu ildə Natalya general-leytenant Pyotr Lanski ilə ailə qurub.
Jorj Dantesin ölümündə ittiham olunan, “Qraf Monte Kristo”nun baş qəhərmanı Edmon Dantes isə müsbət qəhrəmandır, o da özünü ölmüş kimi qələmə verib və daha sonra qraf Monte-Kristo adı ilə geri qayıdıb. Bəlkə də, yazıçı bununla öz taleyinə işarə edir ?
Rus ruhu
Daha bir maraqlı fakt: 1840-cı ildə ömründə bir dəfə olsun Rusiyada olmayan Düma “Qılıncoynatma müəllimi” romanında dekabristlər və 1825-ci il qiyamı haqqında olduqca müfəssəl məlumat verilib. Düma bir sıra rus müəlliflərinin və elə Puşkinin əsərlərini də fransız dilinə tərcümə edib.
Ümumiyyətlə, fransız yazıçı Rusiyanı çox sevib və yalnız 1858-ci ildə, II Nikolayın dövründə bura baş çəkə bilib. Hətta Düma nə vaxtsa Rusiyadan qaçan Puşkin olsaydı da o, artıq qocalmışdı və tanınmaqdan qorxmurdu. Sankt Peterburq sakinləri isə ən hörmətli və tanınmış rus zadəganlarının evinə qonaq olan Dümanın 20 il öncə vəfat edən Puşkin olduğunu heç ağıllarına belə gətirməzdilər...
“XX əsrin sirləri” jurnalı
Tərcümə : Leyla Əliyeva
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.