Torpaq uğrunda ilk dəfə savaşan Kəmərli kəndi – Məhərrəm Göyüşoğlu 1984 olaylarından yazdı
14-06-2023, 00:09
1984-cü ilin 24 oktyabrında Qazax rayonu Kəmərli kəndində Sovet hökumətinin məmurlarına qarşı xalq üsyanı çıxdı. Buna səbəb Qazax rayonunun “İncə Dərəsi” deyilən ərazisinə məxsus 1675 ha (ümumi Qazaxdan 2500 ha) dağlıq meşə ərazisinin ermənilərə verilməsi idi.
Azərbaycan Kommunist Partiyası MK-nın məsul şəxsləri erməni həmkarları ilə görüşüb, Moskvanın göstərişi və təzyiqi ilə meşələri elə meşənin özündə bağışlayırmış. Məsələdən xəbər tutan kənd əhalisi meşəyə yürüş edir. Qəzəbli kənd sakinləri “Battaqlı bulağı” deyilən yerə çatdıqda Azərbaycan tərəfdən Nazirlər Sovetinin sədr müavini Şamil Rəsizadə və erməni həmkarı Movsesyanla burada yeyib-içdiklərinə şahid olurlar.
Bizim əraziyə erməni tərəfdən gələn Rəsizadə yerli əhalinin dediyinə görə onlara ermənicə “Barev” deyərək Salam verir. Bundan sonra olanlar olur…
Meşələrin artıq ermənilərə verildiyini bilən qəzəbli əhali Rəsizadəni və Movsesyanı, həmçinin onları müşayət edənləri yaxçıca əzişdirir. Rəsizadənin maşınını aşırdıb, özünü də payi-piyada Kəmərlinin mərkəzinə gətirirlər. Bundan sonra Hüquq-mühavizə orqanları kəndə yeridilir. Amma, əhaliyə qarşı heç bir zorakılıq etmirlər. Buna səbəb Qazax rayon Milis Şöbəsinin rəisi Rəşid Baxşıyevin əhalini müdafiə etməsi olur. Bu hadisələrdən sonra Kəmərliyə Moskva və Bakıdan rəhbər şəxslərin axını başlayır. Azərbaycan KPMK -nın birinci katibi Kamran Bağırov, ikinci katib Vasili Konovalov, Moskvadan təhkim olunmuş Sidirov soyadlı rus məmur və başqaları “meşələri verin, əvəzində bu kəndi abadlaşdıracağıq” deyə vədlər verirlər.
Eyni zamanda sovet KQB-si hadisəni araşdırmağa başlayır. Olayların fəal iştirakçılarını sorğu-sual edərək, onların nəsil-kökündə anti-sovet izi axtarmağa başlayır. Sovxozun direktorunu, İlk partiya təşkilatının sədrini, Komsomol katibini, həmkarlar təşkilatı sədrini və kəndin sovet sədrini vəzifədən götürürlər…
Rusiyanın Azərbaycandakı faktiki “canişini” Konavalov Kəmərlidə görüş keçirir.
Kənd ziyalıları və “Dimitrov” adına sovxozun direktoru İsa Bəbirov rusca çıxış edib, mövqelərini bildirirlər. Sonda Konovalov “Sizi bizə vəhşi tayfa kimi təqdim etmişdilər, əslində belə deyilmiş” etirafını edir. Bundan sonra, hadisələr yatışdırılır. Dönəmin Azərbaycan və Ermənistan rəhbərləri Kamran Bağırov və Karen Dəmirçiyanın Qazaxın Cəfərli kəndində yerləşən “Ocaq” restoranında görüşü ilə prosesə nöqtə qoyulur.
Bundan sonra Kəmərlidə bəzi kosmetik işlər görülür. Kənddə su dəryaçası, yeni məktəb binası, xəstəxana və hamam tikilir.
Əvəzində strateji və iqtisadi əhəmiyyətə malik bu böyük ərazi ermənilərə təslim edilir!!!
Nəticədə Qazaxın bir çox əraziləri anklava çevrilir. Artıq 1988-ci il hadisələri başlayanda ermənilər bizdən üstün durumda idilər. Qazax kəndləri atəş altında idi.
Və proseslərin sonunda – 90-cı illərdə Qazax rayonunun 7 kəndi işğal olundu.
Bu gün bu kəndlərin geri qayıdışı barədə danışıqların getdiyi bir zamanda fikirimizcə 1984-cü ildə “Moskvanın əli” və havadarlığı ilə bizdən qəsb edilən Kəmərli və Əksiparanın 2500 ha meşə ərazisi də gözardı edilməməlidir.
Məhərrəm Göyüşoğlu