QƏNİRƏYƏ VİDA SÖZÜ
29-09-2023, 07:55
Dörd gün öncə Qənirə Paşayevanın koma olması xabəri yayılmışdı, bu gün ölüm xəbəri yayıldı... Onu ekrandan tanıyırdım, o vaxtlar tanınan, ən reytinqli sayılan ANS-TV-nin efirindən. Sosial problemləri qaldıran, çox vaxt həllinə nail olan “İç xəbər” verilişinin ən istedadlı, tanınan müxbirlərindən idi, işini sevdiyi, can qoyduğu açıq-aydın görünürdü, duyulurdu.
1999-da ya 2000-cı illərin əvvəlində Press-Klubda tanış olduq, Azərbaycanın bütün ciddi mediasının müxbirləri Press-Klubdakı mətbuat konfranslarına gəlirdi, ANS-in müxbirləri də eləcə, bir dəfə də Qənirə gəldi. AzTv-dən 96-da ayrılmışdım, 98-ə kimi Internews International televiziya təşkilatında prodüser işləmişdim, o vaxtlar daha çox telejurnalist kimi tanınırdım, bəlkə də ona görə, ya da yoldaşımı tanıdığına görə Qənirəylə tez dostlaşdıq. ANS-çilər başqa telekanal əməkdaşlarına həmişə yuxarıdan aşağı baxırdılar, özəlliklə AzTV-yə, buna müəyyən əsasları da vardı, amma keçmiş AzTV işçisi olsam da, Qənirə, elə başqa müxbirlər də mənə fərqli münasibət göstərirdi, təbii.
Qənirə Paşayeva istiqanlı, səmimi idi, məni “qardaş” adlandırırdı, mən də ona “bacı” deməyə başladım.
Mətbuat konfransları başlamazdan əvvəl, ya iki konfrans arasında söhbət edirdik, o vaxtdan bir şəklimiz qalıb, Mətbuat Klubunun şüşə divarlı otağında oturmuşuq, amma üz-üzə yox, əks istiqamətlərdə yan-yana, o üzü obyektivə, mən arxası. O vaxtlar müxalif olan “Yeni Müsavat” qəzetinin fotomüxbiri, polis idarəsində pis döyüləndən bir neçə ay sonra dünyadan köçən Alim Kazımlının çəkdiyi şəkil. Görünür ki, poz vermirik, Alim pusub söhbətin şirin məqamını tutub, belə şeylərin ustasıydı, ona görə də canlı alınıb. Haradadır indi o şəkil? Allah sənə rəhmət eləsin, Alim!
Elə o söhbətlərin birində Qənirə mənə şikayət etdi ki, “İç xəbər”də bir belə süjetim gedib, baxılan, reytinqli verilişin ən fəal müxbirlərindən biriyəm:
- Proqram səviyyəsində reytinqim var, amma istədiyim, əsil tanınma yoxdur. Niyə?
Qənirəyə dedim ki:
- Əsil tanınma, şöhrəti siyasi verilişlər verir. Siyasi verilişlərdə iştirak etmədən də tanınmaq olar, əlbəttə, amma daha uzun və çətin yoldur.
Konfrans başlayırdı, kameramanı Qənirəni çağırdı, bizim konfrans zalına keçdilər.
O söhbətdən iki-üç həftə keçdi, ya bir-iki ay, dəqiq yadımda deyil, amma Qənirəni canlı yayımda efirə gedən, ən reytinqli “Nəzər-nöqtəsi”ndə aparıcı görəndə anladım ki, sözüm ağlına batıb. Özü hazırlıqlı və hazırcavab, sualları dəqiq və kəskin idi, verilişi yaxşı aparırdı, qısa zamanda uğur qazandı.
Artıq aparıcı olandan sonra da Press-klubdakı hansısa konfransa müxbir kimi gəlmişdi, həm “Xəbərçi”yə süjet götürdü, həm də çıxışçını verilişinə dəvət etdi. Aparıcılığı haqqında fikrimi soruşdu.
- Hər şey əladır, - dedim, - bir az vaxt lazımdır ki, canlı yayıma öyrəşəsən, daha sərbəst olasan, sıxılmayasan.
- Sıxılıram ki?
- Bir az var. Gərginliyin hiss olunur. Elə qaşqabaqlı olmağın nədəndir bəs?
Güldü:
- Özüm qaşqabaq tökürəm, yüngül görünməyim.
- Lazım deyil qaşqabaq. Ziyan edir sənə.
- Eləməsəm, adıma söz çıxaracaqlar.
- Ay qız, demirəm ki, ağzın qulağıvın dibində olsun! Amma qaşlarıvı elə çatma, sadəcə sakit, mülayim və təmkinli ol, verilişin sonunda, tamaşaçılarla sağollaşanda isə azca gülümsə.
Bu söhbətdən az sonra tamaşaçılar Qənirənin gülümsəməyini də gördülər.
Biz isə uzun müddət üz-üzə gəlmədik, bir də 2010-cu illərin əvvəlində, Qənirə işlədiyim AzadlıqRadiosuna, Xədicə İsmayılın verilişinə qonaq kimi gələndə görüşdük. Veriliş bitmişdi, artıq çıxıb gedirdi, qızlarla kandar söhbətini görüb, əlimdəki yazını yarımçıq qoyaraq qapıya yaxınlaşdım ki, həm salamlaşım, həm vidalaşım. Qənirə artıq jurnalistikadan getmişdi, Heydər Əliyev Fondunda işləyirdi, Azərbaycan toplumunun fərqli kəsimlərindəydik, hakimiyyət və müstəqil-müxalif, bəlkə də ona görə münasibətlərimizdə əvvəl olmayan, aramızı kəsən məqamlar, çalarlar yaranmışdı? Amma əvvəlki kimi, xoş üzlə, səmimi təbəssümlə məni dindirdi:
- Necəsən? Elə bil arıqlamısan, sınıxmısan? Sənə burada pis baxırlar?
- Yox, yaxşı baxırlar, Qənirə. Arıqlıq da sağlamlıqdır, ayda azı 2 gün ac qalıram.
Həqiqətən ayda 2-3 gün ac qalırdım, amma daha Qənirəyə demədim ki, Press-Klub, "Реальный Азербайджан" -"Gündəlik Azərbaycan" bağlanandan sonra neçə iş yeri dəyişmişəm, AzadlıqRadiosuna gəlməzdən əvvəl isə Şəmkir rayonunun dağlarında, geoekspedisiyada, ayağımda əskəri çəkmə təpik döyürdüm. Heydər Əliyev Fondinda işləyən keçmiş həmkarıma bunu deməyin nə mənası vardı? Həm də şikayət kimi çıxardı...
Davamı var.
Çingiz Sultansoy
Teref.az