“Oğuznamə”dən sonra ən böyük əsəri: Xüdabəndə günbəzi - REPORTAJ/VİDEO
6-12-2023, 07:12
Bəzilərinin Şaha atdıqları "Şiəliyi Şah İsmayıl Azərbaycana gətirib" iftirasına gözəl cavab..Elxani Sultan Məhəmməd Xudabəndə (1278-1316)..Deməli Şiə məzhəbi Şahdan çox çox əvvələr Azərbaycanda mövcud olub...
Dünya tarixinə yenilməz orduları, uzun-uzadı apardıqları müharibələrlə düşən monqollar həm də bu cür gözəl abidələr yaradıblar. Xudabəndə türbəsi. Zəncan vilayətinin Sultaniyyə şəhərində yerləşən bu türbə əzəmətli quruluşu, daxili bəzəkləri və cəsarətli mühəndis quruluşuna görə Azərbaycanın orta əsrlər memarlığında çox mühüm əhəmiyyətə malik binadır. Öncə tarixə baxaq...
Hülakü xanın başçılığı ilə 1256-cı ildə monqollar Azərbaycana üçüncü dəfə yürüş edir. Azərbaycan və Bağdad ələ keçirilir. İşğal olunmuş ərazilərdə Hülakilər dövləti yaranır. Yeni yaran dövlətin mərkəzi Azərbaycan idi. Paytaxt əvvəl Marağa, sonra isə Təbriz olur. Bu vaxta qədər Monqol İmperiyasının canişini tərəfindən idarə olunan Azərbaycan artıq özü imperiya mərkəzinə çevrilir. Hülakilər dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Ceyhun çayından Misirə qədər uzanır. Ölkənin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi. İşğallar ölkənin iqtisadiyyatına ciddi ziyan vursa da, zamanla paytaxt şəhərlər Marağa və Təbrizdə iqtisadiyyat canlanır, digər şəhər və kəndlərdə yüksəliş və sabitlik dövrü başlayır.
Hülakilərə həm də Elxanilər dövləti deyilir. "Elxani" adı; "Böyük Xaqanlıq" mənasını verir. "Elxani" – El – İl – əyalət – vilayət xanıdır. Dövlətin çox böyük və sürətli ordusu vardı.
Elxani sultanı Ərğun xanın hökmranlıq çağından başlayaraq Elxanilərin tikdirdiyi binalar diqqəti cəlb edir. Ərğun xan Şərviyazda sonralar Sultaniyyə adlanan şəhərin və Təbrizin qərbində gözəl tikintilər olan şəhərciyin bünövrəsini qoyur. O bütpərəst olduğuna görə, tikdirdiyi binalar içərisində bütpərəstliyə dair məbədlər üstünlük təşkil edir.
Zəncan vilayətinin Turizm, Mədəniyyət və Əl İşləri İdarəsinin rəhbəri Yəhya Rəhmətinin sözlərinə görə, Sultan Məhəmməd Xudabəndənin dədəsi Ərğun şah monqol idi: “At monqollar üçün vacib idi. Onlar atın üstündə hərəkət edər, atın üstündə yaşayar, atın üstündə hücum edərdilər. Ərğun şah bu yerdə 1400 hektar çəmən görür. Həmin çəməndən 700 hektar hazırda durur. İstəyir atını burada otara. Ondan sonra buranı yavaş-yavaş Elxani paytaxtı edirlər. Elxanilər müsəlmanlaşaraq Monqol mərkəzi hakimiyyətindən uzaqlaşırlar. Gəlib burada müstəqil olurlar və buranı paytaxt edirlər”.
Ərğun xanın oğlu Sultan Mahmud Qazan xanın dövründə mərkəzi hakimiyyət güclənir, kənd təsərrüfatı, ticarət və sənətkarlıq, şəhərlər və şəhər həyatı dirçəlir. Qazan xan özü islam dinini qəbul edərək Mahmud adını götürür. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədərək, onların dəstəyini qazanır
Qazan xanın ölümündən sonra hakimiyyətə gələn Ulcaytu xan 1306-cı ildə paytaxtı Təbrizdən Sultaniyyə şəhərinə köçürür. Bu dövrdə o artıq müsəlmanlığı qəbul etmişdi.
“Monqollar yavaş-yavaş islama gəlir, bu dini qəbul edirlər. Onlardan biri də Məhəmməd Xudabəndədir. Sultan Məhəmməd Xudabəndə Ulcaytu xanın müsəlman adı imiş. Deyirlər ki, bu insanın bir neçə adı varmış. Onu monqol dilində Ulcaytu adında tanıyırdılar, məsihi dinində Nikolay adı ilə tanıyırdılar və müsəlmanlar isə Sultan Məhəmməd Xudabəndə deyirdilər”.
Şaman ailəsində doğulan Ulcaytu xan arvadının təsiri ilə xristianlığı qəbul edir. Sonradan müsəlman qadınla evlənərək sünni məzhəbinə tapınır və Məhəmməd adını götürür.
Şiə din alimi Əllamə Hillinin təsiri ilə şiəlik məzhəbinə keçən Xudabəndə 1309-cu ildə Əli bin Əbu Talibin məzarını ziyarət edir, bundan sonra şiəlik dövlətin rəsmi məzhəbi elan olunur. Daha öncə ona "Xudabəndə" (Tanrıqulu) deyən sünnilər, məzhəb dəyişikliyindən sonra "Xarbəndə" (Eşşəkqulu) deyə anırlar.
“Belə rəvayət edirlər ki, Xüdabəndə şiəliyi qəbul etdikdən sonra İmam Əliyə öz ehtiramını bildirmək onun qəbrini Nəcəfdən Sultaniyəyə gətirib günbəzdə dəfn etmək istəyib. Lakin ətrafındakı şiə din alimləri buna qarşı çıxıb. Onlara görə qəbrin açılması və başqa yerə aparılması günah hesab olunurdu. Belə olduqda Xudabəndə Nəcəfdən torpaq gətirdir və həmin torpaq günbəzin "Türbətxana" (türbət - torpaq) adlanan hissəsinin tikintisində istifadə olunur. Müqəddəs və mübarək yerdir, çünki, Həzrət Əlinin məqbərə torpağı ilə düzəlib”.
Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan Xüdabəndə günbəzi Zəncan vilayətinin Sultaniyyə şəhərində yerləşir. Bu şəhər Ərğun şah tərəfindən salınsa da, inkişafı, qala divarlarının salınması, memarlıq abidələrinin tikilməsi Xudabəndənin dövrünə təsadüf edir.
Xudabəndə günbəzi dünyada kərpiclə tikilən ən böyük günbəzdir. Hündürlüyünə görə isə Florensiya kafedralı və İstanbul Ayasofiyasından sonra üçüncü hesab olunur.
“Külli-dünyada üçüncü günbəzdir. Əvvəlinci günbəz Florensiyadadır, ikinci Türkiyədə. Üçüncüsü budur ki, siz görürsünüz. Rəvayət olunur ki, Florensiya kafedralı bundan əvvəl tikilib. Amma, onun günbəzini bağlaya bilmirlər. Çünki böyük götürmüşdülər. Bura düzələndən sonra gəlib buranı təqlid etməklə Florensiya kafedralının günbəzini bağlayırlar”.
Xudabəndə günbəzinin tikintisi 10 il davam edib və 1312-ci ildə başa çatıb. Bu illər ərzində abidənin tikintisində 3000 işçinin iştirak etdiyi deyilir. Bu günbəz (İranda) ən qədim ikilaylı günbəz hesab olunur.
Günbəzin hündürlüyü 48.5 metr, bünövrəsi 50 sm-dir. Günbəzin diametri 25,5 metrdir. Günbəz 8 guşəlidir, 8 minarəsi və 8 qapısı var. Qapılar 8 binaya açılıb keçmişdə. Bu binalardan yalnız biri qalıb.
Monqol-türk adətlərinə görə, sultanın gərək 8 hünəri olaymış. Taxt, tac, at və s. kimi. Günbəzin 8 minarəli, 8 guşəli olması buna görə idi.
Yəhya Rəhməti deyir ki, bina tikilərkən yerin tektonik vəziyyəti nəzərə alınıb: “Bina ki, görürsünüz, memarlıq, mühəndislik baxımından dünyada seçilən abidələrdəndir. Dediyim kimi bunun 48 metr yarım hündürlüyü var. Bu da 18 mərtəbəli bina qədər edir. Hazırda 18 mərtəbəli bina üçün hökmən 5 metrlik bünövrə qazılır. Ancaq bu binanın bünövrəsi cəmi yarım metrdir. Mühəndisi buranı yaxşı tanıyıb. Elə yerdə tikilib ki, güclü zəlzələ olanda heç bir zərər dəyməsin. Günbəz tikiləndən bu yerlərdə 32 zəlzələ baş verib. Onlardan bəziləri 7-8 bal gücündə və ətrafda hər şey dağılıb”.
Bu tarixi abidənin mühəndisi Fəzlullah Rəşidəddin Həmədanidir. Rəşidəddin Həmədanda doğulub və burada mükəmməl təhsil alıb, Elxani hökmdarı Abaqa xanın yanında həkim işləyib və Qazan xanın vəziri rütbəsinə qədər yüksəlib. Həkimliklə yanaşı gözəl alim və tarixçi kimi şöhrət tapan Fəzlullah Rəşidəddin monqolların xüsusi hörmətini qazanıb. Sonralar Təbrizə köçür, XIV əsrin əvvəllərində Təbrizdə "Rəbi-Rəşidi" şəhərciyi və "Darüş-Şəfa ("Şəfa evi") adlı elmi mərkəz təsis edir. Onun “Came ət-təvarix” əsəri türk xalqlarının tarixini öyrənmək üçün çox dəyərli mənbədir.
Sultaniyyə şəhəri müsəlman şəhərsalma qaydalarına uyğun salınan birinci şəhər hesab olunur.
Türbənin interyerində kaşıyla kufi xətt üslubunda naxış işlənib. Tağların kənarı Quran ayələri və Allahın adları ilə bəzədilib. Binanın üzərində oyma işləri də müşahidə olunur.
Rəvayətə görə, Sultan Məhəmməd Xudabəndə günbəzin sərdabəsində dəfn olunub. Lakin arxeoloqlar burada hər hansı qəbir tapa bilməyiblər.
Sultaniyə Elxanilərin paytaxtı olduğundan burda xeyli sayda monqol yaşayıb. Şəhərdə yaşayan monqolların böyük qismi islamı qəbul etsələr də, şamanizmə etiqad edənlər də var. Günbəz ətrafında isə həm şamanizmin qaydalarına uyğun, həm də müsəlman dini ayinləri ilə dəfn edilmiş qəbirlər tapılıb.
Xudabəndə günbəzi 10 ildir UNESCO Ümumdünya İrsi siyahısına daxil edilib.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı