Elçi Bəy Vaqif Səmədoğlu haqda astaca dedi!
29-01-2024, 07:34
Bu gün...
Vaqif Səmədoğlunun günü imiş...
Hər iki qardaş - həm Yusif, həm Vaqif həmsöhbətim olmuşdular.
Bütün yaxşı-pis keyfiyyətləri ilə bərabər Səməd Vurğunun bu dəyərli oğulları sözün əsil mənasında NƏCİB insanlar idi.
Öz televiziya proqramımda o zaman üçün sərt görünən suallardan hər ikisinə vermişdim, bəzi ədalətsiz montajlar da etmişdim. Əlbəttə, indi üzgünəm...
Hər ikisi təbii ki məmnun qalmadılar. Vaqif zəng edib etiraz da etdi, təşəkkür də etdi. Yusif susdu.
Lakin hər ikisi sadəcə məmnun qalmamışdılar, o dövrə qədərki jurnalistikanı öz xidmətçilərinə çevirmiş vəzifəli yazıçılar kimi intiqam almağa qalxmamışdılar. Savaş açmamışdılar. Çünkü bu Vəkilov qardaşları ideal olmasalar da kübar insanlar idi, bolşevizmin yetişdirib başa çıxardıqlarından deyildilər.
Düşünürəm, Vaqif Səmədoğlu gerçək dəyərini almamış bir şairdir...
... O uzaq illərdə bir kitab çıxmışdı, deyəsən dörd şairdən yığma idi. Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı, Rüstəm Behrudinin şerilərindən ibarət.
Biz Aydınlar Birliyi olaraq bu kitabın təqdimatını keçirirdik. "Mən niyə burada yoxam" deyə dava çəkən şairlər də oldu o gecə, lakin konumuz o deyil...
Şairləri müqayisə etmək düzgün deyil, deyirlər. Bəs necə olsun? Gerçəklər müqayisədə ortaya çıxmırmı?
Lakin şairlər inciyən, küsən, tez qırılan, həm də kimi az, kimi çox eqoist olurlar...
Aydınlar Birliyinin tərtiblədiyi o gecədə gözəl çıxışlar oldu... əlbəttə, müqayisəsiz... müqayisə göz baxa-baxa olmur, üz-üzdən utanır... gerçək müqayisə üçün 100 il gözləmək lazım gəlir...
Və hər müqayisə də gerçək deyil, əlbəttə...
Həmin şeir gündəmində Elçi Bəy: "bu 4 şairin hansını daha çox bəyənirsən?" deyə sual verdi mənə. Bir ad çəkdim. Dedi: "sən Vaqif Səmədoğlunu oxu... həm poetikliyi, həm intelekti bərabər yüksəklikdə olan odur"
Oxudum... gerçəkdən, dəyərini almamış bir şair çıxdı qarşıma...
Düşünürəm, bir gün Elçi Bəyin sevdiyi şairlər kimlər idi? - deyə bir sual çıxarsa, o sualın cavablarından biri də belə ola bilər:
Elçi Bəy aləmində Vaqif Səmədoğlu poetikası ilə intelekti eyni vüsətdə olan bir şair idi.
Poetika və intellekt!
Sanmayın həminşə bir arada ola bilirlər!
Gənəldə olmurlar!
Bəs niyə kölgədə qalmış bu QİYMƏTLİ VAQİF?
Əcəba, populyarlıq üçün, toplumsal sevgi qazanmaq üçün, ürəklərdə yuvalanmaq üçün intellekt əlavə yükdürmü?
Böyük şair Vaqif Səmədoğlunun şeirinə və ruhuna sayqılarla...
Mehriban Vezir
TEREF: Xocanın Blogu