Atatürkün heyran olduğu, Kazım Karabəkir Paşa mənəvi qızı olan Şəfiqə Ataman -FOTO
30-01-2024, 07:34
O, ailəsi ilə birlikdə mühacirətə üz tutanda cəmi iki yaşı var idi. Dünyanın bütün dərd-qəmindən uzaq olan bu körpə qızcığaz anasının əlindən tutaraq onları gözləyən təhlükədən xəbərsiz idi. Bu balaca qızcığaz sonralar Türkiyənin ən məşhur həkimi olacaq Şəfiqə xanım Ataman idi. Böyük bir nəslin layiqli davamçısı olan Şəfiqə xanım Ataman 28 iyul 1916-cı ildə İravan yaxınlığındakı Dərəçiçək mahalında dünyaya göz açmışdı.
Şəfiqə xanımın anası Ruqiyyə xanım, atası Məmməd Əlibəyzadə idi. Məmməd bəy Dərəçiçək mahalında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də ermənilərə layiqli cavab verməyi bacaran cəsur bir insan idi. 1905-ci ildə erməni hücumlarının qarşısının alınmasında fəallıq göstərən Məmməd bəy təqib edilirdi. Dərəçiçək mahalında böyük hörmət sahibi olan Məmməd bəyi aradan götürmək üçün erməni daşnakları hər vasitəyə əl atırdılar.
Məmməd bəy təqiblərdən yaxa qurtarmaq üçün ailəsini də götürərək qardaş Türkiyəyə mühacirətə getməyi üstün tutur. Türkiyəyə gəldikdən bir qədər sonra Məmməd bəy türk ordusunun tərkibində qurtuluş savaşında iştirak edir. 1919-cu ildə Məmməd bəyin həyat yoldaşı Ruqiyyə xanım uzun sürən xəstəlikdən sonra vəfat edir.
Məmməd bəy Qars valisi təyin edildikdən sonra erməni və ingilis qoşunlarının qarşısının alınması üçün mübarizəyə başlayır. Lakin o kiçik bir dəstə ilə pusquya düşərək əsir götürülür. Məmməd bəy Maltaya sürgün edilir. Ailəsi isə yaxın dostu Kazım Karabəkir Paşa tərəfindən himayəyə götürülür. Ailənin vəziyyətini nəzərə alan Mustafa Kamal Paşa Atatürk ailənin iki oğlunu hərbi məktəbə göndərir. Balaca Şəfiqə isə Kazım Karabəkir Paşanın ailəsində qalır.
1921-ci ildə Maltadan İstanbula gələn Məmməd bəy burada Mustafa Kamal Paşa ilə görüşür. Məmməd bəy qızı Şəfiqəni də götürərək 1922-ci ildə Gümrüyə gedir. Şəfiqə Gümrüdə rus və türk dillərini öyrənməklə yanaşı, fortopiano dərslərini də mükəmməl mənimsəyir. 1931-ci ildə təhsilini başa vuran Şəfiqə xanım İstanbula gəlir. Burada təhsilini davam etdirən Şəfiqə xanım 1934-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə qəbul olunur. 1940-cı ildə universiteti müvəffəqiyyətlə başa vuran Şəfiqə 1940-1943-cü illərdə Haseki xəstəxanasında çalışır. Daha sonra Çorum Doğum evində çalışan Şəfiqə xanım 1945-ci ildə Ankara xəstaxanasına rəhbər təyin edilir.
Həyatı acınacaqlı keçən Şəfiqə xanım 23 mart 1946-cı ildə həkim həmkarı Həmid Atamanla ailə qurur. Həmid Ataman Cümhuriyyət hökumətinin xarici ölkəyə təhsil almağa göndərdiyi 100 aydından biri idi. Bu izdivacdan sonra Şəfiqə xanım həyat yoldaşı Həmid bəylə birlikdə mühacirətdə olan müsavatçılarla mütamadi görüşlərdə iştirak edir.
Şəfiqə xanım 1949-cu ildə Azərbaycan Mədəniyyət Assosiasiyasının yaranmasında yaxından iştirak edir, Məhəmməd Əmin Rəsulzadə ilə mütəmadi görüşürdülər. Həyat yoldaşı Həmid Atamanın Məhəmməd Əmin Rəsulzadə ilə dostluğu bu ailələri daha da birləşdirmişdi. Almaniyada Tibb Universitetini bitirən Həmid Ataman Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra Azərbaycana qayıtmamış, qardaş Türkiyədə qalmağa məcbur olmuşdu. Məmməd Əmin Rəsulzadə 1948-ci ildə Ankaraya gələndən sonra Həmid Atamanla tez-tez görüşür və bu görüşlər adətən Həmid bəyin evində baş tuturdu.
Şəfiqə Atamanın Türkiyədə tanınmış bir həkim kimi yetişməyində həyat yoldaşı Həmid Atamanın böyük rolu olmuşdu. Onlar iki vətən sevdalısı idi. Doğulduqları torpağa qayıtmağa Sovet Hökuməti tərəfindən qoyulan qadağa onlarda vətən sevgisini daha da artırdı. Tez-tez bu ailəyə qonaq gələn Məhəmməd Əmin Rəsulzadə və həyat yoldaşı Leyla xanım ailənin kiçik qızı Narıncı öz övladları kimi sevirdilər. Həmişə qəlbində vətən sevgisi olan Şəfiqə xanım Azərbaycana gəlməyi çox istəsə də, nə yazıq ki, bu arzusunu reallaşdıra bilmədi.
Türkiyənin məşhur həkimi olan Şəfiqə xanım Ataman 3 mart 2002-ci ildə haqq dünyasına qovuşdu. Ölümündən az əvvəl qızına öz vəsiyyətini də etməyi unutmadı Şəfiqə xanım: “Məni Azərbaycan bayrağı ilə dəfn edin…”
Qoşqar Salmanlı
/ulusal.az/