ÖLƏNDƏN SONRA “ÖLƏNLƏR”

21-03-2024, 08:25           
ÖLƏNDƏN SONRA “ÖLƏNLƏR”
Datçadaydıq.
Həyat yoldaşlarımızla səhər obaşdan sahilə yürüşə çıxmışdıq.
Körfəzin bihuşedici havasını tənəffüs etməkdəndir, nədir, bir-birimizi itirdik.
Sahildən bir qədər aralanıb Datçanın içinə buruldum.
Şəhərin sakit bir guşəsində qarşıma çıxan küçə lövhəsini görəndə gözlərimə inanmadım.
Lövhədə “Samed Vurgun sokağı” və “Şairin şəkli ilə qısa tərcümeyi-halı” yazılmışdı.
Telefona sarılıb bizimkilərə “Sürprizə hazır olun” deyib olduğum yerə çağırmışdım…
Datça Aralıq dənizi ilə Egey dənizini birləşdirən 235 km-lik sahil zolağına sahib akvariuma bənzər körfəzlərə malik cənnət bir yerdir. Türkiyənin ən bakirə yarımadasıdır – nə yaşayış məntəqələri var, nə də sənaye obyektləri. Bələdiyyə Məclisinin yekdil qərarı ilə ölkənin cənub-qərbindəki bu füsunkar şəhərin küçələrindən birinə dahi Azərbaycan şairinin adının verilməsi Elçinlə (Şıxlı) məni təsvir edilməyəcək qədər mutlu etmişdi…
Bir müddət sonra çəkdiyim şəkilləri Bakıda Vaqif Səmədoğluna göstərdim.
Siqaretini yandıranda əllərinin azca titrədiyini gördüm, həyəcanlanmışdı.
“Kim əl qoyub bu işə”,–deyə soruşdu.
“Heç kim, Datça Bələdiyyəsinin öz təşəbbüsü ilə” deyə cavab verdim.
Diqqətlə üzümə baxıb “Bəs sən necə izah edirsən bu məsələni?” dedi.
Təxminən belə cavab vermişdim Vurğunun son beşiyinə…
Dedim ki, Azərbaycanda şairlər, yazıçılar ikiyə ayrılır – öləndən sonra kitabları çıxanlara və öləndən sonra kitabları çıxmayanlara…Səməd Vurğunun ölümündən 70 ildən çox zaman keçib, amma çıxan kitablarının sayı həyatda ikən çıxdıqlarından qat-qat daha çoxdur…Bir az pauza verib əlavə etdim ki, ömrün uzun olsun, amma səndən sonra da onun kitabları nəşr ediləcək, çünki o xalqın şairi idi və nəsillər keçsə də xalq onu unutmayacaq…Və datçalılar da araşdırıb Səməd Vurğunu seçiblər…
Heç nə demədi. Amma mutlu və qürurlu idi…
Azərbaycan ədəbiyyatının əlçatmaz zirvələrindən dahi Səməd Vurğunun (1906-1956) doğulduğu gündür 21 mart...
Qərib bir səs gəldi bu gün
qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!
Of…Bu səs! Nə qədər ömrümə
yaddır.
Mənim ki, gəncliyim qəmdən
azaddır!
Qayadanmı qopdu bu daşqəlbli
səs?
Həyat öz oğlunu vaxtsız itirməz!
Dağılın başımdan qara xəyallar.
Hələ arzularım, əməllərim var.
Qapımdan getməmiş ömrün ayağı,
Dövran mənzilimə dost gələcəkdir,
Azəri yurdunun şer bayrağı
Mənim sənətimlə yüksələcəkdir...
S.Vurğun, Bir səs, 1940
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.