TANRILARIN QÜRUBU
12-04-2024, 10:54
Gebbels səhər tezdən Ruzveltin ölüm xəbərini gətirdi.
Xəbər sürətlə Reyxin bunkerlərinə yayıldı.
Günlərdən 12 aprel 1945-ci il idi.
İkinci Dünya müharibəsinin bitməsinə 26 gün qalırdı.
ABŞ prezidentinin ölümü Almaniyanın taleyində bir dönüş nöqtəsi ola bilərdimi?
Yoxsa bu, qüdrətli tarixin gözəgörünməz sirli barmağı idi?...
Hitler Franklin Ruzveltin (1882-1945) vəfatına çox da sevinmir.
Sovet ordusu şərqdən, müttəfiq qoşunları isə şimaldan və qərbdən Berlinin girişində idilər.
O gün Berlin Filarmoniya Orkestri son konsertini verəcəkdi.
Konsert Berlində qalanların ruh yüksəkliyini az da olsa qaldırmaq üçün idi.
Vida konsertinin proqramını Reyxin Hərbi Sənaye naziri Albert Şpeer (Speer) özü tutmuşdu.
Şpeer proqrama 3 əsər salır:
1. Rihard Vaqnerin “Tanrıların Qürubu” operasının finalı və Brungildanın ariyası;
2. Anton Bruknerin 4-cü simfoniyası (La Romantica);
3. Lüdviq van Bethovenin violino üçün re major konserti.
Nasional-sosialistlər iqtidardan təntənəli şəkildə getmək istəyirdilər.
Musiqi seçimi bunu göstərirdi.
Vaqnerlə başlayıb Bethovenlə bitirmək…
Kədərli şahlanışdan oynaq majora keçid…
Çox müəmmalı deyilmi?...
Məntiq varmı bu seçimdə?...
Vaqnerin bəstələri Böyük Alman Ruhunu canlandırmış,
germanizmin yeni təkanverici gücü olmuşdu.
Bu güc Almaniyanı yenidən şahlandıracaq,
yeni Alman İmperatorluğu yaranacaqdı…
Ancaq Hitler və III Reyx ölkəni biabırçı bir sona sürüklədilər…
Zatən konsert də “Tanrıların Qürubu”nun finalı ilə başlayır.
Bir utopiya ancaq bu şəkildə bitə bilərdi.
Bir yazımda belə yazmışdım:
“Vaqnerin musiqisi bütün pafosu, təntənəsi ilə apokalipsisi – dünyanın sonunu xatırladır. Çünki o, ilhamı qədim alman miflərindən alır, bu miflərdə isə Tanrılar əbədi deyil, fanidilər, onlar da insanlarla, Şərlə bərabər ölülər. Ölərkən də qaranlıq bir nöqtəyə çevrilir…yenidən doğmaq, yeni həyata başlamaq üçün”.
Bruknerin “La Romantica” simfoniyası ilə majora keçid edir orkestr – kədərdən arınmış bir gələcəyə doğru.
Bethovenin əfsanəvi violino üçün re major konserti isə sanki II Dünya savaşının bitmək üzrə olduğuna işarə edir…
Qarma-qarışıq hisslər içində bitir konsert.
Foyedə əllərində səbət 10-12 yaşlı Hitler-Yugendlər dolaşır.
Səbətlərdə sianid ampulaları var.
Konsert iştirakçılarının çoxu özlərinə bir ampul götürürlər.
III Reyxin rəhbərləri– Himmler, Görinq, Gebbels, Borman və b. həyatlarına bu ampullarla son verəcəkdilər…
Albert Şpeerin memuarlarını bitirəndə günlərlə bu dəhşətli səhnəni canlandırmışdım.
Özlərini Tanrı sayanların Qürubu idi bu…
***
Bu qeydlərimi yanvarda yazmışdım.
Gözlədim ki, 12 aprel günü paylaşım – düz 79 il sonra.
Bu müddət ərzində bir neçə dəfə əziz dostum, görkəmli Azərbaycan musiqiçisi, xalq artisti, professor Zəhra Quliyeva ilə danışdım. Əvvəlcə Bethovenin re major konserti haqqında nə düşünürsən deyə sordum. Məgərsə o, 1977-78-ci illərdə Leninqradda aspirant ikən bu konserti icra edib. Və təbii ki, bu əsəri yerə-göyə sığdırmadı.
Bir sonrakı telefon danışığımızda Zahranı bir az bezdirdim, deyəsən.
Ona çalınan əsəsrlər haqqında danışdım. Bruknerin “La Romantica” simfoniyasının çalınmasının konsertdən sonra müsiqiçilərin qaçmasına işarə olduğunu deyirəm.
Virtuoz ifaçımız telefonda fikrə gedir, sonra o məşhur zərif səsi ilə “Aaaa, Vagnerdən sonra Brukner?…Niyə?” deyə sual edir…Təxminən belə cavab verirəm Zəhra xanıma:
“Şpeer xüsusi avtobus ayırmışdı. Konsertdən sonra musiqiçilər ən qiymətli alətləri ilə dəyərli notaları alıb Berlin yaxınlığına qədər gəlib çatmış ABŞ ordusuna sığınmalı idilər. Lakin iki musiqiçi xaricində heç kim Berlini tərk etmək istəmədi, “İllərdir alman xalqına musiqi icra etmişik, sona qədər də xalqımızla qalacağıq” deyirlər”.
Dünən axşam isə dəyərli dostuma “skripka” sözünə görə zəng edirəm: “Niyə biz hələ də “skripka” deyirik? “Kaman” desək, o da doğru deyil. Nə düşünürsən?”. Gözəllər gözəli Usta sənətkar “Biz artıq xeyli vaxtdır “violino” deyirik. Çünki Üzeyir Bəy Hacıbəyli “Müsiqi Lüğəti” kitabında da “Skripka”, “Kaman” deyil, “Violino” yazıb” deyir.
Bu arada Zəhra Quliyevanın 2011-də çıxdığı kitabı da belə adlanır: “Violino sənətinin tarixi”.
Vəssalam,
dəyərli dostumla bu məsələyə də yəqinlik gətirib düşünürəm.
Düşünürəm ki, görəsən bir gün Zəhranın ifasında konsertin tamamını deyil, heç olmazsa “Largetto”sunu dinləyə biləcəyəmmi?...
***
12 aprel 1945-ci ildə Berlin Simfonik Orkestrinin son konserti oldu.
O konsert həm də müharibənin son akkorduydu.
Bəşər tarixində növbəti bir çağ bitmək üzrə idi.
https://t.me/ibrahim_nebioglu
TEREF