Bu gün xəyanətin cəzalandığı gündür: Əliheydər Qarayevin əməl dəftəri

24-04-2024, 17:47           
Bu gün xəyanətin cəzalandığı gündür: Əliheydər Qarayevin əməl dəftəri
Azərbaycan hər zaman qəhrəmanlar diyarı olub. Tarix boyu namusu -qeyrəti ANA VƏTƏN bilən oğulları ilə öyünmüşük! Amma çox təəssüf ki, torpağımız bəzən alaq otu da, yararsız övladlar da cücərdib ki, belələri hər zaman xalqımıza , dövlətçiliyimizə zərbə üzərindən zərbə vurub. Belələrindən biri də 20 iyun 1896-cı ildə Şamaxıda anadan olan, Azərbaycan SSR və Sovet siyasi və dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti parlamentlərinin deputatı seçilən, rus işğalçıları Azərbaycana göz dikib, Cümhuriyyətimizi məhv etməyə çalışdığı dönəmdə xaincəsinə yurdumuza, azadlığımıza, müstəqilliyimizə, cümhuriyyətimizə xəyanət edən, bir xalqın qan bahasına qurduğu hakimiyyəti heç neçəyə düşmənə satan Əliheydər Qarayev olub.
Beləki, o cümhuriyyətçilərə xəyanət edərək bolşeviklərin tərəfinə keçdikdən sonra Rusiya bunu "əla" qiymətləndirib. O, Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı (1920), Bakı Soveti İcraiyyə Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı (1920–1923) və sair yüksək məqamlara ucalıb.

Jurnalist Qərənfil Dünyaminqızı yazır:
"Cümhuriyyətin bir nömrəli düşməni” adlandırılan Əliheydər Qarayev haqqında yazıçı Manaf Süleymanov yazırdı: "Digər böyük vəzifə sahibləri arasında Əliheydər Qarayev yeganə adam idi ki, bolşeviklər ona ən yüksək hərbi rütbə vermişdilər. Hərbi libasının boyunluğunda hər tərəfdə dörd romb vardı, bu da, general rütbəsinə bərabər idi". Eyni zamanda Həmidə xanım Cavanşir də xatirələrində diqqətləri Əliheydər Qarayevin üzərinə çəkir:"Əliheydər Qarayev- kommunist partiyasının Azərbaycan xalqının mənafeyinə zidd olan bütün tapşırıqlarını danışıqsız yerinə yetirməsi, milli duyğulara nifrət bəsləməsi, Azərbaycanda rus və erməni nüfuzunun möhkəmlənməsinə əlindən gələni edərək, bu yolda ən şərəfsiz işlərdən belə çəkinməməsi ilə seçilən nümayəndəsi ”.

Bu araşdırma isə tarixçi alim Firdovsiyyə Əhmədovaya məxsusdur:”1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür. Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin üstünə çımxırır:

- Razılaşmasan, gözlərini çıxartdıraram!
M.Rəsulzadə təəssüflə cavab verir:
- Sən bütün millətin gözlərini çıxartdın!
Ə.Qarayev salona üz tutur:
- Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
- Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan!"


Bəli əziz oxucular, bu gün o gündür!il 1938 olsa da, gün elə həmin gündür: 24 aprel!
Xalqından, dövlətindən, canından çox sevdiyi sovet höküməti, dolayısı ilə ruslar bu əqidəsisizi niyə güllələdi?
Deməli, Qarayev, Moskvada Ali Partiya Məktəbində işlədiyi vaxtlarda, qardaşı Əlövsətə, Beriyanın Zaqafqaziyada, Bağırovun isə Azərbaycanda rəhbər vəzifəsinə seçilməsini təhlükəli adlandırmış və bu hadisənin, Azərbaycanda repressiyaların güclənməsinə təkan verəcəyini bildirərək demişdi: "Çünki bu avantüraçılar İ.V.Stalinin hədsiz etimadını qazanıblar".

Ə.Qarayev qardaşına danışmışdı ki, o, Müsavat Parlamentinin deputatı olduğu vaxtlarda L.P.Beriyanın müsavat kəşfiyyatında işləməsi barədə məlumatı vardı. Ə.Qarayev 1926-cı ildə Azərbaycan K(b)P MK-nin katibi təyin olunduqda, həmin faktı təsdiqləyən sənədləri axtarıb tapmağa bir neçə dəfə cəhd göstərmiş, lakin onun bütün cəhdləri uğursuzluqla başa çatmışdı, çünki L.P.Beriyanı ifşa edən materiallar çox ciddi surətdə ləğv edilmişdi. Sonralar 1953-cü ildə Beriya öz məhkəməsində etiraf etmişdi: "…deməliyəm ki, mənim ən ağır cinayətlərimdən biri… mənim müsavat əks kəşfiyyatında iştirakımdır. Bu günahımı mən tamamilə boynuma alıram.

1937-ci il iyunun 1-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının ayrıca tələbi ilə Ə.Qarayev və onun həyat yoldaşı — həkim Xavər Qarayeva-Şabanova Moskvada "xalq düşmənləri" kimi həbs edilərək Bakıya göndərildilər.
Qarayev 1918–19-cu illərdə Hümmət Menşevik təşkilatına üzv olmaqda və Müsavat parlamentində iştirak etməkdə günahlandırılır. Yorucu istintaqlar başlayır, işgəncənin və ağır həbsxana şəraitinin gücü ilə, əsassız böhtanları öz boynuna götürməsi üçün Qarayevə təzyiq göstərirlər. Qarayev parlamentdə iştirak etməkdən başqa, qalan bütün ittihamları rədd etdi,parlamentdə isə partiyanın göstərişi ilə çalışıb, yalnız fəhlə sinfinin mənafeyini müdafiə etdiyini söyləyərək günahsız olduğunu elan etdi.
1938-ci ildə "əksinqilabçı millətçi mərkəzin işi" ilə əlaqədər olaraq güllələndi.

1955-ci il dekabrın 7-də, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası, SSRİ Baş Prokuroru tərəfindən aparılmış işin materiallarını nəzərdən keçirərək, Əliheydər Qarayevə qarşı irəli sürülən əsassız ittihamları ləğv etdi və cinayət tərkibi olmadığına görə işin icraatını dayandırdı.
Baxın tarixin səhifələrinə!Xəyanət, oğurluq, düşmənçilik, satqınçılıq , ümumiyyətlə heç bir pis əməl heç vaxt cavasız, cəzasız qalmır!

P.S. Təəssüf ki, hələ də Bakıda Əliheydər Qarayev küçəsi qalmaqdadır!

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.