Məhəmmədəmin Rəsulzadənin redaktorluq fəaliyyəti, publisistikası, Məhəmmədəmin Rəsulzadə (surəti) bədii ədəbiyyatda

16-05-2024, 09:14           
Məhəmmədəmin Rəsulzadənin redaktorluq fəaliyyəti, publisistikası, Məhəmmədəmin Rəsulzadə (surəti) bədii ədəbiyyatda
Məhəmməd Əmin Rəsulzadə bütün türk dünyasının dəyərli oğlu, Azərbaycan xalqının fəxri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, başçısı, siyasi və dövlət xadimi, ədəbiyyatşünası, dahi mütəfəkkiridir. M.Ə.Rəsulzadənin yaradıcılığı onun dünyagörüşü, ictimai-siyasi, fəlsəfi və milli ideoloji fikiri haqqında olduqca geniş ətraflı məlumat verir. Onun Azərbaycan xalqının sosial-siyasi və fəlsəfi fikir tarixində özünəməxsus yeri və rolu vardır. M.Ə.Rəsulzadənin həyatına baxış edərkən, onun dövlətçiliyə baxışlarını və bu sahədəki fəaliyyətini yüksək qiymətləndirməmək mümkün deyildir. Azərbaycanın görkəmli ictimai-siyasi xadiminin, istedadlı aliminin, mütəfəkkirinin, publisistinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısının həyatı və sosial-siyasi ideyaları daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Onun sosial-siyasi və mənəvi-mədəni problemlərə həsr olunmuş əsərləri görkəmli dövlət xadiminin mənəvi irsini geniş şəkildə əks etdirir. M.Ə.Rəsulzadənin həyatı, siyasi baxışları, dövlətçiliyə dair milli və siyasi fikirləri, publisistikası, elmi-fəlsəfi, etik, estetik düşüncələri onun yaradıcılığının bilavasitə zənginliyinin səbəbidir. Məhəmmədəmin Rəsulzadənin dövlətçilik baxışları və fəaliyyəti araşdırılarkən, onun irsinin XX əsrin əvvəllərində baş verən bir çox mühüm sosial-siyasi hadisələrin təhlilini verdiyi bir çox araşdırılmalar və tədqiqatlarla sübut olunmuşdur. M.Ə.Rəsulzadənin yaşadığı dövr, sosial -siyasi və ideoloji hadisələrlə zəngin idi. M.Ə.Rəsulzadənin şəxsiyyətinin lazımınca öyrənilməsində onun öz əsərlərinin rolu əvəzedilməzdir. Dahi mütəfəkkirin həyata baxışını və dövlətçilik fəaliyyəti haqqındakı fikirlərini onun «İran türkləri», «Səadəti -bəşər», «Tənqidi-firqeyi-etidaliyyun», «Milli dirilik», «Cəmaət idarəsi», «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti», «İstiqlal məfkurəsi və gənclik», «Millət və Bolşevizm», «Azərbaycan istiqlaliyyəti», «Çağdaş Azərbaycan tarixi», «Çağdaş Azərbaycan ədəbiyyatı», «Qafqaz türkləri», «Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm haqqında», «Azərbaycan problemi», «Bolşeviklərin Şərq siyasəti», «Azərbaycanın kültür gələnəkləri», «Stalinlə ixtilal xatirələri», «Azərbaycan şairi Nizami», «Milli təsanüd» əsərlərindən tədqiq etmək mümkündür. M.Ə.Rəsulzadənin publisistik fəaliyyəti «Şərqi-Rus», «İrşad», «Təkamül», «Yoldaş», «Tərəqqi», «İqbal», «Bəsirət», «Şəlalə», «Dirilik», «Açıq söz», «Azərbaycan» (Bakı), «İrani-no» (Tehran), «Yeni Qafqasiya», «Azəri Türk», «Odlu yurd», «Bildiriş», «Azərbaycan Yurd Bilgisi» (İstanbul), «İstiqlal», «Qurtuluş» (Berlin), «Azərbaycan» (Ankara) və b. qəzet və jurnallarla bağlı olmuşdur. Bu qəzet və jurnallarda nəşr olunan məqalələrdə daim Azərbaycandakı milli-ideoloji və elmi-fəlsəfi, sosial-mədəni həyata dair mülahizələr öz əksini tapmışdır. M.Ə.Rəsulzadə türk millətinin milli-ideoloji və elmi-fəlsəfi dünyagörüşünə dair fikirlərini, eləcə də islamçılıq - şərqçilik, qərbçilik - avropaçılıq və türkçülük - milliyyətçilik dünyagörüşlərini bu qəzet və jurnallarda nəşr etdirmişdir. Dahi mütəfəkkirin publisistikasının əsasını dövlətin birliyi, Turan ideyası prinsipləri, şərqçilik – islamçılıq, adət-ənənələrə bağlılıq, mühafizəkarlıq təşkil edirdi. Azərbaycan ictimai-siyasi tarixinin görkəmli şəxsiyyəti M.Ə.Rəsulzadənin yaradıcılığının əsasını onun pedaqoji fikirləri, milliliyə, varisliyə, xəlqiliyə, müasirliyə əsaslanan maarifçi ideyaları təşkil edirdi. M.Ə.Rəsulzadənin yaradıcılığının konsepsiyasının əsası millətinin öz tarixini bilməsindən, xalqın maariflənməsindən və humanist və demokratik prinsiplərlə yaşamasından ibarət idi.
M.Ə. Rəsulzadə dünya tarixində Azərbaycan Cümhuriyyətinin qurucusu, lideri, böyük dövlət xadimi kimi tanınır. O, şanlı Azərbaycanı, xalqımızı, millətimizi, müzəffər ordumuzu sonsuz məhəbbətlə sevirdi. Dahi mütəfəkkirin ömrü, taleyi, həyatı şanlı, qürurlu millətimizə və dövlətimizə həsr olunmuşdur. O, vətəni və milləti üçün gərəkli, vacib və əhəmiyyətli olan bir çox işlər görmüşdür. M.Ə. Rəsulzadənin Cümhuriyyət və mühacirət dövrü fəaliyyəti olduqca zəngindir. Onun bədii ədəbiyyatda bir tarixçi alim kimi, siyasət adamı kimi surəti yaradılmışdır. M.Ə. Rəsulzadəyə həsr olunan bir çox uğurlu monoqrafiya və kitablar nəşr olunmuşdur. Onun Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin tarixində M.Ə. Rəsulzadənin rolu əvəzsizdir.
M.Ə.Rəsulzadə “İranda cümhuriyyət” məqaləsində İran mədəniyyətinin əslini belə izah etmişdir. “Şərqin bütün böyük hökumət və mədəniyyətlərində əsil olduğu kibi, İran mədəniyyətinin əslini də monarşi ümdəsi təşkil edər. İranın ən böyük abideyi-mədəniyyəti “Şahnamədir”. Şahnaməyə hakim olan ruh, ismindən də bəlli olduğu kibi, şahpərəstlikdir. Şahpərəstlik İran tarixinin ruhudur. Midiya sərdarı Artabanın yunanlı bir filosofa söylədiyi söz, İran tarixinin hüdutu-əsliyyəsini təşkil eyləmişdir. Artaban demişdir ki: “Biz iranilər padişahımızın əmirlərinə tabe olmağı sizin hürriyyət dediyiniz anarşiyə tərcih edəriz” [11,88].
Cümhuriyyət lideri olan M.Ə. Rəsulzadənin Azərbaycan ədəbiyyatında obrazı, şəxsiyyəti, ictimai-siyasi, ədəbi-tarixi və çoxistiqamətli uğurlu fəaliyyətini təsvir edən sənət nümunələri yaradılmışdır.
Məhəmmədəmin Rəsulzadənin həyata baxışı və dövlətçiliyə dair fikirləri onun Azərbaycan milyonçusu H.Z.Tağıyevə həsr etdiyi “Hacı Zeynalabdin” məqaləsində öz əksini tapmışdır. “Hacı cahanca məruf bir milyoner idi: Bakı milyonerləri meyanında ən məşhur bir isim daşıyan bu adam ölürkən artıq milyoner deyildi. Azərbaycanı istila edən Rusiya bolşevikləri hər kəs kibi onu da soymuş, soğana döndərmişlərdi. O, son günlərini Avropanın hər hansı möhtəşəm qonaqlarına meydan oxuyacaq dərəcədə mükəlləf və müzəyyən olan “sarayında” deyil, pək ucuz bir fıyatla kiraladığı müvəqqər bir odada keçirmişdir. Əvət, bolşeviklər onun bütün varını almışdılar, qazandıqlarından kəndisinə bir şey buraxmamışdılar. Fəqət onun, bolşeviklər də daxil olduğu halda, kimsə tərəfindən zəbt olunamayacaq qazancları vardı. Bu qazanclardır ki, bizi onunla məşğul ediyor. Yoxsa onun bir milyoner oluşu bizi pək o qədər də əlaqədar etməz. Məcmuəmizin təsis tarixindən bəri ölən azərbaycanlı milyoner fəqət Tağıyev deyildir” [11,138].
Dahi Azərbaycan mütəfəkkiri M.Ə.Rəsulzadə xeyriyyəçi milyonçu H.Z.Tağıyevin vətəninə, millətinə olan sevgisini, xeyirxahlığını yüksək qiymətləndirərək, ona həsr etdiyi “Hacı Zeynalabdin” məqaləsində yazır: “Azərbaycan ürəfasının hər hansı təsəddüt-pərəstanə təşəbbüsünün ən cəsur bir hamisi rolunu ifa edən Hacı salifüzzikr Darülmüəllimatı təsis etməklə hürriyyəti-nisvan məsələsinin təməl daşını qoymuş, mutəəssiblərin küfr və şetmlərinə baxmayaraq müsəlman qızların tərbiyəsinə mühüm bir vəsilə olmuşdur. İlk sənəi-təsisində mütəəssib xalqın küfrünə məruz qalaraq tələbə bulmayan bu Darülmüəllimat on sənə sonra kəndisinə hücum edən tələbatı qəbul edəməyəcək dərəcədə hüsni -qəbula məzhər olmuş və Hacı ölmədən erkək cocuqlarla qız cocuqlarının da ibtidai məktəbə, təliyə və aliyeyi doldurduqlarını görmüşdür. Azərbaycan ədəbiyyat, mətbuat və teatrosu da bu mütəşəbbis adamın pək böyük yardımlarını görmüşdür. Bir çox müəlliflərin əsərlərini nəşr etdirdiyi kibi bu möhtərəm zat mütəəddid qəzetə və məcmuələrin də sahib və naşiri olmuşdur. Topçubaşov 139Əli Mərdan bəyin idarəsində rusca “Kaspi”, Ağaoğlu Əhməd ilə Hüseynzadə Əli bəylərin idarəsi ilə çıxan türkcə “Həyat”, mərhum Haşım bəy tərəfindən təhrir olunan “Yeni Həyat” qəzetələri ilə yenə Hüseynzadə Əli bəyin qələm əsəri olan “Füyuzat” məcmuəsi kibi Rusiya və Qafqasiya türklərinin siyasi və ictimai mənafelərini müdafiə, mənəvi və ədəbi ehtiyaclarını təmin edən qəzetə və məcmuələr həp bu adamın himməti ilə təəssüs etmişdir” [11,139-140].
Azərbaycan ədəbiyyatında Nəsiman Yaqublu “Məmməd Əmin Rəsulzadə”, Vaqif Sultanlı “Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası”, Elçin “Məmməd Əmin Rəsulzadə”, Vaqif Sultanlı “Ağır yolun yolçusu. Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti”, Xaləddin İbrahimli “Azərbaycan Siyasi Mühacirəti”, Teyyub Qurban “Dönməzlik”, Nəsiman Yaqublu “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə”, Axund Hacı Soltan Əlizadə “Məhəmməd Əmin Rəsulzadə və İslam: mülahizələr, şərhlər” və s. kimi əsərlərdə M.Ə.Rəsulzadənin surəti yaradılmışdır.
Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabında Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məhəmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Behbud xan Cavanşir, Xosrov bəy Sultanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Mustafa bəy Vəkilov, Xudadat bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov və s. kimi Cümhuriyyət qurucularınin həyat və yaradıcılıqlarını tədqiq etmişdir. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” kitabında dahi Azərbaycan mütəfəkkiri M.Ə.Rəsulzadənin fəaliyyətini belə dəyərləndirmişdir. “M.Ə.Rəsulzadə milli-azadlıq ideyasını dünya mədəniyyəti baxımından əsaslandırırdı. Göstərirdi ki, dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad yaşamalı, biri digərinə təzyiq etməməlidir. M. .Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyətində “İqbal”, “Yeni İqbal” və “Açıq söz” qəzetinin böyük əhəmiyyəti olmuşdur. Bu qəzet haqqında M. .Rəsulzadə yazırdı: “Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sərahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı”6. 1917-ci ilin 27 fevralında Rusiyada Fevral-Burjua inqilabının baş verməsi Azərbaycandakı ictimai-siyasi proseslərə ciddi təsir göstərdi. Fevral inqilabından sonrakı ilk günlərdə Azərbaycanda fəaliyyət göstərən təşkilatların mərkəzləşməsinə ehtiyac duyulurdu və bu məqsədlə 1917-ci ilin martın 29-da Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı. Müvəqqəti Komitənin sədri M.H.Hacınski, onun müavini isə M. .Rəsulzadə seçildi. Müvəqqəti Komitə “bütün şəxsi incikliyi unudub milli-siyasi şüarlar ətrafında” birləşməyi və Ümummüsəlman Qurultayı çağırılmasını vacib saydı. Qurultayın açılışı ərəfəsində “Açıq söz” qəzeti yazırdı ki, bu qurultay Qafqaz müsəlmanlarının siyasi və milli mədəni inkişafında mühüm rol oynayacaq” [7,13].

Ədəbiyyat siyahısı:
1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998;
2. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
3. Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı, Berlin, 1938, B., 1992;
4. Azərbaycanın Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920), B., 1990;
5. İbrahimli X., Azərbaycan siyasi mühacirəti, B., 1996;
6. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001;
7. Nəsiman Yaqublu. CÜMHURİYYƏT QURUCULARI Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2018, 504 səh.
8. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə, B., 1991;
9. Yaqublu N. Azərbaycanın milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rosulzadə, B., 2001;
10. Oruclu M.R., Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911-1992), B., 2001;
11. Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar, B., 2005.
12. Məhəmməd Əmin Rəsulzadə. ƏSƏRLƏRİ (Mühacirət dövrü), 2-ci cild “Qanun” nəşriyyatı, 2021, 680 səh.
13. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope¬diyası. II cild, Bakı: Lider, 2005
Atakişiyeva Həcər
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.