İkinci cəhd: radio ilə yatırılan qiyam, dar ağacında “intihar edən” polkovnik Çevrilişin sirrini hökumətə kim açmışdı?
17-06-2024, 16:49
Polkovnik Talat Aydemirin 1963-cü il fevralın 22-də baş verən yatırandan sonrakı ilk parlament iclasında TBMM-in dörd fraksiyanın hamısı baş nazir İsmet İnönünü ayaq üstdə və alqışlarla qarşıladı. Amma bu siyasi idilliya çox sürmədi. İnönü qiyama cəhd edənlərin əfv olunmasını təklif edən kimi Ədalət Partiyası (AP) da Kayseridə cəza çəkən keçmiş demokatların əfvini istədi.
Aydemir və digər qiyamçılar 1962-ci il mayın 10-da qəbul edilən əfvlə bağışlanıldılar. Bundan sonra AP üzvlərinin keçmiş demokratların əfvi tələbi daha israrlı oldu. O zaman Yassıada məhkəməsindən cəmi 5 ay keçmişdi. Haqqında edam hökmü çıxarılan 15 nəfərdən 12-sinin cəzasının dəyişdirilməsi zatən ordunun bir qismində narazılıq doğurmuşdu. Ona görə də İnönü koalisiya ortaqlarına bu məsələdə bir qədər səbirli olmağı tövsiyə edirdi. Amma AP üzvləri bununla razılaşmadılar və bu ixtilaf Türkiyənin ilk koalisyon hökumətini çökdürdü.
İnönü mayın 30-da baş nazirlikdən istefa verdi. Prezident Cemal Gürsel hökumət qurmaq səlahiyyətini yenə ona həvalə etdi. Bu dəfə CHP ilə Cümhuriyyətçi Kəndli Millət Partiyası (CKMP) və Yeni Türkiyə Partiyasının (YTP) koalisiyası yaradıldı. 27-ci Cümhuriyyət hökuməti və ya doqquzuncu İnönü hökuməti iyunun 25-də fəaliyyətə başladı.
***
İstefaya çıxan Talat Aydemir isə yenidən cəhd etmək üçün fürsət gözləyirdi. Proseslər də sanki onun istədiyi kimi gedirdi. Birinci cəhdindən az sonra, fevralın 26-da İsmet İnönü radio çıxışında aşağıdakı sözləri söyləmişdi: “22 Şubat’ta teşebbüs edilen hareket, kumanda ettiği kıtaları aldatan, ordunun başındaki büyük kumandanları kendileriyle beraber göstererek mektep talebelerini kandıran ve bir ihtilal hükümetinin başına geçmek isteyenlerin hareketi olmuştur”.
İki gün sonra Quru qoşunları hərbi məktəbinin bir qrup müdavimi Güvenparkda Atatürk heykəlinin qarşısına “Harbiyeli aldanmaz” sözləri yazılan əklil qoydu.
Müdavimlər keçmiş müdirlərini də yaddan çıxarmırdılar. İcazə ilə şəhərə çıxan zaman sıra ilə Aydemirin evinin qarşısından keçir və hərbi salam verirdilər. Polkovnikə mülki şəxslər tərəfindən də böyük maraq və təhriklər vardı. Əfv mübahisələri, hökumət böhranı və ilk koalisyon hökumətin çökməsi də sanki qəsdçiləri haqlı çıxarırdı.
1962-ci il oktyabrın 16-da qəbul edilən əfv qanununa görə, keçmiş DP üzvlərinin cəzalarından 4 il çıxıldı. Cəza müddətlərinin bitməsinə 4 ildən az qalanlar isə azad edildilər. Bu, Türkiyə cəmiyyətinin aktiv kəsimini yenə iki cəbhəyə böldü. DP iqtidarının son illərində tələbələrə xüsusi divan tutulduğundan, gənclər xüsusilə əfvə qarşı idilər. Amma qarşıda daha böyük qalmaqal dururdu.
Kayseridə cəza çəkən DP-lilər arasında ən yaşlısı keçmiş prezident Celal Bayar idi. 1963-cü ilin mayında 80 yaşı olacaq Bayar şəkərdən, yüksək təzyiqdən, aterosklerozdan, bağırsaq iltihabından və ürək çatışmazlığından əziyyət çəkirdi. Üstəlik, 1962-ci ilin dekabrında həyat yoldaşı vəfat etmişdi. Bu səbəblərdən də İnönü barışmaz rəqibini azad etməyin yollarını arayırdı.
Bayarı müayinə etmək üçün Kayseri həbsxanasına göndərilən doktorların raportu 1963-cü il martın 18-də Məhkəmə-tibb qurumu tərəfindən müzakirə edildi və səs çoxluğu ilə keçmiş prezidentin cəzasının 6 aylıq təxirə salınmasına qərar verildi. Bu müddətdə azadlıqda olacaq və müalicə alacaq Bayar 6 aydan sonra yenidən müayinə ediləcək və nəticələrə uyğun qərar qəbul olunacaqdı.
Keçmiş prezident martın 22-də səhər tezdən azad edildi. Həbsxana qarşısına toplanan jurnalistlərə “Altı ay serbest bıraktılar. Değeri yok. Millete hizmet edenler duvarlar ardında. Bunun tesiri altındayım” dedi. Kayseridəki “Turan” hotelinə gedən Bayar üçün mindən çox adam binanın qarşısına toplaşaraq nümayiş keçirdi.
Ertəsi gün Ankaraya yola düşən keçmiş prezidenti əvvəlcə 50 avtomobillik qafilə müşayiət edirdi, amma yolboyu qoşulanlar hesabına bu say daha da artdı. Nəhayət, Ankaradan da qarşılarına çıxanlarla birlikdə qafilədəki avtomobil sayı 500-ə çatdı. Bu, indi belə çox böyük rəqəmdir, 1963-cü ilin Türkiyəsi üçün ağlagəlməz idi. Qafilə Bayarın evinə yaxınlaşdıqca, küçələrdə duran insanların sayı üzündən sürətini azaltdı və hətta bir müddət dayanmalı oldu. Bayar evinin balkonuna çıxıb toplaşanları salamlayarkən isə ərazinin üzərindən aşağı hündürlükdə iki reaktiv təyyarə uçdu. Bu, baş verənlərə hərbçilərin reaksiyası idi.
Bayarın müvəqqəti azadlığına etiraz edənlər də vardı. Yürüş edən gənclər Ədalət Partiyasının ofisini daş-qalaq etdilər. AP İdarə Heyətinin 38 yaşlı üzvü Süleyman Demirel bu hadisələrdən o qədər əndişə keçirdi ki, bir müddət aktiv siyasətdən çəkildi. Bu hadisə “Şapkasını alıb (və ya buraxıb) qaçdı” tərzində sonralar uzun müddət Demirel əleyhdarları tərəfindən qınaqla xatırlanacaq. Etirazlar Bayarın evinin önündə də baş verdi.
Nümayişlər İstanbul və İzmirdə də oldu. İstanbulda tələbələr 1960-cı il etirazları zamanı polis tərəfindən qətlə yetirilən Turan Emeksizin öldürüldüyü yerə gələrək, and içdilər: “Türk gençliği olarak özgürlüğün, bağımsızlığın ve egemenliğin ve devrimlerin yılmaz bekçisiyiz. Her zaman her yerde ve her durumda Atatürk ilkelerinden ayrılmayacağımıza namus sözü verir, kendimizi büyük Türk’e adarız”.
Bu hadisələr zamanı Bayar tərəfdarları və əleyhdarları arasında toqquşmalar da meydana gəldi. Hələ 5 il sonra aydın şəkildə ortaya çıxacaq, ölkəni xaosa sürükləyəcək və 17 il sonra daha bir hərbi çevrilişə aparacaq sağ-sol çatışmasının əsası məhz həmin günlərdə qoyuldu.
Nəticədə Celal Bayarın müvəqqəti azad edilməsi haqqında qərar martın 28-də ləğv edildi. Keçmiş prezident nəzarət altında Ankaradakı xəstəxanaların birinə yatırıldı. Altı aylıq müalicədən sonra yenidən Kayseriyə göndərildi, halbuki səhhətində heç bir irəliləyiş yox idi.
***
Bu hadisələr zamanı Türkiyə ordusunda mürəkkəb proseslər gedirdi. “Vətəni xilas etmək üçün” yeni bir çevriliş planlayan irili-xırdalı qəsdçi qrupların sayı-hesabı yox idi. Hətta Birinci Aydemir qiyamı zamanı hökumətin əsas dayağı olmuş hərbi-hava qüvvələrində belə “11-lər” adlı qrup formalaşdı. Milli Birlik Komitəsinin keçmiş üzvləri və təbii senatorlar Mucip Ataklı və Ekrem Acuner Milli Devrim Ordusunu yaratdılar. Belə vəziyyətdə siyasi iqtidarı xilas edən əsas amil qəsdçilərin vahid lider ətrafında razılığa gələ bilməməsi idi.
27 may çevrilişindən sonra Milli Birlik Komitəsi daxilində daha radikal mövqe tutduğuna görə zorla ölkə xaricinə müxtəlif diplomatik vəzifələrə göndərilən “14-lər”in də çoxu artıq ölkəyə qayıtmışdı. Amma onların arasında da birlik yox idi: bir qismi Alparslan Türkeşi, bir qismi də Orhan Kabibayın liderliyini dəstəkləyirdi.
Parçalanma 22 fevral qəsdçilərindən də yan keçmədi. Onların bir hissəsi Dündar Seyhanın liderliyinin tərəfdarı idilər. Talat Aydemir isə, əlbəttə, çevrilişin və çevrilişdən sonra qurulacaq hökumətin rəhbəri kimi özünü görürdü. Ümumiyyətlə, özünün və həmfikirlərinin əlinin altında böyük hərbi birləşmələr olduğu, Ankaradakı hissələrin az qala hamısının onu dəstəklədiyi halda uğur qazana bilməyən keçmiş polkovnikin indi hamı istefada olduğu halda nəyə ümid etdiyini anlamaq çətindir. Amma ümid edirdi və digər qruplar hələ götür-qoy edərkən, hərəkətə keçməyi qərara aldı. İkinci cəhd mayın 20-dən 21-nə keçən gecəyə təyin olundu.
***
Planlaşdırıldığı kimi, mayın 20-də gecə yarısına az qalarkən aralarında Aydemirin kürəkəni də olan bir qrup hərbçi Ankara radiosunu ələ keçirdi və 00:12-də çevriliş məlumatı oxundu. Bu məlumatda polkovnik Talat Aydemirin iqtidarı ələ keçirdiyi, hökumət, parlament və siyasi partiyaları buraxdığı deyilirdi. Məlumat həm də bir işarə idi: onun səslənməsindən sonra Aydemirin tərəfində olan hərbi hissələr küçələrə çıxdılar və paytaxtın strateji nöqtələrini tutdular.
Aydemir özü də aylar sonra yenidən hərbi formasını geyindi, Quru qüvvələri hərbi məktəbinə gələrək bütün ordunun üsyan etdiyini söylədi. Müdavimlər ona inanaraq küçələrə çıxdılar. Amma bu zaman radio hökumətə loyal qüvvələrin əlinə keçdi və 28-ci diviziyanın qərargah rəisi Ali Elverdi heç bir çevrilişin olmadığını bildirdi.
Aydemirin ikinci cəhdi hökumət üçün gözlənilməz olmadı. İddialara görə, polkovniklə razılığa gələ bilməyən başqa polkovnik - Alparslan Türkeş onun planlarını hökumətə xəbər vermişdi. Təsadüfi deyil ki, Baş qərargah rəisi Cevdet Sunay baş nazir İnönüyə narahat olmamasını, qiyamın öhdəsindən özlərinin gələcəyini söylədi.
Saat 2-də radionu yenə Aydemir tərəfdarları ələ keçirdilər və Elverdini əsir aldılar. Yenə çevriliş məlumatı oxundu. Amma Elverdinin məlumatı öz işini görmüşdü: qiyama qoşulan hərbçilər anladılar ki, deyildiyi kimi, heç də ordunun hamısı qiyamda iştirak etmir. Əksinə, daha çoxsaylı qüvvələr hökumətin tərəfindədir.
Üstəlik, səhərə yaxın radio yenə hökumət qüvvələrinin əlinə keçdi və bu dəfə Cevdet Sunay özü çıxış etdi. Bu çıxışdan sonra Aydemirin tərəfində olan qüvvələr dağılmağa başladı. Beləliklə, ikinci cəhdin qarşısı sadəcə radio ilə alındı. Aydemir həbsxanada qələmə aldığı xatirələrində hadisəni bir qədər də bəsitləşdirərək “Məğlubiyyətimizin tək səbəbi radiodur” yazacaq.
Aydemirin oturduğu hərbi məktəb səhər saatlarında mühasirəyə alındı. Üzərindən reaktiv təyyarələr uçdu. Aydemir məktəbdən qaça bilsə də bir neçə saatdan sonra tutuldu. 21 may cəhdi 22 fevral cəhdindən daha zəif olsa da, bu dəfə qan töküldü: 8 nəfər öldü, 21 nəfər yaralandı. Əslində onlar hökumət qüvvələrinin açdığı atəşin qurbanı olsalar da, bədəlini qiyamın təşkilatçısı kimi Talat Aydemir ödəyəcəkdi.
Qiyamda iştirak edənlər Mamak Hərbi Məhkəməsi qarşısına çıxarıldılar. Sentyabrın 5-də oxunan hökmə əsasən 7 nəfər - Talat Aydemir, Fethi Gürcan, Erol Dinçer, İlhan Baş, Cevat Kırca, Osman Deniz ve Ahmet Güçal - edam cəzasına məhkum edildilər. 29 nəfər ömürlük, 75 nəfər də müxtəlif müddətli cəzalar aldılar.
Sonda yalnız iki nəfərin - Talat Aydemir və Fethi Gürcanın edam cəzası qüvvədə saxlanıldı. Mayor Gürcan 1964-cü il iyunun 27-də, polkovnik Talat Aydemir isə iyulun 5-də asılaraq edam edildilər. Türkiyə mətbuatında edam haqqında yazılan yazılarda polkovnik Aydemirin asılarkən ayağının altındakı stulu özünün itələdiyi barədə iddialar yer alır...
Quru qoşunları hərbi məktəbinin 1459 müdavimi isə qovuldu. Daha sonra onlara ikinci ali təhsil imtiyazı tanındı. Ömürlük və müddətli cəzalar alanlar isə bir neçə ildən sonra amnistiya ilə azadlığa çıxdılar.
***
Aydemirin edamının ertəsi gün önəmli bir hadisə baş verdi. İyulun 6-da AP genel başqanı, ana müxalifət lideri Ragip Gümüşpala vəfat etdi. “Şapkasını alıb gedən” Süleyman Demirel bu hadisədən sonra siyasətə qayıtdı və hətta başqanlığa namizədliyini irəli sürdü. Noyabrda keçirilən partiya qurultayında Sadettin Bilgiç, Tekin Arıburun və Ali Fuat Başgil də namizəd idi.
1679 nümayəndənin iştirak etdiyi səsvermənin nəticələrinə görə Başgil 4, Arıburun 39, Bilgic 552 səs aldı. Süleyman Demirel isə 1072 səslə Ədalət Partiyasının növbəti genel başqanı oldu. Türkiyənin siyasət tarixində ilk dəfə partiya başqanı rəqabətli mühitdə müəyyənləşdi. Demirel bu vəzifəni 1993-cü ildə prezident seçilənə qədər daşıdı.
1965-cü il parlament seçkilərində Süleyman Demirelin rəhbərliyi ilə AP 52,9% səs topladı və 450 yerlik Məclisdə 240 mandat qazandı. Bu da ona təkbaşına iqtidar olmaq fürsəti verdi. Artıq 81 yaşı olan İsmet İnönünün rəhbərlik etdiyi CHP isə 28,7% səs və 134 mandatla ana müxalifət partiyası oldu.
Yadigar Sadıqlı
pressklub