KEÇƏN ƏSRİN II YARISININ ƏFSANƏSİ ANUK EME ÖLDÜ..

19-06-2024, 12:24           
KEÇƏN ƏSRİN II YARISININ ƏFSANƏSİ ANUK EME ÖLDÜ..
Dünya kinosunun ulduzu Anuk Eme 92 yaşında dünyadan köçdü. Dünya mətbuatı onun haqqında yazır.
2 il 1 gün öncə çəkildiyi ən məşhur filmlərdən birində tərəfi-müqabili Jan-Lui Trentinyanın ölümü haqqında yazmışdım, “Bir kişi və bir qadın” filmi haqqında da, o parçanı burada gətirirəm.
Eme dünya çaplı aktrisadır, məsələn,"Bir kişi və bir qadın”dan başqa Federiko Fellininin 2 ən güclü filmində çəkilib, zəngin filmoqrafiası, nüfuzlu rejissör adları...
Anuk Eme çox məşhur filmə çəkilsə də, mənimçün 1966-da çəkilmiş “Bir kişi və bir qadın” filminin baş qəhrəmanı olaraq qalır. Bütün dünyada və SSRİ-də məşhur, kino tarixində parlaq iz qoyan bu kinoya uzaq 1970 ya 71-ci ildə baxmışam, tələbə idim.
Film Bakı kinoteatrlarında göstərilmədi, hesab olunurdu ki, filmdəki məhəbbət-seks səhnələrinə baxmaq sovet vətəndaşına yaraşmaz. İndiki baxımdan yataq epizodlarında elə bir açıq-saçıqlıq da yoxdur, cavanlar gülər - burada nə var ki, qadağan da edirdilər?
Nüfuzlu ingilis Empire kinojurnalı Anuk Emeni kino tarixinin 100 ən seksi ulduz listəsinə salıb. Amma filmin gözəlliyi, cazibəsi Anuk Emenin seksuallığında, gözəlliyində, yataq-məhəbbət səhnələrində, ya görmədiyimiz maşınlarda, ya Trentinyanın dəli kimi maşın sürmək epizodlarında deyil. Bu film azsaylı sovet məhəbbət filmlərindən fərqli olaraq,- çoxusu 1941-45 müharibəsinə, kolxoz quruculuğuna ya istehsalata həsrolunmuşdu, - başqa, azad dünyanın azad insanlarının azad məhəbbətini göstərirdi. Gözəl göstərirdi, baş aktyorlar, rejissör, filmin bəstəkarı - hamısı ulduz idi ya ulduz oldu...
Frənsis Ləyin bəstələdiyi musiqi indi də hit-kinomelodilər listəsində qalır. Şərhdə yerləşdirəcəm.
Film cavan rejissor olan Klod Lelüşü Avropa və dünya ulduzu elədi.
Gözəl, solmaz, köhnəlməz bir Love Story - məhəbbət əhvalatı, əfsanəsi görmək istəyirsinizsə, “Bir kişi və bir qadına” baxın...
Çingiz Sultansoy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru