MUTLU və UMUTLU

20-06-2024, 11:24           
MUTLU və UMUTLU
Bir neçə gün əvvəl “Mutluluq yoluxucudur” adlı bir məqaləmi paylaşmışdım.
Təhsilli olduğu bəlli olan bir xanım qısa bir şey yazdı mənə:
“Müəllim, dilimizi sevək və qoruyaq!”…
Donub qaldım, düşündüm ki, nəyim də olmasa Ana dilimə münasibətim qüsursuzdur.
Səbrli olmağa çalışdım, nədə ittiham olunduğumu sordum.
Cavabı məni cin atına mindirdi:
“Dilimizdə “Mutlu” sözü yoxdur, yaxşı olar ki, dilimizi sevib, qoruyasız!”.
Təmkinimi pozmadan dedim ki, nənələrim “Mutlu, umutlu ol, a dərdin alım” deyə alqış edib, məni oxşayıb tumar çəkərdilər. Böyüklərimizin bulaq kimi təmiz, zəngin söz dağarcığının üstünə kim nə söz deyə bilər ki?..
Uzatmadım, sonlandırmaq istədim polemikanı. Ancaq əl çəkmədi, tərzinin xoş olmadığını anladığından vəziyyətdən çıxmağa çalışdı. Ancaq alınmadı.
Ən sonda da “Bir qədər sərt cümlələr qurdum, məni bloklaya bilərsiz” yazdı.
Bloklamadım, istədim ki, paylaşanda aşağıdaki pritçanı o da oxusun.
***
Raşidüddin Hemedani (1247-1318) tanınmış yazar, ilahiyyatçı və dövlət xadimi olub.
O, dövrünün ən bilgə adamlarından biri, İlhanilərin vəziri idi.
Bir gün vəzirə xəbər edirlər ki, Afrasiyab sənin arxanca “Raşidüddin çox savadsız adamdır” deyir. Bunu eşidən vəzir kisədən 3 akça çıxarır, əmr edir ki, bunu Afrasiyaba göndərsinlər.
“Arxanca danışır, savadsız deyir, sən isə ona pul göndərirsən” deyə səbəbini soruşurlar.
Raşidüddin belə cavab verir: “Kül olardı mənim başıma, əgər Afrasiyab kimi mənasız biri mənim elmimə, biliyimə yaxşı qiymət verərdi”...
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru