SONUNCU MOGİKAN
23-06-2024, 09:58
Qazax camaatı tarixən yayın gəlməsi ilə yaylaqlara çıxar, avqustda “quyruğun doñması” ilə yurdlarına geri qayıdar. Qazaxda buna “dağa getmək” deyirlər. Hər kəndin öz dədə-baba yaylağı var idi. Kəsəmənlilər adətən indiki Ermənistan ərazisindəki tarixi Qazax torpağı olan Dilican dərəsənə və ətrafındakı füsunkar yaylaqlarda binələnərdilər...
Dilican (Qazax qəzası), avqust 1918
1918-in avqust ayında atlı-arabalı köçlərdən biri Dilicandan Qazağa qayıdarkən qarşılarını başlarında saçaqlı fəs, bellərində “hançer”, əllərində tüfəng 3 türk zabiti kəsir. 10-12 yaşlarındakı oğlan uşağını işarə edərək qarşılarındakı Məşədi Hüseynə “Erməni quldurları yolboyu köçlərin qabağını kəsir, qarət edir, uşaq-qadın demədən qanlarına qəltan edirlər. Qazağa qədər sizə müşaiyət edək” deyirlər...
***
22 iyun 2024 tarixində tanınmış pedaqoq, riyaziyyatçı, bütün ömrünü elmə və riyaziyyatın tədrisinə həsr etmiş fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Xəlilovun 85 yaşı tamam olur.
Hüseyn müəllimi özümü biləndən tanıyıram.
Atamın ən yaxın dostlarından biri idi, 40 ilə yaxın eyni Ali məktəbdə – o vaxtkı adı ilə Azərbaycan Neft və Kimya institutunda çalışıblar.
İki eloğlu həm namizədlik, həm də doktorluq dissertasiyalarını eyni vaxtda müdafiə etmiş, eyni vaxtlarda dosent, sonra da professor olmuşdular.
Atam – Nəbi Yaqubov “Nəzəri mexanika” kafedrasının müdiri, Hüseyn Xəlilov isə Hazırlıq fakultəsinin dekanı idi.
Atam akademik Azad Mirzəcanzadənin, Hüseyn müəllim isə Akademiyanın müxbir üzvü Qoşqar Əhmədov və professor Hüseyn Çəndirli məktəbinin yetirmələri idilər.
Tanıdığım ən kübar alimdir Hüseyn müəllim.
Uşaqdan böyüyə, tələbədən müəllimə qədər hər kəsə “Əzizizm” deyə xitab edir.
Uzun illərin dostluqlarına rəğmən atamla bir-birlərinə adla müraciət etməz, adlarının sonuna mütləq “müəllim” əlavə edirdilər.
Onların bu “zadəgan rəsmiyyətinə” heyrandım.
O vaxtlar elə bilirdim ki, ən yaraşıqlı, ən ağıllı və ən iri cüssəli alimlər riyaziyyatçılardır. Hüseyn müəllim həqiqətən də elədir – üzündən nur yağan, zəkalı və pəhlivan görünümlü. Balaca vaxtı məhləmizdəki məndən böyük erməni uşaqları üstümə “şeşələnəndə” onları Hüseyn əmi ilə qorxudurdum. Tez-tez gəlirdi bizim evə – ad günləri, xəngəl qonaqlıqları və özəl günlərdə.
Belə özəl günlərdən biri də 1969-un payızında olmuşdu.
Ancaq əvvəlcə o özəl gündən bir qədər əvvələ – 1969-un qışına aparacam sizi…
Moskva, “Rossiya” mehmanxanası, 28 fevral 1969.
Neft və Kimya institutunun 30-33 yaşlarındakı gənc müəllimləri, üç dost – Bəhlul Əliyev, atam və Hüseyn Xəlilov Moskvada ezamiyyətdədirlər. Hüseyn müəllim “Universitetskaya”da, atam və Bəhlul müəllim “Rossiya” mehmanxanasında qalırlar.
Fevralın son günü dostlar “Rossiya”nın məşhur banket zalında axşam yeməyində görüşürlər. Hüseyn müəllimin bir neçə ay əvvəl qızı doğulub, Vətəndən uzaqda ən yaxın dostlarına qonaqlıq verir.
Yemək sırasında atam anidən “Eşidirsizmi, arxamızda türkcə danışırlar” deyir.
Masalardan birində 3 türk oturub.
Ehtimal ki, atamgil o günə qədər heç türk görməmişdilər.
1960-ların sonunda nəinki Bakıda, heç Moskvada da türklərə rast gəlmək nadir hadisə idi.
Ofisiantı çağırıb türklərin masasına bir konyak və “plitka” şokolad göndərirlər.
Axşamın gec saatlarında qonaqlar qalxıb atamgilin masasına yaxınlaşırlar.
Ayaqüstü salamlaşıb, təşəkkür edirlər, gedərkən masaya bir şüşə rakı ilə bir paket “Maltepe” siqareti qoyurlar.
Başqa mehmanxanada qaldığı üçün masadan ilk Hüseyn müəllim ayrılır.
O gedəndən sonra KGB-nin mülki geyimli əməkdaşları atamla Bəhlul müəllimi “Siz kimsiniz, nəçisiniz ki, türklərlə kontakta girirsiniz?” deyə aparıb səhərə qədər sorğuya çəkirlər.
O dövrdə türklərlə ünsiyyət qurmaq nədir, “Türk” sözünü tələffüz belə etmək olmazdı...
Hüseyin müəllim səhərə qədər atamgilin otaqlarına zəng vurur.
Telefonlar cavab vermir ki vermir.
Atamla Bəhlul müəllimi səhərə qədər sorğu-suala tuturlar, araşdırıb yoxlayandan sonra baxırlar ki, gənc alimlərdir, insafa gəlib buraxırlar...
Bakı, sentyabr 1969.
10-15 nəfərlik qohum və dostlar bizim o vaxtkı iki otaqlı kiçik mənzilimizə toplanıblar.
Şadyanalıq var, kiçik bir məclisdir.
Tamadalığı riyaziyyatçı Musa Heydərov edir.
Anam imkanları daxilində bir neçə xonça bağlayıbmış.
Qonaqlığın ortasında onları masaya gətirir.
Xonçalardan birini kirvəm kimi gətirib Hüseyn müəllimə verirlər.
O xonçanın içində bir şüşə rakı və bir paket də Maltepe siqareti var idi!!!..
Hüseyn müəllim israr edir ki, xonçanı elə burdaca açmaq lazımdır.
Hamı bir-birinin üzünə baxır – o günə qədər heç kim həyatında rakı içməyib, onu necə içildiyini də bilmirlər. Hətta rakının su ilə qarışdırılaraq içilməsindən də bixəbərdirlər.
Musa müəllim rakıya baxıb “Bu ki, 330-luqdur, kimə çatacaq?” deyir.
Açırlar, hərəyə 15-20 qr süzürlər ki, hamı dadına baxsın, axı Türk içkisidir...
Zəhər də olsa içəcəklər, axı Türkiyədən gəlib...
Paketi də açır, siqaret çəkməyənlərə belə bir ədəd türk siqareti verirlər.
“Gəlin rakını içək, üstündən bir nəfəs türk tütününün dadını alaq və...özümüzü İstanbulda, Qalata körpüsünün üstündə hiss edək”, – deyir kimsə...
O an deyilən sağlığı yəqin heç Hüseyn müəllim də xatırlamır.
Ancaq əminəm ki, atam qalxıb Türkiyəyə, Atatürkə badə qaldırıb.
Nağıl kimi bir gün imiş o gün...
Belə Türk sevdalı, Türkçü aydınların əhatəsində böyümüşəm...
Hüseyn müəllim də böyük Türkçülərdəndir mənim üçün...
Türk sevgisi və Türkçülük
Oxuduğunuz bu sətirləri bir bahar axşamı yazıram.
Bəzi faktları dəqiqləşdirmək üçün Qazağa zəng edirəm.
BDU-nun Qazax filialının Riyaziyyat və İnformatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov işdən yenicə gəlib.
Bitirmək üzrə olduğum bu yazını müzakirə etmək istəyirəm, etiraz edir, hər zamankı şirin dili ilə “Əzizim, özün necə uyğun bilirsən, elə də yaz. Mən yazı çıxandan sonra oxuyacam” deyir...
Türkiyədə çalışdığı illərdən düşür söhbət.
1995-2006 illərində İzmitdəki Kocaeli universiteti,
2008-2014-də isə Rizedəki R.T.Erdoğan universitetində çalışdığı dövrdə gördüyü işlərdən danışır;
Tanınmış hərbiçi, general Zafer Özkan Paşa ilə tərtib etdikləri və böyük rezonansa səbəb olan “Erməni yalanları” konfransını;
Türkiyə türkcəsində yazdığı 9 cildlik “Yüksek Matematik” (Ali Riyaziyyat) kitablarını xatırlayır.
“Bilirsənmi neçə səhifə edir 9 kitab?..3500 səhifə”, – Hüseyn müəllim deyir.
“Böyük türkçüsünüz, Hüseyn əmi” deyirəm telefonda.
“Yox, ən böyük türkçü sənin atan idi. Mən türkçülüyü Nəbi müəllimdən öyrənmişəm” deyir. Qəhərlənirəm, bəlli etməmək üçün susuram, istəmirəm ona hiss etdirim.
Pauza verib davam edir...Türklərə olan sevgim uşaq vaxtı, qağamın danışdığı hadisədən sonra yaranıb...
Bəli, Dilican dərəsində köçün qarşısına çıxan 3 türk zabiti Nuru Paşa komandanlığındakı Qafqaz-İslam Ordusunun mənsubları, Məşədi Hüseyn bizim yubilyarın qağası (Qazaxda babaya qağa da deyirlər), yanındakı balaca oğlan isə Hüseyn Xəlilovun atası imiş...
85 yaşınız mübarək olsun, əziz Yubilyar!
Mənim üçün yaşayan Sonuncu Mogikanlardan birisiniz.
Bu Dünyada qarşımıza çıxıb bizi mutlu və bəxtiyar etdiyiniz üçün sağ olun!
İstanbul, 27 aprel–21 iyun 2024.
İbrahim Nebioğlu
TEREF