BİR DƏFƏ TEXASDA
26-06-2024, 08:34
Ömər Hacıyevə həsr olunur.
Ömər Houston-da yaşayan azərbaycanlıdan maşın almışdı, gedib sürüb gətirmək lazım idi. Ömər hələ sürücülük vəsiqəsini almadığından məndən xahiş elədi ki gedək gətirək. Ömər mənim yaxın dostum olmasa da, sevirdim mən Öməri. Bilirsiz hansı insanlardan idi Ömər? Hər gün görmürsən, amma görəndə sevinirsən.
Günorta avtobusla Louisiana-dan çıxdıq. Yola təzə düşmüşdük ki Ömər dedi,
- Sən hamıya hekayə yazırsan, bircə mənə yazmayıbsan da.
- Yazaram, necə hekayə istəyirsən ki?
- Nə bilim e, belə maraqlı gülməli bir şey olsun. Bircə ağlaşma olmasın.
- Problem deyil, yazaram.
- Sən də yazaram yazaram deyirsən, yazmırsan da!
- Vaxtı gələndə yazacam, Ömər.
Çatdıq Houston-a, maşını götürdük, yemək filan yedik. Gecə haradasa 1 olardı, düşdük yola. Yola düşən kimi, Ömər başını atdı yatdı. Mənim də yuxum gəlirdi, yuxuya getməmək üçün dalbadal siqaret çəkirdim. Səhralıqla gedirdik allah amanında. Güclü yağış başladı, yolu da duman aldı. Öməri oyadıb dedim,
- Qardaşımsan, GPS-ə bax, birdən səhv dönərəm, gedib Meksikaya zada çıxarıq.
Ömər dedi,
- Narahat olma, Ömər qardaşın yanındadırsa, sənə heç kim heçnə eləyə bilməz.
Dedim,
- Təki sən deyən olsun.
Biraz da yol gedəndən sonra Ömər dedi,
- Qabaqda market filan görsən saxla su alaq. Mənim də siqaretim bitmişdi.
Çöllüyün ortasıyla gedirdik, market filan heçnə yox idi.
Yarım saat da gedəndən sonra sağda balaca dükan gördüm. Dükan səhranın ortasında tək durmuşdu. Saxladım. Ömərlə söhbət eləyə-eləyə girdik mağazaya. Ömər getdi su götürməyə, mən yaxınlaşdım kassaya.
- Zəhmət olmasa, bir paçka qırmızı Marlboro deyib, bumajniki çıxartdım.
Bumajniki çıxardandan sonra, başımı qaldırıb satıcıya baxdım, qoca ağ saçlı kişi idi, çürük dişlərinin arasında siqaret sıxmışdı. Dəhşətli üz ifadəsi var idi. Gözlərini zilləyib mənə baxırdı... Mən hələ elə qəddar gözlər görməmişdim. Fiziki diskomfort yaşadım…
Pulu uzadıb birdə təkrar elədim,
- Bir paçka qırmızı Marlboro, zəhmət olmasa.
Gördüm pulu götürmür... Əllərinə baxdım, ikisi də kassanın altında idi... Onda dərk elədim ki, qoca kassanın altından vinçestr dirəyib mənə…
Əyildim qocaya tərəf, bir əlimlə yaxasından tutub qaldırdım onu göyə, ağzından siqareti çıxarıb atdım yerə, dedim,
- Ay qoca kaftar, sənə demədim, bir paçka qırmızı Marlboro ver?!
A, yo, elə eləmədim. Elə şeylər kinolarda olur.
Əslində tullandım göyə, göydə Van Damme kimi fırlanıb təpiylə qocaya zərbə endirdim, qoca dal-dala getdi, tez bir əlimlə vinçestri götürüb tulladım Ömərə, obiri əlimlə qocanın boğazından tutub dedim,
- Mənimlə oyun oynamaq istəyirsən, qoca pislik? Bu dəfə səni bağışlayıram, birdə belə şey olmasın!
Yo, bu da hansısa kinodan idi.
Bilirsiz, eləmədiyim şeyləri yazmaq daha rahatdır, çünki elədiyim bir şey yox idi. Bədəndə fiziki zehni heç bir proses getmirdi. Quruyub qalmışdım. Vinçestr - hipnozun ən gözəl növüdür.
Həmən an qoca desə idi, dala bir addım at. Deyərdim bir addım nədir, dal-dala 17 salto da vuraram, sən təki istə!
Özüdə vinçestrin kassanın altında olduğunu nəzərə alsaq, mənim harama tuşlandığını deməyə ehtiyac yoxdur yəgin ki, hə?
Amma qoca heçnə demirdi. Heçnə deməməyi də vahimə oyadırdı əslində, müəyyənsizlik məhv eləyirdi məni, bilmirdim nə olacaq.
Bu an arxadan Ömərin səsini eşitdim. Çox qəribə kobud dildə qocaya nəsə dedi. Qoca da həmən dildə Ömərə cavab verdi.
Bunlar danışırdı, mən qalmışdım ortada. Nəyin baş verdiyini dərk eləməyə çalışırdım. Gizli sektadır, nədir bu? Bəlkə maşında yuxuya getmişəm, yuxudur bu. Bəlkə Ömərlə qoca yadplanetlilərdir, qaçırdıblar məni.
Bunları düşündüyüm vaxt, Ömər dedi,
- Get maşına, 2 dəqiqəyə gəllirəm.
Çevrildim ki gedim... Kassadan qapıya qədər getdiyim 10 saniyə həyatımın ən iyrənc 10 saniyəsi idi. Kiminsə arxadan səni vinçestrlə vura biləcəyini anlayaraq yeriyəndə, özünü ov heyvanı kimi hiss eləyirsən.
Getdim oturdum maşında. Yüngül şokda idim. Beş dəqiqədən gülə-gülə Ömər gəldi girdi maşına, Marlboro-nu qoydu dizimə, dedi,
- Sür getdik, ay brat!
Dedim,
- Bir dəqiqə, nə baş verirdi orada?
Dedi,
- Ala, nə baş verəcək, başını qaldır, marketin adını oxu!
Başımı qaldırdım baxdım – “Sargsyan`s Shop” idi marketin adı…
Üstündə də Ermənistanın bayrağı. Hər şey aydın idi.
Ömərdən soruşdum,
- Sən erməni dilini haradan bilirsən?
Dedi,
- Mən əslən Ermənistanlıyam da, bilmirdin?
Dedim,
- Bəs yaxşı, nə danışırdız orada? Çünki yola gətiriləsi adama oxşamırdı.
Ömər dedi,
- Mən gələcəyin diplomatıyam, istənilən problemi dialoq yolu ilə həll eləyirəm, silahla yox.
Dedim,
- Zarafatsız nə dedin ona?
Dedi,
- Sən bilmərsən, sür getdik.
Getdik çatdıq evə.
O hadisədən bir ay sonra Ömərin atasının ölüm xəbəri gəldi. İnşaatda bədbəxt hadisə nəticəsində dünyasını dəyişmişdi. Ömər təhsilini atıb qayıtdı Bakıya. Atasının işini davam eləyirdi. Ondan sonra iki ilə yaxın Ömərlə əlaqəm olmadı. Yalnız Bakıya qayıtdıqdan sonra öyrəndim ki atasının ölümündən altı ay sonra Ömər də atası kimi yük maşınının altında qalıb dünyasını dəyişib.
Mən elə də bilmədim, həmən gecə Texas çöllüyündə Ömər o erməniylə nə danışırdı, amma hər halda Ömər öz sözünün üstündə durdu. Demişdi axı, yanında olduğum vaxtda mənə heç kim heçnə eləyə bilməz.
Mən də sözümün üstündə durdum. Hekayəni yazdım, Ömər... Ağlaşma da olmadı…
Məmməd Şiriyev
TEREF