SƏNƏT ƏSƏRİ HİMNLƏR

26-06-2024, 08:58           
SƏNƏT ƏSƏRİ HİMNLƏR
Polyakların himnində kədər və coşqu yan-yanadır.
Qəribə bir hisslər buketidir.
Keçənlərdə əfsanəvi polyak himni – “Marş Dabrovskogo” haqda qısa bir qeyd yazdım.
Dəyərli dostum Rovshan Pashazadeh qısa bir şərh yazdı:
“Ən gözəl sənət əsəridir Almaniya himni”.
Cavabən yazdım ki, əgər alman himni deyirsizsə onun qabağına fransız himnini – “Marselyeza”nı və ya “Fratelli d'Italia” (İtalyan qardaşları) – İtaliya himnini qoymaq olar...
I
Alman himninin musiqisi həqiqətən də əzəmətlidir.
Zarafatdırmı, bəstəsi Yozef Haydna aiddir.
1797-də yazılmış himnin sözləri bir neçə dəfə dəyişmişdir.
Son variantı “Birlik, Hüquq və Azadlıq” vurğusu ilə başlayır və 20-ci əsrin demokratik abu-havasına uyğundur…
II
“Marselyeza” Fransanın himni olmadan əvvəl Fransız İnqilabının mahnısı idi.
Adını bu marşın sədaları altında Parisə daxil olan könüllü Marsel batalyonundan alıb.
Sözləri və musiqisi 1792-ci ildə hərbi mühəndis Ruje de Lil tərəfindən yazılıb.
“Marselyeza” daha sonra 1871-də Paris Kommunasınınbarrikadalarında da səsləndi.
Hər şeyi gözəldir, yadda qalandır bu tarixi milli marşın.
Ancaq məncə, yenə də bir “Marş Dabrovskogo” deyil, çünki Fransızların himni inqilab mahnısı idi, ruhunda dəyişiklik rüzgarları, demokratiyanın ilk toxumları vardı, polyaklarınkı isə Vətən uğrunda can verməyə, qan tökməyə çağırır – eynilə bizim himnimizdə olduğu kimi…
III
İtaliya himni ilk akkordlarından coşqulu əzəmətilə insanı riqqətə gətirir.
İddiaya görə “İtalyan qardaşlar” (ital. Fratelli d'Italia) adlanan himnin musiqisini Cüzeppe Verdi yazıb, lakin bütün mənbələrdə Mişel Novaronun adı göstərilir.
Himnin sözlərində İtaliya tarixi var;
Azadlıq, Vətəni qorumaq və işğalçıları yenmək var;
Hannibalı məğlub edib, Romanı azad etmək, İtaliyanı karfagenlilərin istisasından qurtarmaq…
Gəlin birləşək…
Gəlin and içək ki,
Doğma torpağımızı azad edəcəyik…
Bizi kim məğlub edə bilər ki?..
Himnin son misrası diqqət çəkir:
“Avstriya qartalı lələklərini itirir, o, kazaklarla birlikdə italyanlarla polyakların (! – İ.N.) qanını içirdi”.
Bunun mənası nədir, polyaklar hardan çıxdı?
Qartal Avstriyanın imperiya simvoludur. Avstriya ordusu geri çəkilir və gücünü itirir.
Burada İtaliya tarixi uzun müddət Avstriya işğalı altında olmuş, müstəqilliyini və ərazilərini itirmiş Polşa tarixi ilə birləşir.
Ən maraqlısı isə odur ki, Polşa da öz himnində İtaliyadan bəhs edir!
Tarixdə yeganə örnəkdir ki, iki ölkənin himnlərində eyni dövrdəki eyni düşmənin adı çəkilir!
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.