CHINA TOWN
27-06-2024, 08:14
New York-da, Bronx-da yaşayırdım. Adətən bazarlığı məhəllədəki dükandan eləyirdim. Ayda bir- iki dəfə pula qənaət eləmək lazım olanda bazarlıq üçün China Town-a gedirdim. Orada hər şey bir dollara idi. Gedirdim lazım olan şeyləri alırdım qayıdırdım.
Həmən gün də, həmişəki kimi yollandım China Town-a. Girdim mağazaya, lazım olan şeyləri götürdüm, kassaya yaxınlaşdım, növbəmi gözləyəndə, kassanın yanında gözümə parfüm sataşdı. Adı cəlb elədi məni – “Seins de Rhinocheros” Həyatımda parfüm almayan mən, dedim bu gün dəliqanlılıq eləyəcəm.
Parfümu əlimə aldım baxdım. “Made in France” yazılmışdı. Qutunu açdım, qoxusu ümumiyyətlə heyran elədi məni, çox qəribə yumuşaq qoxusu var idi.
Konkret atmosferə saldı məni.
Seins de Rhinocheros... XIX-cu əsr... Paris... Eyfel... Luvr... Romantika... Payız...
Aldım... Hər şey yaxşı idi, sadəcə axşam öyrənəndə ki “Seins de Rhinocheros” tərcümədə - Kərgədanın Məməşi deməkdir...
...XIX-cu əsr, Paris, Romantika, Payız oldu - XXI-ci əsr, China Town, Bir Dollar, Kərgədan, Məməş.
PS. Parfümun qoxusunun da niyə yumuşaq olduğunu onda anladım.
Məmməd Şiriyev
TEREF