Danabaş kəndinin əhvalatları

27-06-2024, 16:24           
Danabaş kəndinin əhvalatları
Bir gün bir mollanın güzəri (yolu) düşdü bizim Sadığın dükanına. Görünür molla əvvəldən bilirmiş ki, Sadığa lağlağı Sadıq deyirlər. Dükanda məndən savayı bir neçə kəndli də var idi. Molla Sadığa dedi:
- Əxəvizadə, nə illət, cənabınızın ismi-şərifinə lağlağı ləqəbi izafə artırırlar?
Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düşmədim. Mən oturanların yanında hələ alim idim. Amma, söz yox, hamımız başa düşdük; axund soruşurdu nəyə Sadığa lağlağı deyirlər. Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təəccüblə dübarə soruşdu:
- Ayama nədi, qəribə avam adamsınız!..
Sadıq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Amma avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək.
Biz hamımız razı olduq və "bəli" cavabından savayı bir söz demədik.
Sonra Sadıq üzünü axunda tutub soruşdu:
- Axund, cənabınız gərək ərəb dərsində çox güclü olasınız.
Molla cavab verdi:
- Gədə, nə söyləyirsən? Molla olmaq, mərsiyə demək məgər asan əmrdi? Ərəb dərsini tamam eyləməmiş adamı məgər minbərə qoyarlar?
Nağafil Sadıq axunddan bu cür soruşdu:
- Axund, çörəyə ərəbcə nə deyir?
Axund çubuğu sümürüb, bir baxdı yerə və öskürüb cavab verdi:
-Bəradərim (qardaşım), Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orda düyüdən savay özgə şey yeməzlər.
Sadıq dübarə axunda sual verdi:
- Pəs düyüyə ərəbcə nə deyir?
Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi:
- Qardaş oğlu, sən elə doğrudan lağlağı imişsən. Kətdilər yerində sənə lağlağı deyiblər.
Bu sözləri deyib axund əbasını düzəldib, dükandan çıxdı, getdi. Biz hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq.
Mirzə Cəlil
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.