Şəmsəddin Eldəniz - İkinci hissə
28-06-2024, 09:53
Sultanın xidmətinə keçən Eldəniz vəzifə pillələrində sürətlə irəli getdi. Sultan, Eldənizin sadiqliyini qiymətləndirdi və onu əmir rütbəsinədək qaldırdı. Bir qədər keçməmiş sultan II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin etdi. Sultan II Toğrul öləndə isə Şəmsəddin Eldənizi II Toğrulun dul qadını Mömünə xatun ilə evləndirildi. Azərbaycanın və İraqın taxt-tacını Səncər atabəy Eldəniz əs-Səncəriyə verdi. O, Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü.
Sultan Məsudun ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəmsəddin onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş Eldənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli Sultan Süleymanın dövründə Eldəniz yenidən Azərbaycana sahib ola bilir. Əmirlərin çıxışları nəticəsində Süleyman şah taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.
Atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu. Beləliklə Şəmsəddin Eldəniz hakimiyyəti ələ keçirdi.
Yusif Məmmədxanlı
TEREF