PSİXOPATIN GÜNDƏLİYİNDƏN
28-06-2024, 17:54
Mənim hobbim var. Mən hər ay müxtəlif otellərə CV-mi göndərirəm, müsahibəyə çağırırlar, gedib bilərək kəsilirəm. Bu barədə bir qədər sonra.
Əvvəlcə CV-ni yazaq. Deməli nə var burada? Dil bilikləri deyirsən? İlk olaraq standart menyu götürək – azərbaycan, rus, ingilis, türk dilləri. Portuqal ilə ispan dilini də əlavə eləyək... Alman da olsun. Və sonda desertə nə götürsək yaxşıdır görəsən? Nəsə belə parlaq, vəhşi bir şey olsun... Tapdım! Keçua hindi qəbiləsinin dili. Budur.
Dil bilikləri bu qədər. Deməli indi nə istəyir? Olduğum ölkələr deyirsən? MDB, Avropa, ABŞ aydın məsələdir. Daha hara gedək? Nəsə təsirli bir yer olsun... Mmm İndoneziya? Yo, heç təsirli deyil. Bəlkə Boliviya? Hə, razıyam, çox ekzotikdir…
Tapdım! Vatikan! Özüdə iki il yaşamışam orada. Görəsən iki il neyləyirdim orada? Turizm alınmır. Dil kursları ciddi deyil. Nəsə mason bir şey olmalıdır... Belə... Belə... Tapdım! Roma Papasının şəxsi dəvəti ilə!
Bunu da bitirdik.
Nə deyir yenə, “Xüsusi bacarıqlar”?
17 saniyəyə Rubik Kubunun 6 tərəfini də yığıram!
Deməli nə alındı? Mən filologiya tanrısıyam. Mən riyazi nəhəngəm və mən Roma Papası ilə şəxsən tanışam. CV hazırdır. Göndərdim. Bir həftədən qeyd elədiyim birinci nömrəyə zəng eləyəcəklər.
Elə də elədilər. Və budur, mən artıq Anar müəllimin qarşısında oturmuşam.
Anar müəllim.
Aləmi – Heyvanlar.
Bölmə - Hakimiyyətpərəst.
Tip – Karyerist.
Yarımtip – Pedant.
Sinif – Sürünənlər (Müdürün Önündə)
Xüsusiyyəti – Ərazinin (Ofis) mühafizə hissi olan dominant növdür.
Yayılma arealı – Qafqaz.
Yaşama müddəti – Onlar yaşamırlar, sadəcə mövcuddurlar.
Anar müəllim yekəxana baxışları ilə CV-mə baxır. Mən onun saatına. Swatch. Yarımorijinal. 300 manat. Amma Anar müəllimdən soruşanda, sözsüz ki deyir təmiz orijinaldır. Kimisə aldatmaq istədiyinə görə yox, sadəcə özünü buna inandırıb.
Amma mən ondan heçnə soruşmayacam. 10 saniyədən sonra onun saatına heyranlığımı bildirəcəm. O qəfil hərəkətlə CV-mi 45 dərəcə sağa atacaq və yaxın 30 saniyə ərzində linqvistik partlayışı olacaq. Düz 30 saniyədən o dayancaq ki ikinci komplimenti eşitsin, amma mənim üzüm o vaxta Robokopun emosiyasız üzünü xatırladacaq. Bundan düz 1 saniyə sonra Anar müəllimin göz sinirləri beyninə siqnal göndərəcək və Anar müəllim dərk eləyəcək ki situasiyaya nəzarətini itirdi.
Yarımtanrı Anar müəllim düz 30 saniyə adi insan olacaq ondan sonra qaşqabağını tökəcək. 10 saniyəlik arada 2 dəfə dərindən nəfəs alıb buraxacaq, özüdə səslə, onun hakimiyyətini və nüfuzunu hiss eləyim deyə! Odur burada sahib! Odur situasiyaya nəzarət eləyən! Mənim həyatım ondan aslıdır! O tanrıdır, mən qul!
10 saniyədən sonra saatına heyranlığımı bildirdim. Hər şey gözlədiyim kimi oldu. Yalnız bir xırda detalı gözdən qaçırdım. CV-mi 45 yox 90 dərəcə sağa atdı. Hesablamada sağ qolunun iri bisepslərini nəzərə almamışdım. Sözsüz ki trenajor zalına gedib, döyüş sənətləri ilə məşğul olmayıb. Döyüş sənətləri ruhi inkişaf tələb eləyir. Anar müəllimlər üçün isə ruh özgə anlayışdır, elə inkişaf kimi.
Anar müəllim CV-mi baş barmağı ilə işarə barmağı arasında tutub yüngül hərəkətlərlə yellədirdi.
Anar müəllim öz avtoritetini möhkəmləndirmək üçün 15 saniyəlik pauza götürəcək, 15 saniyədən zarafatyana o sualı verəcək.
15 saniyədən sonra Anar müəllim gülümsəyərək soruşdu,
- Sizin kifayət qədər zəngin CV-niz var, amma “Özüm barədə” hissəsində yalnız bir cümlə yazıbsız - “Я был романтиком”.
- Почему был? Что случилось?
Mən terminator ciddiliyi ilə cavab verdim,
- Да, я был романтиком, как и все романтики бросал вызов обществу, но потом появился Whatsapp. Зачем бросать вызов, если можно бесплатно отправить сообщение?
Anar müəllim hiss elədi ki situasiyaya nəzarətini itirir. Onun iki yolu var idi. Ya gülüb işə qəbul eləmək, yada “Oldu, biz sizinlə əlaqə saxlayarıq” demək.
Anar müəllim düşünürdü, amma mən artıq bilirdim ki ikincini deyəcək.
Düz 5 saniyədən sonra Anar müəllim dedi,
- Oldu, biz sizinlə əlaqə saxlayarıq.
Mən də öz növbəmdə hörmətlə baş əydim və dedim,
- Zəhmət olmasa ikinci nömrəyə zəng edin.
Mən getdim yeni CV-lər yazmağa, amma Anar müəllim hələ uzun müddət oturub baş verənləri dərk eləməyə çalışacaq, amma o elə də anlamayacaq ki o bir saniyə belə situasiyaya nəzarət eləmirdi. Bu şahmat idi və o sadəcə ağlar ilə oynayırdı.
Çünki mən həmişə qaralarla oynayıram. Çünki mən həmişə rəqibə görə oynayıram, çünki mənim hər kəsə individual yanaşmam var.
Gitaranın yanında gitarist,
Maşının yanında maşınist,
Anarın yanında anarxistəm.
Anar müəllim hələ uzun müddət CV-mə baxacaq, amma o elə də görməyəcək ki ikinci nömrə onun özünün idi.
Məmməd Şiriyev
TEREF