SUAL-CAVAB
5-07-2024, 17:04
Louisianada yaşadığım bir il ərzində mən Rovşənin ayıq vaxtını görmədim. Hər axşam içib gəlirdi dərdləşməyə. Rovşənin qəribə danışıq tərzi var idi, sual verirdi amma cavabına qulaq asmırdı, verdiyi sualı da özü cavablandırırdı. Yaxın dostum olmasa da, sevirdim mən Rovşəni, gözəl insan idi.
Louisianada axırıncı günüm idi, səhər New Yorka köçməli idim. Gecə paltarlarımı toplayırdım, qapı döyüldü, açdım gördüm Rovşəndir. Yenə içmişdi, keçdi içəri, dedi,
- Mamed, brat, burda bir dənə sən mənə qulaq asırsan. Hər gün gəlirəm başını ağrıdıram, bilirəm bu gün axırıncı günündür ona görə bu gün ancaq səndən danışacam!
Dedim,
- Rövşənim, kimdən də danışsan, səni görməyə həmişə şadam.
Mən Marlboromu götürdüm, Rovşən butulkasını, çıxdıq eyvana.
Rövşən bir qurtum aldı dedi,
- Mamed, brat, həyatda əbədi şey bilirsən nədir?
Dedim,
- Aha, məktəbdə birinci partada oturan əlaçı qızların müəllimələrin şit zarafatlarına gülməyi.
Dedi,
- Yo, brat, həyatda əbədi şey sevgidir.
Rovşən bir iki qurtum da aldı, dedi,
- Mamed, brat, adamı hirsindən dəli eləyən şey bilirsən nədir?
Dedim,
- Aha, Çempionlar Liqasının himni səslənəndə şərhçinin danışması.
Dedi,
- Yo, brat, xəyanətdir.
Rovşən biraz da içdi, dedi,
- Mamed, brat, həyatda heç vaxt geri qayıtmayan şey bilirsən nədir?
Dedim,
- Aha, dostlarımıza verdiyimiz disklər.
Dedi,
- Yo, brat, ötən illərimizdir.
Rövşən artıq tam sərxoş idi, amma yenə də içdi, dedi,
- Mamed, brat, həyatda ən dözülməz şey bilirsən nədir?
Dedim,
- Aha, məktəbdə ingilis dili dərsinin əvvəlində “Goood Mooorning Childreeen”, “Goood Mooorning Teaaacher” səhnəsini izləmək.
Dedi,
- Yox, brat, həyatda ən dözülməz şey təklikdir.
Dedim,
- Rovşən, brat, səncə tək rəqəmlər tək olduğuna görə darıxır?
Rövşəndən cavab gəlmədi.. Yuxuya getmişdi... Bu gün elə bil məndən danışacaqdıq axı…
Məmməd Şiriyev
TEREF