“SEYYİDİ QƏMNAK” KİM OLUB ?

20-07-2024, 12:18           
“SEYYİDİ  QƏMNAK”  KİM  OLUB ?
Şair təbiətli bu məşhur din xadiminin adı Hacı Mir Abbas Ağadır. O, 1855-ci ildə Qərbi Azərbaycanın Yuxarı Kolanı (Hacı Əhməd Kolanısı) kəndində tanınmış din xadimlərindən Mir Ağa Əli Seyyid oğlunun ailəsində anadan olmuşdur. İlk təhsilini atasının məktəbində almışdır. Öz nəslinin mənəvi-dini missiyasını ləyaqətlə daşımışdır. 40 yaşında həcc ziyarətində olmuşdur. Həcc mərarasimlərini başa çatdırıb mübarək Hacı titulunu alan Mir Abbas Ağa Vətənə qayıtmağa tələsməmiş, Ciddə şəhərindəki Ali Ruhani məktəbinə daxil olub orada ali dini ruhani təhsili almışdır.
Təhsilini başa vurub öz kəndinə qayıdan Mir Abbas ağa böyük coşqu ilə qarşılanmışdı. O, öz həmkəndliləri ilə görüşlərində qeyd edərmiş ki, indi bizim ən başlıca vəzifəmiz övladlarımıza təhsil verməkdən, onları elmli, bilikli, savadlı yetişdirməkdən ibarət olmalıdır. Yalnız bu yolla biz cəhalət zəncirini qıra, xaçpərəst qonşularımız kimi müasir təlim verən məktəblər yarada biləriik.
O, doğma yurduna qayıtdıqdan sonra arzularını gerçəkləşdirməyə başlamış; babasından, atası Seyyid Ağadan qalma molla məktəbini təkmilləşdirib, tədris fənlərini yenidən nəzərdən keçirərək müasirləşdirmişdi. Ağa məktəbdə uşaqlara dini elmlərlə yanaşı, tarix, coğrafiya, hesab, dil və kənd təsərrüfatına aid bilklər öyrətməklə bərabər, Azərbaycan və Şərq ədəbiyyatının görkəmli nümayəndələri və onların əsərləri haqqında da məlumatlar verirdi. Onun məktəbinə uşaqlarala yanaşı, yaşlılar da gəlir, burada “müsəlmanlar üçün lazım olanları” və yazıb-oxumağı öyrənirdilər.
Artıq XX əsrin əvvəllərindən Hacı Mir Abbas Ağa dövrünün tanınmış din xadimi, müasirləri tərəfindən İslam alimi kimi qəbul edilirdi. O, bütün İrəvan Quberniyasının tanınmış, məsləhət verən və sözü keçən şəxslərindən biri olmuşdur. Dövrünün tanınmış din xadimləri ilə şəxsi münasibəti olub. Çoxları onunla məsləhətləşmək üçün evinə gəlir, ağanı ziyarət edirdi. Talin mahalının başında duran – Peterburqda kadet hərbi məktəbini bitirmiş və zabit rütbəsi olan Hüseyn xan və digərləri dəfələrlə ağanın evində olmuşdular.
1918-1920-ci illərdə deportasiyaya məruz qalaraq doğma yurd-yuvasından ayrılan Hacı Mir Abbas Ağa bir müddət Naxçıvanda (Nehrəm kəndində), Gəncədə, Qəbələdə (Bılıx kəndində), Yevlaxda (Xanabad kəndində), Oğuzda (Yaqublu kəndində) yaşamışdır. 1936-cı ildən Şəkinin Aydınbulaq kəndində məskunlaşmış və 1957-ci ildə burada vəfat etmişdir.
102 il ağrılı-acılı ömür sürmüş Hacı Mir Abbas Ağa ağsaqqallığını, möminliyini heç kəsə zorla qəbul etdirməmiş, lakin harda yaşamasından asılı olmayaraq, həmişə sözü ilə əməli bir bütöv şəxsiyyət; böyük hörmət, izzət və nüfuz sahibi olmuşdur. Həmişə elmi, maarifi təbliğ etmiş, həmişə haqq və ədalətin, düzlüyün, mərdliyin, insanlığın tərəfində olmuşdur. Ağanın nurlu həyatı bütün ömrü-boyu insanlara yaxşılıqda keçmişdir. Məhz buna görədir ki, onun Şəki rayonunun Aydınbulaq kəndindəki məzarı müqəddəs ziyarətgaha çevrilmişdir.
Tanınmış din xadimi Hacı Mir Abbas Ağa həm də böyük istedada, incə zövqə, poetik duyuma, bədii duyğulara və rəvan təbə malik bir şəxs olmuşdur. O, öz dövrünün tanınmış söz ustalarından idi. Ərəb-fars dillərini və əruzu yaxşı bilirdi. Söz qoşumunda fitri istedada malik olub. Şeirlərini Seyyidi Qəmnak təxəllüsü ilə yazmışdır.
Tanınmış yazarlardan P.Qurbanzadə “Hacı Mir Abbas Ağanın həyat yazısı” əsərində göstərir ki, Ağa bəzən oxuduğu mərsiyələrin də sözlərini özü yazar və muğam üstə oxuyarmış.
O, Azərbaycan və digər Şərq ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə yaxından tanış idi. Xəqanini, Nizamini, Füzulini, Nəvaini, Sədini, Firdovsini, demək olar ki, əzbər bilirdi. Yaxın dostu və qohumu M.Məmmədov qeyd edirdi ki, Ağa böyük şairimiz M.Füzulini daha çox sevirmiş, onun müxtəlif janrlarda yazdığı əsərləri mənalandırmaqda çox mahir olub. Fəlsəfi məzmunlu əsərləri çox aydın bir şəkildə şərh edərmiş.
Ötən əsrin 40-50-ci illərində Hacı Mir Abbas Ağanın şeirləri Seyyidi Qəmnak təxəllüsü ilə o vaxtkı “Nuxa fəhləsi” qəzetində tez-tez görünərdi.
Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev bu sətrlərin müəllifinə söyləyirdi ki, atasının külli miqdarda şeirləri olub. Onun yaradıcılığında qəzəl, qəsidə, (hətta həcvlər) məsnəvi, rübai, qoşma və s. kimi janrlar əsas yer tutmuşdur. Ağanın vəfatından sonra onun əlyazmaları başqa əllərə keçmişdir. Kitab halında çap etdirəcəklərini vəd edənlər, təəssüf ki, öz vədlərinə xilaf çıxaraq həmin əlyazmaları it-bata salmışlar. Həm də Ağa çox vaxt şeirlərini bədahətən söyləmiş, onların çoxunu yazıya almamışdır.
P.Qurbanov yuxarıda adı çəkilən əsərində AYB-nin və Jurnalistlər İttifaqının üzvü, “İncəsənət” qəzetinin redaktoru, bir sıra hekayə, povest və romanların müəllifi, tanınmış publisist mərhum Ə.İbrahimova istinadən qeyd edirdi ki, Hacı Mir Abbas Ağanın şeirləri ilə tanış olan görkəmli yazıçılarımız Anar, Elçin və digərləri bu şeirləri yüksək qiymətləndirmişlər.
Hacı Mir Abbas Ağanın əldə olan bir neçə şeirini hörmətli oxucuların nəzərinə çatdırmamışdan əvvəl onların barəsində bəzi qeydlər etməyi lazım bilirik.
Təqdim olunan ilk şeirin (“Qocalıq”) Ağanın yaşının 80-90-cı illərində yazıldığı güman olunur. Çünki bu şeirə qədər onun dilindən qocalığa aid giley-güzar eşitmirik. Şeirin məzmunundan o da məlum olur ki, elə bu yaşında da o öz fəhmini itirməmiş, təbinin rəvanlığını qoruyub saxlamışdır.
Seyyidi Qəmnakın təqdim olunan ikinci şeiri Gəncədə (o vaxtkı Kirovabadda) N.Gəncəvinin 800 illik yubileyində bədahətən söylədiyi şeirdir. Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev söyləyirdi ki, II Dünya Müharibəsi dövründə Nizaminin yubileyində iştirak etmək üçün Nuxa (Şəki) rayonundan Gəncəyə göndərilən nümayəndə heyətinin tərkibində atam da olub. Tədbirdə çıxış etmək üçün söz veriləndə o, bir neçə şeir söyləmişdir. Təəssüf ki, həmin şeirlərdən təkcə dahi şairimizin böyüklüyündən söz açan “Nizami ilə görüş” şeiri əldə qalmışdır. Mərasimdə atamın cibindən saatını da oğurlamışlar. O, şeirdə “Saatı bəxş elədim, heykəlinə bağmağıma” misrasında zarafatyana bu hadisəyə işarə etmişdir.
Sonuncu, “Var” rədifli şeir isə Ağanın ən çox sevdiyi M.Füzuliyə həsr olunub. Bu şeir həm də özünü dahi Füzuliyə tay tutan, onu təqlid edənlərə- epiqonçulara tutarlı cavabdır.
İndi isə şeirləri diqqətinizə təqdim edirik:

QOCALIQ

Qəflətən eylədi bu halı, pərişanlıq qocalıq,
Zövqü-səfamı aldı əldən, tamam qocalıq.
Üzüldü canım evi, qoymadı heç can qocalıq,
Oldu haram mənə eşq, həm də canan qocalıq.

Ömrümə tezcə əsdi, qocalığın yelləri çox,
Sovurdu qəlb evimi, dəstə açan gülləri yox.
Yazımı qarə çatıb, daşdırdı o, selləri çox,
Bu cavan ömrü tez etdi, zimistan qocalıq.

Bədənim düşdü zəif, sanki xəstə bir insanam,
Bu qocalıqmı, əzizim, gərək ki, mən inanam.
Buna xəstəliyin nə dəxli, bir söylə, anam,
Yalnız sadədil könlümü, eylədi şan-şan qocalıq.

Gözlərim görmür əsla, dizlərimdə yox taqət,
N səbrim, nə hövsələm var, nə də ki, canda qüvvət,
Əqlim də zay olub dəxi, nə var hünər, nə də qüdrət,
Çox yaman dərddir ki, bu, yox sana dərman, qocalıq.

Belimdə qulunc dayanır, gözlərimdən yaş tökülür,
Bağrımın başı yanır, elə vird et can sökülür.
Gün-gündən qədd əyilir, yaş ağac tək bel bükülür,
Gülməyən taleyimi, hey eyləyir qan qocalıq.

Allah eyləməsin, nə ola dava qurasan,
Göz görmür, taqətin yox ki, ixtilat vurasan.
Əl ağacına söykən, nə yaxşı ki, şax durasan,
Həsrət ilə baxar, hər işə heyran qocalıq.

Qulaqlar kar olubdur, mümkün yox ki, söhbət ola,
Ayə, bir söz də eşitmir, ya xeyir, qeybət ola.
Demə ki, yazıq Seyyidi Qəmnak, ağzında bir ləzzət ola,
Çarə yox vallah buna, gəlsə də, loğman, qocalıq

NİZAMİ İLƏ GÖRÜŞ

Ey Nizami! Əşarının nə əcəb siqləti var,
Kimyadır mən deyərəm, həddən aşan qiyməti var.

Dünya-aləmdə vardır, sənin çox-çox hünərin,
Şerinə baxan deyər, dağdan ağır qüdrəti var.

Külli-bəşər yığıla, görə bir qiyamətin sözün,
Kimya kəlmələrin safı qızıl, tələti var.

Yeddi yüz il dolanıb, səkkizi dövr etdi tamam,
Ölməyibsən, dirisən, söhbətimin ləzzəti var.

Gəncə şəhəri yenə fəxr eyləsin bu ölkələrə,
Yetirib sən tək şair, gör nə gözəl nisbəti var.

Çox böyük qiymət qoydu, sənə xalqın da əcəb,
Surəti-heykəlin gördüm, anın da çox şöhrəti var.

Saatı “bəxş eylədim”, heykəlinə baxmağıma,
Bilmədim başının quldur dəstəsi, qarəti var.

Bir neçə tövsif yazıb Seyyidi Qəmnak Sana,
Gör nə cəsarətlə yazıb, necə bir xidməti var.


VAR

Baqi deyil Füzuli, Şeyximiz tək əcdadı var,
Yazıbdır neçə əşar, gör necə təbi-mənası var.

Yüzü yüz misi söylər, yaxar ustad invanına,
Yapışmaz, əzizim, saiti, nabi-nəfəsi var.

Gör neçə sənə keçmiş, nəzmi yenə kimyadır,
O, bir tacdadır nəzmdə, təşviqinə gümanı var.

Tazə-tər bahardır, xəzandidiyə nə hacət ki,
Təftiş eyləsin ustadı, mistəki dəvası var.

Seyyidi Qəmnak həvaxah misrasına ustadın,
Çün təkamüldür misrası, rəbbinin rüsxəti var.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.