“Qan çanağı”: Beslan terroru barədə gizli səs yazısında Putin nə deyib?

5-09-2024, 09:34           
“Qan çanağı”: Beslan terroru barədə gizli səs yazısında Putin nə deyib?
“Qan çanağı”: Beslan terroru barədə gizli səs yazısında Putin nə deyib?
Rusiya tarixinin ən böyük terror hadisəsi barədə araşdırmalar 20 ildir ki, nəticəsiz qalır...
04 Sentyabr 2024

İyirmi il əvvəl Rusiyanın müasir tarixində ən böyük terror aktı baş verdi. 2004-cü il sentyabrın 1-də 32 yaraqlı Beslanda 1 saylı məktəbi tutaraq, 1128 nəfəri girov götürdü. Onların əsas tələbi federal qoşunların Çeçenistandan çıxarılması idi.

Sentyabrın 3-də hücum zamanı 344 nəfər öldü (186-sı uşaq və 18 yaşa qədər yeniyetmə). Üstündən 20 il keçsə də cinayət işi bağlanmayıb, hücuma görə məsul olanların adı çəkilməyib. Beslan sakinlərinin ən böyük ağrısı da budur: günahkarların yoxluğu, dövlət səviyyəsində həqiqətin aşkara çıxarılmaması.

Məktəbin tutulması

Rusiyada 2004-cü ilin yayı, indiki müharibə dövrü ilə müqayisə olunacaq qədər həyəcanlı keçdi. İyunda Şamil Basayevin dəstəsi İnquşetiyanın Nazran şəhərinə hücum etdi. 95 nəfər həlak oldu. Həmin dəstədə sentyabrda Beslana hücum edəcək ən azı 9 nəfər vardı.

Avqustun 24-də qadın kamikadzelər Moskvadan Volqoqrad və Soçiyə uçan təyyarələrə mindilər. Uçuş zamanı partlayıcı qurğunu işə saldılar və iki təyyarədə cəmi 90 nəfər öldü.

Yenə qadın terrorçunun avqustun 31-də özünü partlatması nəticəsində Moskva metrosunun Rijskaya stansiyası yaxınlığında 8 nəfər öldü.

Həmin günlərdə İnquşetiyanın Psedax kəndi yaxınlığındakı meşədə onlarla yaraqlı Beslanda orta məktəbi tutmağa hazırlaşırdı. Sonra məlum olacaq ki, bu qrupdan 11 nəfər ehtiyatda imiş və Şimali Osetiyaya gəlməyib. Uğursuzluq olardısa, onlar İnquşetiyanın Nesterovskaya stanitsasındakı məktəbi tutmalı idilər.

Sentyabrın 1-də, səhər saatlarından Beslan 1 saylı məktəbində təntənəli düzülüş başlamışdı. Elə həmin vaxtlarda terrorçu qrup xüsusi problemsiz şəhərə girdi və saat 10-a işləmiş məktəbi tutmağa başladı.

“Kommersant”ın jurnalisti, uzun müddət Şimali Qafqazda işləmiş Olqa Allenova 2019-cu ildə “Forpost. Beslan və onun girovları” adlı kitab yazıb. Kitab o zaman şəhərdə baş verənlər haqqında ən dolğun sənədli şəhadətlərdən biridir.

O, 1 sentyabr hadisələri haqqında yazır: “Ətrafımızda könüllülərdir, qollarına xüsusi parça bağlamış yerli əhali. Çoxunun əlində silah var. Deyirlər, məktəbə tərəf getmək istəyirlər, amma hakimiyyət nümayəndələri onlara vəd ediblər ki, yaraqlılarla dialoq quracaqlar, tələblərini öyrənəcəklər, razılıq əldə olunacaq və girovlar buraxılacaq. Mən bir kəlməyə də inanmıram, çünki bütün bunları daha əvvəl eşitmişəm. Amma içimdə bir ümid də var: bəlkə bu dəfə hər şey başqa cür olacaq?”

Almaniyanın “Der Spiegel” nəşrinin beş jurnalisti Beslandakı terroru işıqlandırırdı. Onlar 2005-ci ildə girovların, hadisələrlə bu və digər yöndən əlaqəli şəxslərin onlarla hekayəsinə əsaslanan “Beslan dosyesi” kitabını yazdılar.

“[Girov Aslan] Kudzayevi birinci mərtəbədəki ədəbiyyat kabinetinə aparırlar. Sinif mavi və göy rənglənib, divarda böyük rus yazıçılarının portreti asılıb. Onların nəzəri döşəməyə uzanmış 7 cəsədə yönəlib. Kudzayev onların yarım saat əvvəl aparılan kişilər olduğunu görür. Meyitləri üst-üstə qalaqlanmışdı. “Bu, hökumətin bizim zarafat etmədiyimizi bilməsi üçündür”, - terrorçulardan biri deyir və sinifdən çıxır. Digər terrorçu gətirilən iki nəfərə meyitləri pəncərədən atmağı əmr edir”, - kitabda yazılır.

Girovların sayı

Elə birinci gün yaraqlılar məktəbdə olan 20-yə yaxın kişini öldürdülər. Onları məktəbin girişində barrikada qurmağa məcbur etdilər, sonra da güllələdilər

O zaman baş verən bir hadisə Beslan qurbanlarının qohumları ilə hakimiyyətin müxtəlif instansiyaları arasında konfliktlin başlanğıc nöqtəsi oldu. Bu qarşıdurma uzun illərdir davam edir, indi də yekunlaşmayıb. Şimali Osetiya hökumətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Lev Dzuqayev məktəbdə 350 civarında girovun olduğunu dedi. Dövlət kanallarının jurnalistləri (indiki təbliğatçı Marqarita Simonyan da aralarında idi) yoxlamadan bu sayı tirajladılar.

Yerli sakinlər bilirdilər ki, məktəbdəki girovların sayı deyiləndən üç dəfə çoxdur. Onların fikrincə, əvvəldən həqiqət deyilsəydi, belə sərt hücum olmazdı.

Allenova yazır ki, xəbərlərdə 350 girov haqqında eşidən terrorçular “quduzlaşıblar”. Onlar adamların başlarının üstündən atəş açırdılar, tualetə getməyə, su içməyə icazə vermirdilər və həmin gün yaradılan operativ qərargahla danışıqlardan imtina etdilər.

İnsanlar bu gün də memoriala su dolu qablar gətirirlər.

“Bütün bunlar peşəkar işinə oxşamır”

Yaraqlılarla danışıqlar 1-3 sentyabr boyu getdi, hərçənd, əsasən nəticəsiz. Həmin günlər televiziya iddia edirdi ki, məktəbi tutanlar tələb irəli sürmürlər, amma belə deyildi: onlar girovları öldürməklə hədələyərək, federal qoşunların Çeçenistandan çıxarılmasını və özləri üçün təhlükəsizlik təminatı istəyirdilər.

Danışıqlarda ən çoxuna Ruslan Auşev nail oldu. İnquşetiyanın keçmiş prezidenti olan generalın bütün Qafqazda böyük nüfuzu vardı. O, 24 nəfəri (əslində 26 nəfər, 15 südəmər uşaq və 11 ana - Pressklub) azad edə bildi.


Sentyabrın 3-də saat 13:05-də məktəbdə iki partlayış baş verdi, spontan və buna görə də xaotik hücum başladı. 334 nəfər qurbanın böyük əksəriyyəti məhz bu zaman öldü.

FHN-in xilasediciləri, “Alfa”, “Vımpel” xüsusi təyinatlıları və üç beslanlı kişi öldürüldü. Yaralananlar 700-dən çox idi.

Yaraqlıların hamısı günün sonuna qədər məhv edildi.

“Şahidlər terrorçuların helikopterdən vurulduqlarını görürlər. Bəzilərini şəxsi evlərin yanında mühasirəyə alırlar. Xüsusi təyinatlılar qaçıb gəlirlər, yaraqlıları güllələyirlər. Bütün bunlar mütəxəssislərin planlaşdırdığına oxşamır. Kimisə əsir almaq niyyətində olana bənzəmirlər. Sorğu-sualsız güllələyirlər”, - “Beslan dosyesi” kitabının müəllifləri həmin epizodu belə təsvir edirlər.

Yaraqlıların böyük əksəriyyəti Çeçen-İnquş MSSR-da (indiki Çeçenistan və İnquşetiya) anadan olublar; biri Səudiyyə Ərəbistanı vətəndaşı idi; Ukraynanın Berdyansk şəhərində anadan olan Vladimir Xodov isə 2000-ci illərin əvvəllərindən çeçenlərə qoşulmuşdu.

Bir nəfər sağ qaldı - Nurpaşa Kulayev. Onu ömürlük həbsə məhkum etdilər. Onun, onlarla şahidin ifadə verdiyi cinayət işi indi Beslan üzrə azsaylı rəsmi sənədlərdən biridir.

Terror aktı zamanı bütün ölənlər haqda xatirələri ilk dəfə beslanlı jurnalist Murat Kaboyev (2015-ci ildə vəfat edib) “Yağış soyuq göz yaşları ilə ağlayırdı” kitabında topladı. Kitab kiçik tirajla Şimali Osetiyada çıxmışdı.

“Belsan terrorundan üç il keçdi, amma ona imkan yaratmaqda və ağır nəticələrinə görə günahkar olanlar hələ də aşkar edilməyib”, - Kaboyev kitabın ön sözündə yazır. Onun sözləri terror aktından 20 il sonra hələ də aktualdır.

Necə olur ki, Putin heç nə bilmirdi?

Prezident Vladimir Putin 2004-cü il sentyabrın 3-dən 4-ə keçən gecə Beslana gəldi. Telekanallar onun xəstəxanadakı yaralılara baş çəkməsini göstərdi. Bundan, demək olar, dərhal sonra Putin geri döndü.

Düz bir il keçdi, istintaq eyni nöqtədə ilişib qalmışdı, Beslan sakinləri hiddətlənirdilər.

Onlar “Beslan anaları” komitəsində birləşdilər və Putin 2005-ci il sentyabrın 2-də onların ən fəallarını Moskvada qəbul etdi.

Görüş qapalı rejimdə keçirildi, Kreml saytında da stenoqramı yoxdur. Amma Murat Kaboyev iştirakçılardan birinə öz diktofonunu vermişdi, beləcə, danışığın təfərrüatı ictimailəşdi.

Məlum olur ki, Putin maksimum bixəbər adam kimi görünürdü, ya da görünmək istəyirdi. Görüş iştirakçılarının suallarına verdiyi cavablardan belə çıxırdı.

Yaraqlıların susmadığını, iki məktub və bir audiokaset ötürərək tələb irəli sürmələri barədə iddianı şərh edən Putin “Kasetdən xəbərim yoxdur” cavabını verdi.

Girovların sayı barədə hakimiyyətin niyə yalan danışması haqda sualı belə cavablandırmışdı: “And içirəm, sona qədər onların dəqiq sayını bilmirdim”.

Güc strukturlarının Beslanda öz vəzifələrinin öhdəsindən gəlməməsi barədə bəyanata “Araşdıracağıq” dedi.

Beslan hərəkatının əsas fəallarından olan Susanna Dudiyeva obyektiv araşdırma, günahkarların müəyyənləşdirilməsini və cəzalandırılmasını tələb edəndə Putin “Razıyam” dedi. Tezislərin çoxunu bloknota yazırdı.

Görüş iştirakçıları Kremli tərk edərkən ümid dolu idilər. Amma istintaq yenə də yerindən tərpənmədi.

Putin Şimali Osetiyaya növbəti dəfə 2008-ci ildə baş nazir kimi gəldi, amma Beslanda olmadı.

2024-cü il avqustun 20-də isə heç bir anons vermədən Beslana gəldi. Memoriala gül qoydu və üç beslanlı ana ilə görüşdü: Susanna Dudiyeva, Rita Sidakova və Aneta Hadiyeva. “Novaya qazeta” Putinin əvvəlcə ölən xüsusi təyinatlıların, bundan sonra uşaqların şəkillərinə yanaşdığına diqqət çəkdi.

Görüş qeyri-informativ alındı. Putin ölən uşaqların sayını səhv saldı, 186 əvəzinə 136 dedi. Sonra da istintaqın indiyə qədər yekunlaşmamasına təəccübləndi, İstintaq komitəsinin başçısı Bastrıkinə “araşdırmağı” tapşıracağını vəd etdi.

“Novaya qazeta”nın jurnalisti Yelena Milaşina yazdı ki, Bastrıkin nəinki işin bağlanmadığını bilir, hətta özü hər altı aydan bir onun uzadılmasını sanksiyalaşdırır.

Sonra Putin dedi: “Yaxşı bilirik ki, xaricdən bu dəhşətli cinayətə nəinki haqq qazandırmağa çalışırdılar, həm də terrorçulara müxtəlif yardım göstərirdilər: mənəvi, siyasi, informasiya, maliyyə və hərbi”.

Açıq məkanda bu tezisi sübut edən heç bir informasiya yoxdur. Əksinə, hakimiyyət xəbər verirdi ki, 2004-cü il sentyabrın 8-ə kimi 18 ölkə zərərçəkənlərə yardım ayırıb, o cümlədən, ABŞ, Azərbaycan, Fransa, Ermənistan, İtaliya, Norveç.

Həmin dövrdə Ukrayna prezidenti olan Leonid Kuçma Putinə zəng edib və “terror aktının nəticələrini aradan qaldırmaqda istənilən zəruri yardım göstərməyə hazır olduğunu bildirib”.

Putinin builki Beslan ziyarətini şərh edən müxalif KİV qeyd edib ki, Rusiya prezidenti yalnız böyük problemlərlə üzləşəndə xalqın içinə gedir. 2023-cü ildə Priqojin qiyamından sonra belə olmuşdu. Beslana yeni gəlişi isə Ukrayna hərbçilərinin Kursk vilayətinin bir hissəsini tutmaları ilə üst-üstə düşür.

Hücum əmrini kim verib?

Beslan analarının suallarına cavab alınmamasının səbəbi istintaq materiallarında hansısa böyük sirrin olması ilə bağlı deyil. Beslan terroru maksimum araşdırılıb. Rəsmi nəzər nöqtəsi də məlumdur, alternativ də.

Həmin günlər DİN başçısı Rəşid Nurqaliyev və FSB rəhbəri Nikolay Patruşev Şimali Osetiyada idilər. FSB generalları Vladimir Proniçev, Vladimir Anisimov və FSB-nin Xüsusi təyinatlılar mərkəzinin rəisi Aleksandr Tixonov da orada idilər. Beslan fəalları əmrləri sonuncunun verdiyindən əmindirlər.

Amma yüksək vəzifəli şəxslərin Beslan faciəsindəki rolu rəsmən müəyyənləşmədiyindən onları məsuliyyətə cəlb etmək olmaz. Terrora görə yalnız osetin və inquş məmurlar istefa verdilər.

Psixoloq Aleksandr Kolmanovski hələ 2014-cü ildə deyirdi: “Mən Beslana terror aktından ay yarım sonra getdim. Məktəbdə doğmalarını itirib-itirməməsindən asılı olmayaraq, bütün insanların psixoloji travması vardı. Bu hal hələ də keçməyib. Heç kəsin məsuliyyəti üzərinə götürməməsi bu travmanı daha da ağırlaşdırır”.
Beslanın 10-cu və 15-ci ildönümü ilə əlaqədar Rusiyada və dünyada böyük materiallar hazırlandı, faciə haqqında Yuri Dud və Kseniya Sobçak filmlər çəkdilər.

Bütün bu illər ərzində eyni suallar materialdan materiala köç edir. Onlar indi də cavabsız qalıb. Əsas sual: gedişində bu qədər insanın öldüyü hücumu kim başladıb?

Rəsmi versiyaya görə, hücum məktəbin içindəki partlayışdan sonra başlayıb: yaraqlılar tərəfindən idman zalında basketbol həlqəsinə bərkidilmiş bomba partlayıb. Şimali Osetiya parlamentinin deputatları və KİV alternativ araşdırma apardılar; Dövlət Dumasının araşdırması rəsmi nəticələrlə üst-üstə düşdü, amma deputat və partlayış işi üzrə mütəxəssis Yuri Savelyev xüsusi rəylə çıxış etdi.

Onun gəldiyi nəticəyə görə, xüsusi təyinatlılar hücumu məktəbdən çox uzaqda məşq edirdilər və öz planlarını gerçəkləşdirə bilmədilər. Binanın özünə isə məktəbin yaxınlığındakı yaşayış binasının damından odsaçan və ya qumbaraatanla atəş açılıb (ya da ikisi birdən). Orada mərmilərin boş tubusları tapılmışdı, yaraqlılar dəqiq orada ola bilməzdilər.

Hərbçilər məktəbə tanklardan atəş açdılar. Məktəbin cənub fligelində çöldən hücumun dəlilləri qala bilərdi, amma onu sentyabrın 4-ə keçən gecə bilərəkdən partlatdılar və yandırdılar.

“Məqsəd girovları azad etmək deyildi”

Beslan sakinlərinin xeyrinə yeganə rəsmi qərarı Avropa İnsan Haqları Məhkəməsi qəbul edib. Hüquqşünas Kirill Koroteyev deyir ki, 2007-ci ildən 2011-ci ilə qədər AİHM-ə 500 şikayət daxil olub, onun özü təxminən 350 ərizəçinin maraqlarını təmsil edib.

AİHM 2017-ci ildə qərar çıxardı ki, Rusiya hakimiyyəti Beslan sakinlərinin yaşamaq hüququnu pozub: yerli hakimiyyət hazırlanan aksiya barədə informasiyaya malik olub (ümumi şəkildə və qeyri-konkret), amma qarşısını ala bilməyiblər.


Məhkəmə girovların bir hissəsinin hüquq-mühafizə orqanları tərəfindən öldürüldüyünü müəyyən etdi. Kirill Koroteyev izah edir: “Çünki məqsəd girovları azad etmək yox, terrorçuları məhv etmək idi”.

Rusiya hakimiyyəti qərarı mübahisələndirmək istədi, amma uğursuz oldu. O zaman, AİHM-də uduzduqları başqa işlər kimi davrandılar: kompensasiyanı (2,95 milyon avro) ödədilər, amma nə yeni istintaqa başladılar, nə köhnəsini aktivləşdirdilər.

“Rusiyanın hara getməsi haqda qərar vermək olar”

“Der Spiegel”in beş jurnalistinin “Beslan dosyesi” kitabında son abzas belədir: “Cinayət qurbanlarına münasibətin necə olacağı və girovların - yanmış körpələrin, öldürülmüş məktəblilərin, güllələnmiş ataların - ölümünə görə məsuliyyət daşıyanlarla necə davranılacağı əsasında Rusiyanın hara getməsi haqda qərar vermək olar”.

Rusiyanın o vaxtdan dəyişməyən hakimiyyəti ilə hara gəlib çatması 2024-cü ildə çox aydın görünür.

Dövlət və onun KİV-i “Beslan anaları”nı marginallaşdırmağa çalışdı: onları tuturdular və sanksiyalaşdırılmamış küçə aksiyaları keçirməkdə günahlandırırdılar. Hakimiyyətə müraciətlərindən biri ekstremist sənəd hesab olunub və Rusiyada yayılması qadağan edilib.

2016-cı il sentyabrın 1-də zərərçəkənlərin anaları 1 saylı məktəbə gələrək gödəkçələrini çıxardılar və “Putin - Beslan cəlladıdır” yazılan köynəkdə qaldılar. Onları tutdular və sanksiyalaşdırılmamış aksiya keçirməkdə günahlandırırdılar. Aksiyanı işıqlandıran jurnalistlər Yelena Kostyuçenko və Diana Xaçatryan da eyni aqibət yaşadılar.

Jurnalist Olqa Allenova Beslan haqqında kitabında və başqa yazılarında deyir ki, müasir Rusiyanın əsas bəlası - insan həyatını qiymətləndirməməkdir: “Xalqlara hökm etmək üçün onları parçalamaq XIX əsrin metodudur. Müasir dünyada uğursuzluğa məhkumdur. Yalan və savadsızlığın imperiyanı bütövləşdirə biləcəyinə inanmaq illüziyadır. O, yalnız insanlar, onların öz ölkələrinə etimadı və gələcəyə inamı üzərində bərqərar ola bilər”.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/cqjl9pvywkxo
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.