MARALIN İZİYLƏ
10-09-2024, 15:45
( ERNEST TOMPSON SETON )
Çox isti idi. Yan quş ovuna çıxmışdı və meşənin bitib-tükənməz yaşıllıqlarında gəzib-dolaşırdı. Bataqlıqlı göllərdə günəş şüaları suyu qızdırmışdı və Yan İzlər bulağına - soyuq su içə bildiyi yeganə yerə yollandı.
Bulağın kənarında diqqətini lehmədə dəqiq çıxmış kiçik dırnaq ləpiri çəkdi. Yan bu cür izi əvvəllər heç vaxt görməmişdi. Bu izin vəhşi marala məxsus olduğunu düşünəndə ləzzətdən canında bir üşütmə hiss etdi.
"Marallar daha təpələrə gəlmir" - sakinlər Yana belə deyirdilər.
Lakin ilk qar düşəndə Yan maral dırnağının bulaq kənarında gördüyü izini xatırlayıb tüfəngini sakitcə çiyninə aldı və öz-özünə dedi:
"Maral vurana kimi bu təpələri dolaşacağam".
Yan iyirmi yaşında boy-buxunlu, güclü oğlan idi. Hələ təcrübəli ovçu sayılmazdı, lakin piyada getməkdə mahir idi, həm də nadir inadcıllığı vardı.
Hər gün maral axtarışlarında təpələrə dırmanırdı. Hər gün qarın üstüylə onlarca mil yol ölçür, gecə düşəndə isə bircə dənə də maral izi görmədən öz komasına qayıdırdı.
Amma hövsələ hər şeyə qələbə çalır: cənub tərəfin təpələrində uzun, ağır axtarışlardan sonra, nəhayət ki, Yan maral izlərinə rast gəldi - köhnə izlər idi, zorla seçilirdi, amma marala məxsus olduğu yəqindi. O, ləzzətdən eynən yayda olduğu kimi üşütmə keçirdi. "Bu izlərlə maralı taparam", - deyə Yan fikirləşdi.
Əvvəlcə izlər o qədər pozuq idi ki, Yan maralın hansı istiqamətdə qaçdığını da dəqiq təyin edə bilmirdi. Amma tezliklə fikir verdi ki, izin bir tərəfi yerə daha dərin işləmişdi. Yan bu qərara gəldi ki, daha dərin tərəf dırnaqların qabaq tərəfinə uyğun gəlir. Bundan savayı, ona diqqət yetirdi ki, izlər arasındakı məsafə təpəyə dırmandıqca azalırdı. Nəhayət, qumlu torpaqda tapdığı aydın iz onun bütün tərəddüdlərinə son qoydu.
Həyəcan içində olan, saçlarının dibində qəribə vicvicə duyan Yan izə düşüb irəli, daha irəli qaçmağa başladı. Maral izləri getdikcə daha aydın, daha gözəgirən olurdu. Bütün günü Yan izə düşüb yüyürdü və gecəyə yaxın izlər onu komasının həndəvərinə çıxardı. İndi izlər tanış yerlərdən keçirdi: mişarxananın arxasından, Mitçellin otlaqlarından birbaş sıx qumotu kollarıyla örtülmüş meşəyə.
Gecə düşürdü və Yan təqibi dayandırmaq qərarına gəldi. O, öz komasından cəmi yeddi mil aralı idi və bir saatdan sonra artıq evinə yetişdi.
Səhər yenidən izi tapdı, amma bu dəfə iş çətin davam etdi: əvvəlki izin yerinə Yan müxtəlif istiqamətlərdə kəsişən çoxlu təzə izlə rastlaşdı. Amma yenə də bəxtinə güvənib irəli atıldı və tezliklə iki dənə lap təzə iz gördü. Təqib artıq elə dünənki kimi asan gedirdi. Yan izləri tutub irəlilədi.
Başını qaldırmadan, əyilə-əyilə izlərə diqqətlə baxaraq gedən oğlan qarşısına çıxan iki dənə böyük qulaqlı boz heyvanları görəndə həddindən artıq çaşdı. Hey vanlar onu görən kimi tullana-tullana uzaqlaşdılar. Təpəyə sıçrayaraq başlarını ona sarı çevirib Yana tamaşa etməyə başladılar.
Necə qeyri-adi marallar idi! Qəmli gözlərinin oğlanın görməkdən çox hiss elədiyi ifadəsiylə Yanı ayaq saxlamağa məcbur etdilər. Ovçu qarşısında hansı canlıların olduğunu anladı. Axı o, neçə həftədən bəri bu görüşü ehtirasla gözləyirdi! Buna baxmayaraq, marallarla görüş onun üçün tam gözlənilməz oldu. Onun bütün planları tüstü kimi dağıldı və o, heyranlıq içində donub-qalmışdı.
- O-o-o! - sinəsindən nəfəsi səslə çıxdı.
Marallar üzlərini çevirdilər, lakin Yana elə gəlirdi ki, onların baxışlarını yenə də öz üzərində hiss edir. Marallar isə təpədən tullanıb, yenidən dırmanırdılar, elə bil, əylənirdilər. Adama elə gəlirdi ki, onlar Yanı tamam unudublar və dırnaqlarını yerə yüngülcə toxunduraraq tamamilə əziyyətsiz altı-yeddi fut hündürlüyə sıçrayırdılar. Yan bu yüngülayaq, boz heyvanların qəribə oyununa valeh olaraq hərəkətsiz durmuşdu. Onların hərəkətlərində nə qorxu, nə də tələskənlik var idi və Yan heyvanlar qaçıb gedənə kimi onlara tamaşa etmək qərarına gəldi. Axı nə vaxtsa qorxmalıdırlar, bax onda təcrübəli ovçuların bəhs etdiyi həmin o nəhəng sıçrayışları görə bilərəm.
Yan yalnız maralların siluetinin solğunlaşdığını görəndə anladı ki, ondan qaçırlar.
Marallar təpənin getdikcə daha yüksək yerlərinə qalxırdılar. Qayaların tirəsindən yan ötəndə onların bədəni məlahətli bir tərzdə əyilirdi. Hərdən qarşılarında üstündən sıçramaq lazım olan dərin yarğan-zad açılanda bu qanadsız quşlar, sanki, bir neçə anlıq havadan asılı qalırdılar.
Marallar tamam gözdən itənə kimi Yan baxışlarını onlardan çəkə bilmədi. Güllə atmaq heç onun ağlına belə gəlmədi.
Marallar görünməz olandan sonra oğlan onları ilk dəfə gördüyü yerə yaxınlaşdı. Qarın üstündə aydın izlər görünürdü, amma sonra onlar qəflətən yox olurdu. Bəs növbəti iz haradadır? Yan ətrafa göz gəzdirdi və bir məsələ təəccübünə yaman səbəb oldu -o aşkar etdi ki, əvvəlcə bir iz o birisindən on beş fut məsafədə düşürdü, amma nə qədər uzaqlaşırdısa, bu məsafə də böyüyür, on səkkiz, iyirmi, iyirmi beş, hətta otuz futa kimi artırdı. Deməli, o şən, yüngül sıçrayışların hər biri on beş futdan otuz futa kimi məsafə qət edirmiş.
- Sən demə, onlar qaçmırlar - zərif dırnaqlarını hərdən təpələrin zirvəsinə yüngülcə toxundurub uçurlar. Şadam ki, gizlənməyə macal tapdılar, - Yan pıçıldadı. - Mən bu gün kimsənin heç vaxt görmədiyi bir tamaşa seyr etdi.1
Lakin səhər Yanın qəlbində ovçu instinktləri təzədən oyandı.
Mən yenə təpələrə yollanmalıyam, öz-özünə dedi, - yenə izlərini tapıb ov itinə dönməliyəm. Mən onların bicliyinə qarşı ağlımdan, güclərinə qarşı öz qüvvəmdən istifadə etməliyəm; sürətli uçuşları müqa bilində isə mənim tüfəngim var".
Ah, bu tükənməz qumsal yamacları, gölləri, gözəl çəmənləri olan bu təpələr necə də misilsizdir! Küləyin hər əsməsində həyat çağlayırdı. Həyat eşqi Yanın vücudunu tamamilə doldurmuşdu; o, cavan, güclü, nikbin idi. "Bu, həyatımın ən gözəl günləridir, - öz-özünə deyirdi. - Qızıl günləri!"
Bütün gün ərzində Yan canavar kimi təpələrə dırmanır, düzənliyə enir, yolüstü ağ dovşanları, kəklikləri ürküdərək maral dırnaqlarının izlərini tapmaq ümidiylə gözlərini yerdən çəkmirdi. Havadakı müvəqqəti isinmə marallara kömək oldu: qar əridi, izlər yox oldu. Amma Yan, hər halda, növbəti iki günü də təpələrdə dolaşdı, maral izləri rastına çıxmadı.
Həftələr bir-birini əvəz edirdi. Soyuq günlərdən, şax talı gecələrdən çoxunu Yan qar basmış təpələrdə keçirirdi. Hərdən maralın izinə tuş gəlirdi, amma bütün axtarışları, adətən, faydasız olurdu: o, bomboş təpələri nahaqdan dolaşır, meşəqıranların adda-budda sözüylə meşələrin dərinliyinə nahaqdan girirdi. O yerləri dolaş dığı müddət ərzində cəmi bircə dəfə incə sıçrayışlarla təpənin zirvəsinə qalxan maralın siluetini gördü. Oralar da dolaşan söz-söhbət isə mişarxananın arxasındakı meşədə nəhəng bir maralın peyda olduğundan dəm vururdu. Yan onun izinə bir neçə dəfə düşmüşdü, amma maralın özünü görə bilmirdi ki, bilmirdi.
Uzunsürən inadlı təqibdən qorxuya düşmüş marallar isə o qədər ürkək olmuşdular ki, onları ovlamaq barədə fikrin özü yersiz idi, odur ki Yanın ovçuluğu, əslində, uzun uğursuzluqlar və peşmançılıqlar zəncirindən başqa bir şey deyildi. Lakin bu uğursuzluqlar onu kədərləndirmirdi. Ovda Yanı ən çox təbiətlə məhəbbət dolu təmas cəlb edirdi. O, hər gün təpələrdə daha çox gəzməyə can atırdı. Bu sonu görünməyən ovun hər günü oğlan üçün sevindirici bayram gəzintisinə çevrilirdi.
Bir il keçdi, yeni ov mövsümü gəldi və Yan içindəki ovçu ehtirasının oyanışını duydu.
Danışırdılar ki, təpələrdə nəhəng bir maral peyda olub. Ona hətta ad da qoymuşdular - Qumsal təpələrin maralı. Qeyri-adi ölçüsü və sürəti, başındakı, sanki, bürüncdən tökülmüş, ucları fil sümüyü kimi parlayan nəhəng, qol-budaqlı buynuzu haqda dillərdə söz-söhbət dolaşırdı.
Təbiidir ki, ilk qar düşən kimi Yan özüylə artıq keçici ehtirasıyla xəstələndirdiyi yoldaşlarını da götürüb ova yollandı. Onlar kirşədə Şam təpəsinə yaxınlaşdılar və gün batanda görüşəcəkləri barədə sözləşərək müxtəlif səmtlərə yollandılar.
Təpənin ətrafındakı kolluqda çoxlu dovşan, tetra olurdu deyə atəş səsləri dəqiqəbaşı eşidilirdi. Lakin təpənin yaxınlığında maral izləri görünmədiyindən Yan kolluqdan çıxıb bu yaxınlarda, guya, həmin nəhəng maralın göründüyü Kennedi vadisinə yollandı.
Bir neçə mil keçəndən sonra, həqiqətən də, qarın üzərinə dəqiq düşmüş iri izlər gördü! Sən bir sıçrayışa bax! Yan o dəqiqə başa düşdü ki, qarşısındakı haqqında o qədər söz-söhbət dolaşan Qumsal təpələrin maralından qalmış izlərdir.
Ovçu özündə qəfil bir güc duyub canavar kimi izə düşdü. Başındakı tüklərin dibində yenə də qəribə bir sancı duydu. Bu ağrını qabaqlar da yaşamışdı, amma indi onu daha güclü hiss edirdi. Yan fikirləşdi ki, yəqin, qurbanını izləyən canavarın da tükləri qabaranda həmin duyğunu yaşayır.
Yan hava qaralana kimi izə düşüb getdi. Artıq qayıtmaq vaxtı idi, ovçuların təyin etdiyi görüş yeri - Şam təpəsi isə çox uzaqdaydı. Amma Yan bilirdi ki , Şam təpəsinə təyin olunmuş vaxtda çata bilməyəcək: inanmırdı ki, yoldaşları onu uzun müddət gözləyələr. Lakin bundan heç narahat olmurdu: onun dəmir kimi ayaqları vardı və yaxşı ov iti qədər dözümlüydü. O, bütün günü ov edərək evə dönəndə özündə azacıq bir yorğunluq belə hiss eləmirdi.
Təyin olunmuş yerdə yoldaşlarını tapmayanda Yan özünü tam azad hiss edib hətta sevindi də. Görünür, dostları onun yorucu və uzun gəzintisinə görə halına acıyırdılar. Amma yoldaşları bu bomboş təpələrdə onun necə xoşbəxt olduğundan da xəbərdar deyildilər.
Düzdür, soyuq külək Yanın üzünə vururdu, amma əslində, oğlanın ətində sağlam cavanlıq alovunun parlaq şöləsi görünürdü. Bu gəzintilər zamanı bəxt idi və bunu özü də anlayırdı. İndi, evə dönərkən kirşədə soyuqdan əsəəsə onun halına acıyan yoldaşlarını xatırlayıb qeyri-ixtiyari gülümsündü.
O-o, həmin gün Kennedi vadisində necə qeyri-adi qürub gördü! Qarın üzü qızardı və hündür qovaqlar bənövşəyi-qızılı rəngə bürünərək durmuşdu. Sürətlə qaranlıqlaşan, ala-toran düşən təki ay görünəndə meşədə gəzmək necə də gözəl idi!
"Bu, mənim həyatımın ən yaxşı günləridir! - deyə təkrar edirdi. - Ömrümün qızıl çağları!"
Şam təpəsinə yaxınlaşanda Yan ucadan qışqırdı:
-Ura!
"Bəlkə, yoldaşlarım hələ oradadır? - fikirləşdi". Lakin bu qışqırığın səbəbi bütün vücudunu doldurmuş həyat sevincinə çıxış nöqtəsi vermək idi. Yoldaşlarının cavabı yerinə onun qulaqlarına canavarların uzaq ulartısı yetişdi.
Yan məzələnmək üçün canavar kimi uladı. Canavarlar ona bir ağızdan cavab verdilər və bu dəfə oğlan anladı ki, heyvanlar dəstə yığaraq kiminsə izinə düşüblər. Adətən, onlar yalnız ov dalınca düşəndə belə ulayır.
Ulartı getdikcə daha yaxından eşidilirdi; meşənin əks-sədası onu durmadan təkrarlayırdı. Qəflətən Yanın beynində bir fikir işardı: "Onlar mənim izimə düşüblər! Onlar məni təqib edirlər!"
Getdiyi cığır indi kiçik bir talanı kəsib keçirdi. Belə soyuqda ağacların başında nicat tapmaq ağlasığan iş deyildi və Yan talanın ortasına çıxıb bir əliylə tüfənginin lüləsini sıxaraq, digərini isə patronlarında gəzdirərək qarın içinə oturdu. Ürəyi yeni, dəhşətli hissiyyatdan sıxılırdı,
Meşədən bərk ulartı gəlirdi. Səs getdikcə yaxınlaşır, yaxınlaşırdı...
Lakin bu ulartı birdən dəyişdi və qəflətən kəsildi. Ay par-par yanırdı; ətraf gündüz kimi işıq idi. Canavarlar, görünür, Yanı görərək talaya çataçatda ayaq saxlamış dılar. Sağ tərəfdən bir şaqqıltı gəldi, soldan - boğuq ulartı və sonra araya yenə sükut çökdü.
Yan hiss edirdi ki, mühasirədədir, bilirdi ki, canavarlar ağacların arxasında gizlənib ona göz qoyurlar. Lakin oğlan nişan almağa cəhd edərək əbəs yerə gözünə əziyyət verirdi: canavarlar ağıllı idilər, görünmürdülər. Yan da ağıllı idi, sakitcə oturmuşdu. Ayağa qalxıb qaçan kimi sürü onun üstünə atılacaqdı.
Yəqin ki, dəstə böyük deyildi və özünün hərbi şurasında Yanı rahat buraxmaq qərarına gəlmişdi. İyirmi dəqiqəyə yaxın gözləyəndən sonra Yan ayağa durub evə yollandı. Komaya yaxınlaşanda
fikirləşdi:
"İndi mən bilirəm ki, maral arxasında addım səsləri, tətik çıqqıltısı eşidəndə nə çəkir”.
Qumsal təpələrdə Yan çox şaxtalı gündüzlər, sərt qış gecələri keçirdi. Buraları bütün xırdalıqlarına kimi öyrəndi. Öyrəndi ki, nədən marallar kolluqlardan gen gəzirlər və nəyə görə onların izləri palıd ağaclarının yanında belə çox olur. O öyrəndi ki, quru qamış qara sarı əyiləndə nə pıçıldayır, müşk siçovulu buzun altında necə yaşayır, susamuru təpədən niyə enir və şaxtalı gecələrdə cingiltiylə sınan buzlar nə söyləyir. Dələlər ona şam qozalarını necə təmizləməyi, hansı göbələkləri qorxmadan yemək mümkün olduğunu öyrətdilər. O, ətrafdakı bütün gölləri, meşələri və təpələri tanıdı. Minlərlə ovçu bicliyi öyrəndi, lakin marala əli çatmırdı ki çatmırdı.
Yan dolaşıq cığırlarda yüz millərlə yol keçərək maral izlərini gah tapdı, gah da itirdi. Ümidini kəsmirdi, çünki öz səyahətlərində bəzən Qumsal təpələrin nəhəng maralının izlərini də görürdü.
Ov mövsümü sonuna yetişirdi ki, şaxtalı səhərlərin birində Yan böyük şam meşəsinə yollandı. Yolda bir odunçuyla rastlaşdı. Ödunçu Yana danışdı ki, meşədə bir dişi maral, bir də təpəsində böyük ağac kimi buynuzları olan həmin o nəhəng maralı öz gözləriylə görüb.
Yan birbaş odunçunun nişan verdiyi meşəyə yollandı və həqiqətən tezliklə maralların izini gördü. İzlərdən biri bir zamanlar çayın yanında gördüyü izə bənzəyirdi, digəri - böyüyü isə, heç şübhəsiz, Qumsal təpələrin maralına məxsus idi.
Yanın içində yenidən bir vəhşi oyandı: o, ovunu duyan canavar kimi ulamağa hazır idi. İzlər meşələrdən, təpələrdən ötürdü, Yan da izləri tutub qaçırdı, daha doğrusu, qaçan ovçunun çevrildiyi canavar idi.
Marallar bütün günü yerlərini dəyişərək yem axtara-axtara dolaşır, yalnız nadir hallarda onlar üçün suyu əvəz edən qar yeməkdən ötrü ayaq saxlayırdılar.
Bütün günü oğlan izləri tutub sürətlə irəliləyir və incə müşahidə qabiliyyətiylə hər xırda təfərrüati qeyd edir, sevinirdi ki, bu dəfə izlər yumşaq qarın üstündə daha dəqiq qalır. Artıq pal-paltardan və ona maneçilik törədən əşyalardan azad olan Yan səs salmadan irəli, daha irəli gedirdi.
Qəflətən uzaqdakı kolluqda gözünə nəsə dəydi. "Bəlkə, quşdur?" - kolun arxasına sinib diqqətlə baxan Yan fikirləşdi. Kolluğun boz fonunda boz rəngli nəsə seçilirdi və Yana əvvəl elə gəldi ki, bu, sadəcə, bir başında budaqları olan ağacdır. Amma budur, boz ləkə tərpəndi, budaqlar yuxarı qalxdı və Yan əsim-əsim əsdi... Hər şeyi o dəqiqə anladı: kolluqdakı boz ləkə maraldır, Qumsal təpələrin maralı!
O, necə də əzəmətli, həyat işartısıyla dolu idi! Yan heyvana ecazkar heyranlıqla baxırdı. Ona indi, təhlükədən xəbərsiz dincələrkən atəş açmaq cinayət olardı... Lakin Yan da bu görüşün neçə aylar boyu həsrətindəydi axı. Mütləq atəş açmalıydı. Ruhi həyəcan arta-arta gedirdi və Yanın əsəbləri tab gətirmədi: qaldırdığı tüfəng əlində əsdi, o, yaxşı nişan ala bilmədi. Nəfəsi kəsik-kəsik oldu, az qala, boğulurdu.
Yan hədəfə yönəltdiyi tüfəngi aşağı saldı... Həyə candan bütün bədəni əsirdi.
Bir neçə an keçdi və Yan özünü yenə ələ aldı. Artıq əlləri əsmirdi, gözləri hədəfi lap aydın seçirdi. Niyə belə həyəcanlanır ki axı qarşısındakı maraldan başqa bir şey deyil!
Lakin o an maral başını çevirdi və Yan onun qayğılı gözlərini, böyük qulaqlarını və burun pərələrini aydın seçdi.
"Yəni sən məni öldürməyə cəsarət edərsən?"- maralın baxışları Yanın üzərində duranda ona elə gəldi ki, heyvan bu sözləri dedi. Oğlan yenə də özünü itirdi.
Bədənindən vicvicə keçdi. Lakin o bilirdi ki, bu, sadəcə, ovçu titrətməsidir. Həmin bu hissiyyata nifrət bəsləyirdi, hərçənd ki sonralar ona hörmət etməyi öyrəndi. Nəhayət ki, içindəki canavar Yanı atəş açmağa məcbur etdi.
Güllə boşa çıxdı. Maral yerindən sıçradı, yanındakı dişisi də göründü. İkinci atəş - yenə dəymədi... Onun dalınca da neçə- neçə atəş... Lakin marallar bir təpədən o birisinə atıla-atıla artıq gizlənmişdilər.
Yan hələ bir müddət maralların izinə düşüb yüyürdü. Onları heç yaralaya bilməmişdi — izlərdə qan yox idi.
Bir milə yaxın məsafə qət edəndən sonra Yan onu lap qəzəbləndirən başqa bir iz gördü: bu, mokasin iziydi, hindu izi. İçi qəzəblə dolmuş Yan bu təzə izi tutub getdi və təpəyə qalxanda hindu ovçunun böyrü üstə yıxılmış ağacdan duran, ona mehriban tərzdə əl yelləyən qamətli siluetini gördü.
-Sən kimsən? - Yan kobud tərzdə ondan soruşdu.
- Çaska.
- Bizim ölkəmizdə nə edirsən?
- Bura əvvəllər mənim ölkəm idi, - hindu sərt cavab verdi.
- Axı o marallar mənimdir! - Yan
dedi.
- Nə qədər ki onları öldürməmisən, vəhşi marallar heç kəsinki deyil.
- Mən sənə məsləhət görərdim ki, mənim tutdu ğum izlərdən uzaq
gəzəsən...
-Mən səndən qorxmuram, - hindu cavab verdi. - Küsüşməyə dəyməz. Yaxşı ovçu maralı həmişə tapar.
Yan Çaska ilə bir neçə gün keçirdi. O, maralı vura bilmədi, amma əvəzində Çaskadan hindu ovçuların çox bicliklərini öyrəndi. Öyrəndi ki, maralları təpələrdə təqib etmək olmaz, çünki heyvanlar çox vaxt bilə-bilə təpəyə qalxırlar ki, dallarınca düşən olub-olmadığını görsünlər. Çaska tüpürcəyi ilə islatdığı barmağını hava ya qaldırıb ona küləyin səmtini təyin etməyi öyrətdi Yan qeyri-ixtiyari düşündü: "İndi mən bilirəm ki, maralın burnu niyə həmişə nəm olur".
Çaska ona izah etdi ki, ovun uğuru çox vaxt yalnız hövsələylə gözləməkdən asılı olur. Ona məxsusi ovçu yerişini öyrətdi. Bu yeriş qar örtüyü nə qədər qalın olursa olsun, ovçuya öz izləriylə qayıtmağa kömək edirdi. Hərdən onlar ova bir yerdə, hərdən də ayrı çıxırdılar. Bir dəfə Yan tək olanda indi Çaskanın adını daşıyan gölün yanındakı kolluqda maral izi gördü. İzlər təzə idi. Yan ətrafa diqqətlə qulaq verdi və ona elə gəldi ki, kolluqda nəsə şıqqıldadı. Bunun dalınca da budağın necə tərpəndiyini gördü. Yan tüfəngini qaldırdı, nişan aldı, kolluqda növbəti hərəkəti gözləməyə başladı ki, atəş açsın. Həqiqətən, bir neçə saniyə sonra budaqla rın arasında nəsə boz bir şey gözə dəydi və Yan artıq tətiyi çəkməyə hazır idi ki, aydın seçilməyən boz fiqur la bir yerdə hərəkət edən qırmızı ləkə gördü. Daha bir neçə an ötdü və kolluqdan Çaska çıxdı.
- Çaska! - Yan həyəcan içində çığırdı. - Mən az qalmışdı səni vurum!
Hindu cavab yerinə barmağıyla başını sarıdığı qırmızı yaylığa işarə etdi. Yan yalnız indi başa düşdü ki, niyə hindu ovçular başlarına həmişə qırmızı yaylıq bağlayırlar və o vaxtdan etibarən özü də ovda olanda bu ehtiyat tədbirindən istifadə etməyə başladı.
Bir neçə gündən sonra onlar şam meşəsinə uçan çəmənlik kəkliklərindən ibarət böyük bir dəstə gör dülər. Tezliklə onların dalınca başqa dəstələr də uçdu. Çaska onlara diqqətlə baxıb dedi:
- Kəkliklər meşədə gizlənir. Şaxta olacaq. Həqiqətən də, bütün ertəsi günü ovçular tonqal kənarında keçirəsi oldular.
Şaxta iki gün azğınlıq etdi və yalnız üçüncü gün yenidən ova çıxa bildilər. Lakin Çaskanın bəxti gətirmədi: o, yıxılıb tüfəngini sındırdı. Axşam Yanla tonqal kəna rında görüşəndə o dinmədən, uzun-uzadı qəlyanını çəkdi və sonra qəflətən sükutunu sualla pozdu:
- Sən nə zamansa Siçan təpələrində ova çıxmısan?
-Yox.
- Yaxşı ovdur... Ora gedək.
Yan etiraz əlaməti olaraq başını buladı.
Hindu qərbə tərəf nəzər salıb
dedi:
- Bu gün Siu izləri gördüm... Artıq burada ov pis olacaq.
Və Yan başa düşdü ki, Çaska qəti qərara gəlib. O yox oldu və Yan hindunu bir daha görmədi. Lakin Kerberi təpələrinin arasında yerləşən göl indiyədək Çaska gölü adlanır.
Kerberi yaxınlığında çoxlu maral göründü. Bu yaxınlarda Kennedi vadisiylə mişarxananın arasında nəhəng bir maral görüblər.
Bu məlumatları Yan zövqünə heç uyğun olmayan yeknəsəq həyat yaşadığı Qərbə gedəndən sonra mək tubdan aldı. Məktub ov mövsümünün əvvəlində gəlmişdi və o vaxt ovçu titrətməsi, onsuz da, artıq Yana üstün gəlməyə başlamışdı. Əgər əvvəllər tərəddüd edirdisə, həmin məktub bütün tərəddüdlərinə son qoyan axırıncı təkan oldu. Dəmir at onu doğma təpələrə apardı. Sonra da at belində bir neçə saat və o artıq evdə idi. Bitib-tükənməyən ovçu gəzintiləri təzədən başlandı.
Tezliklə onun qulaqlarına çatdı ki, guya, göllərdən birinin sahilində yeddi heyvandan ibarət maral sürüsü görüblər, özü də sürünün başçısı əsl nəhəng imiş.
Yan üç başqa ovçuyla birlikdə kirşəyə minib həmin uzaq gölə tərəf yola düşdü.
Ovçular tezliklə maral izlərinə rast gəldilər: izlərin altısı cürbəcür böyüklükdə, yeddincisi, ən böyüyü isə, heç şübhəsiz, Qumsal təpələrin məşhur maralına aid idi.
Kaş görəydiniz bu adamların içində daş dövrünün qaniçən vəhşisi necə qətiyyətlə baş qaldırdı! Kaş görəydiniz ki, onlar izə düşüb təqibə başlayanda gözləri necə acgözlüklə alışıb-yanırdı!
Artıq gecə yaxınlaşırdı. Onlar sürüyə çatmışdılar. Yanın israrlı tələblərinə baxmayaraq, yoldaşları kirşə dən çıxmaq istəmirdilər. Tezliklə qarlı bir təpənin üstündə təzə izlər gördülər.
Görünür, marallar burada ayaq saxlayıb ovçulara sarı çönmüşdülər, sonra isə müxtəlif səmtlərə dağılmışdılar. Heyvanların hər sıçrayışı iyirmi beş futluq idi. Amma izə düşüb təqibi davam etdirsələr də, maralların özünü görə bilmədilər. Gecə ovçuları haqladı və onlar qarın içində düşərgə saldılar.
Səhərisi təqib davam etdi. Onlar maralların gecə lədiyi yerə çatdilar: qarı ərimiş, tündrəngli yeddi çökək ona dəlalət edirdi ki, heyvanlar məhz burada uzan mışdılar.
Yanın israrıyla kirşəni buraxdılar. O diqqət yetirdi ki, izlər böyük meşəyə tərəf gedir. Meşəxoruzu çığırtıyla ağacların üstünə qalxdı - deməli, marallar oradadır.
Yan ovçulara ümumi hərəkət planı təklif etdi, lakin hövsələsiz yoldaşları ona heç qulaq asmaq belə istə mədilər.
Beləliklə, iki dəstəyə bölündülər: ovçulardan ikisi bir, ikisi isə digər tərəfə yollandı.
Yanla yoldaşı Duff tezliklə iki maralın izinə düşdülər. Heç şübhə yox idi ki, bu marallardan biri sürünün oğlana iki ildən bəri rahatlıq verməyən həmin nəhəng başçısı idi.
Onlar heyvanlara meşənin dərinliklərində çatdılar; bircə anın içində indicə gördükləri marallar müxtəlif tərəflərə qaçaraq yox oldular. Yan Duffa dişi maralı təqib etməyi tapşırdı, özü isə nəhəng dəstə başçısının yox olduğu səmtə tələsdi.
Günəş enirdi. Yan adda-budda meşəliyi olan tanıma dığı bir yerdəydi. Maralı izləyərək tamam nabələd olduğu yerlərə gəlib çıxmışdı. Heyvan artıq lap yaxında idi və Yan onu elə indicə görəcəyinə əmin idi ki, uzaqdan atəş səsi gəldi, dalınca biri də. Maral sürətli sıçrayışlarla uzaqlaşdı. Ona çatmaq ağlasığan iş deyildi.
Yan qayıtdı və tezliklə yoldaşını da tapdı. Duff dişi marala iki dəfə atəş açmışdı. Deyirdi ki, yəqin, ikinci gülləsi hədəfə dəydi. Onlar da dişinin izinə düşüb irəlilədilər. Yarım mil keçəndən sonra yerdə qan damcıları gördülər, sonra daha qan görünmədi, izlər isə, elə bil, bir az böyümüşdü, lap aydın görünürdü. Çovğun başlanırdı, qar izləri sovururdu, lakin Yan aydınlaşdıra bildi ki, bu izlər yaralı dişi maralın deyil, onun buynuzlu sevgilisinindir. Buna lap əmin olmaq, bütün şübhələri dağıtmaq üçün izləri tutub bir qədər geri qayıtdılar.
Yan haqlı idi. Böyük maral bu dəfə təqibə məruz qalan heyvanların təcrübəli ovçulara yaxşı məlum olan qədim bicliyinə əl atmışdı: öz izləriylə yaralı rəfiqəsinin yanına qayıtmışdı ki, dişi maral tamam başqa səmtə gedib gizlənə bilsin. Ovçular bu fəndə uymadılar. Onlar yaralı heyvanın izlərini tapıb ac canavar kimi təqiblərini davam etdirdilər.
Maral başa düşəndə ki təqibçilərin diqqətini yayındırmaq cəhdi baş tutmadı, rəfiqəsinin yanına dönməyə məcbur oldu.
Qürub çağı ovçular onların hər ikisini təpənin qarlı yamacında gördülər. Dişi maral başını aşağı dikərək yavaş-yavaş gedirdi. Yoldaşı isə həyəcan içində irəli yüyürür və sanki, rəfiqəsinin niyə ondan geri qaldığını başa düşməyərək qayıtmalı olur, dişi maralı nəvazişlə yalayıb tələsdirirdi.
Lakin ovçular artıq onlara çatmışdı. Düşməni görən də maral buynuzlarını silkələdi, o tərəf-bu tərəfə yüyürdü və nəhayət, sanki, müqavimət göstərməyin, mübarizə aparmağın əbəs olduğunu anlayaraq qaçıb getdi. İnsanlar yaxınlaşanda dişi maral yerindən qalxmağa cəhd göstərdi, amma o qədər zəifləmişdi ki, yenə yıxıldı. Duff bıçağını çıxardı. Yan əvvəllər heç fikirləşməmişdi ki, niyə hər ovçu kəmərində uzun bıçaq gəzdirir. Biçarə maral iri parlaq gözlərini düşmənlərinə zillədi; gözlərində yaş vardı. Lakin heyvan nə inildədi, nə də cınqırını çıxardı. Yan əlləriylə üzünü tutub çöndü. Əlində bıçaq olan Duff dişi heyvana yaxınlaşıb öz dəhşətli işini başa çatdırdı. Bunu sözlə təsvir etmək mümkün deyil...
Yan uçunurdu. Duff onu çağırdı. Oğlan aramla ona tərəf çöndü.
Nəhəng maralın rəfiqəsi qarın üstündə hərəkətsiz uzanmışdı. Onlar gedəndə uzaqda nəsə iri bir kölgə görünüb elə həmin an da təpələrin arxasında yox oldu.
Bir saatdan sonra ovçular kirşəylə gəldilər və dişi maralın cəmdəyini qırmızıya boyanmış qarın üstündən qaldırdılar. Maralın olduğu yerin ətrafında, qarın üstündə təzə, yekə izlər gördülər, uzaqda, gecənin zülmətində ağaran təpədə isə böyük bir kölgə kabus kimi görünüb yox oldu.
Həmin gecə tonqal işığında oturmuş Yanın beynində necə qüssəli, ağır fikirlər qaynaşırdı! O, özünü qınayırdı. Sən demə, ov bu imiş!.. O, neçə vaxtdan bəri buna can atırmış?.. Uzun, həyəcanlı günlərdən, saysız hesabsız uğursuzluqlardan sonra o, arzusuna yetmişdi: əldən düşmüş gözəl məxluq qanlı, murdar bir leşə çevrilmişdi...
Lakin səhər açılanda gecədən qalmış dilxorçu təəs sürat yoxa çıxdı. Təpələrin üstündən uzun ulartı sədaları gəlir, Yan diqqətlə bu səslərə qulaq asırdı. Onu bir fikir narahat edirdi: bəlkə, onun izlədiyi heyvanın təqibini canavar davam etdirir?
Ovçular ən yaxın malikanəyə yollandılar. Yan burada tək qalmaq üçün bəhanələr uydurdu. Və yenə nəhəng maralın təzə izlərinə rast gəldi. Oğlan yenidən təqib yanğısıyla alovlandı.
"Mən onu bir də görməliyəm", - öz-özünə təkrarlayırdı. Qalan ovçular isə sərt şaxtada donmaqdan bezdilər.
Yan ümumi ərzaq ehtiyatından kiçik qazançaya dol durdu, yorğanını götürüb yoldaşlarıyla vidalaşdı.
- Əlvida! - ayrılarkən səsləndi.
- Uğur olsun!
Kirşə də, ovçular enişli-yoxuşlu düzənlikdə görünməz oldular. Yan tək idi. Hələ özünü belə tənha hiss etdiyi olmamışdı. O, əvvəllər də həftələr, aylar uzunu sakit yerlərdə təkbaşına, yoldaşsız dolaşmışdı, amma indiki kimi əziyyət çəkdiyi olmamışdı. İndi onun üçün yaman ağır idi. Qarşısındakı nəhayətsiz qarlı çöllərə göz gəzdirəndə lap ürəyi sıxılırdı. Yoldaşlarının dalınca qaçmağa, onları səsləməyə belə hazır idi, lakin qüruru buna yol vermədi.
Onlar isə artıq gözdən itmişdilər, dallarınca qaçmaq da gec idi, onları səsləmək də. O, maralın izini tutub getdi - iki ildən bəri ona rahatlıq verməyən, onu öz təsiri altına salan ləpirlərdən ibarət bitib-tükənməz zənciri çözməyə başladı. Bu izlər bütün ətraf təpələri, çölləri yüngül və son dərəcə dolaşıq bir tor kimi bələmişdi. Əgər insan onlar dan baş çıxara bilsəydi, gözləri qarşısında heyvanın bir sərgərdan həyatının lal povesti açılardı. Əgər insan bu izlərin mənalarını tam çözə bilsəydi, dəhşətli düşmənlərlə qorxulu görüşlərin, heyvanın həyatına nöqtə qoyan ölüm dirim savaşının tarixçəsini oxuyardı. Yaxın tariximizdə yalnız yemək fikri çəkdiyi zamanlarda insanlar vəhşi heyvanları daha böyük ustalıqla ovlayırdılar və o vaxtlar heyvan izləri qarnı doyurmağın yeganə açarı idi. Elə bu səbəbdən də heyvan izlərini görən insanın qəlbində indiyədək onu axtarıb tapmaq, ona yiyələnmək kimi mübhəm bir fikir oyanır, ibtidai ovçunun vəhşi instinkti oyanır.
Yan bu qarşısıalınmaz, qaranlıq hissə yenidən tabe oldu və maralı axtarmağa üz qoydu.
Axşama sıx ağcaqovaq meşəsinə çatdı. Yan bilirdi ki, maral burada gecələyəcək, odur ki ehtiyatla, cınqırını çıxarmadın ağacların arasından keçməyə başladı.
Lakin onun bicliyi bir nəticə vermədi. Maral onu təqib edəni gördü və gizlənməyə macal tapdı.
Pərtlik və ümidsizlik Yana üstün gəldi. Gecəni şaxtalı, küləkli meşədə keçirməli olacaqdı.
Gecə isə çox soyuq, qaranlıq idi. O, yorğana bürünüb uzandı və təəssüfləndi ki, təbiət insana tülkününkü kimi isti xəz və donmuş əl-ayağını örtə biləcəyi bir quyruq verməyib.
Yer də, ağaclar da şaxtadan şaqqıldayırdı. Adama elə gəlirdi ki, hətta göydəki ulduzlar belə soyuqdan cingildəyir. Yaxınlıqdakı göldən hərdənbir şaqqıltı səsi eşidilirdi: sahilə yaxın yerlərdəki buz çatlamağa başlamışdı. Gölün, meşənin üzərindən adamın üzünü yandıran soyuq külək əsirdi.
Canavar oda tərəf gizlincə gəlirdi, amma lap yaxın laşmadı. Yalnız şikayət edirmiş kimi ulayıb yenidən yox oldu.
Səhərə yaxın bir qədər istiləşdi. Qar yağıb maralın izlərini örtdü.
Yan harada olduğunu bilmirdi. Meşəylə heç bir məqsəd olmadan xeyli dolaşandan sonra Şamlı çaya tərəf getmək qərarına gəldi. Amma yolu necə tapaydı? Qar havada fırlanır, adamın gözlərinə dolur, üzünü iynə kimi sancıb bütün ətrafı bələyirdi. Yaxınlıqdakı ağaclar dumanlı görünür, uzaqdakı şeylər isə, sanki, bəyaz zülmətin içindəydi, heç görünmürdü. Onda oğlan ağcaqovaq meşəliyində, qarın altından qızıl rişə adıyla tanınan bitkinin qurumuş gövdəsini tapdı. Bu bitki həmişə şimala tərəf meyillənirdi. Beləliklə, Yan bu quru gövdədən istiqaməti öyrəndi, indi yolu tapa bilərdi. O, cənub-şərq istiqamətində, Şamlı çayın axdığı yerə yönəldi. Bundan sonra hər dəfə azdığını düşünəndə qarı qazıb altından qızıl rişə taparaq şimalın harada olduğunu müəyyənləşdirirdi.
Nəhayət ki, meşədən çıxaraq uzaqda Şamlı çayı gördü.
Yan bütün gününü maral izini boş-boşuna axtarmaqla keçirdi. Gecə tonqal qaladı və yenə təəssüfləndi ki, taleyi ona isti, sıx yun bəxş etməyib. Birinci gecə o, yanaqlarını və ayaq barmaqlarını dondurmuşdu. Bədəninin donan hissələri ağrıyır, alışıb-yanırdı, lakin Yan evə dönmək barədə heç fikirləşmirdi də. Bu dəfə maralı tapacağı haqda gizli ümidi onu bərk-bərk tutub saxlamışdı.
Ertəsi gün nəsə qəribə, anlaşılmaz bir hiss onu maral ayağı dəyə bilməyən bomboş düzənlikdə dolaşmağa məcbur etdi. Bəs nəticə? O, qəflətən qarşısında, çox güman ki, maralların gecələdiyi yeri - çuxuru gördü. Hələ üstünü qar basmamış altı tündrəngli çökək böyük maralla ailəsinin burada gecələdiyinə dəlalət edirdi.
Heç dörddəbir mil keçməmişdi ki, dumana bürünmüş sıra təpələrin o üzündən qulaqlarını şəkləyən beş maral başı boylandı və yanlarında qiyamət qol-budaqlı buynuzları olan başçı göründü. Bu görüntü gözlərinə dəyən kimi də yox oldu. Yan nişan almağa macal tapmamışdı ki, heyvanlar qaçıb təpənin arxasında gizləndilər.
Böyük maral düşmənini görəndə artıq ailəsini toplayaraq yenə qarlı təpələrdə dolaşırdı. O, sürüsünə çölə dağılmaq işarəsi verdi və maralların hamısı bir anda müxtəlif səmtlərə qaçdı.
Yan ancaq bir şey istəyirdi - sürünün başçısına çatmaq. O, kolluqlarla örtülmüş dar dərəyə tərəf getdi. Aşağıda Şamlı çay qıjıltıyla axırdı.
"O buradadır, burada gizlənib məni güdür, amma tutacağam onu, mütləq tutacağam", - Yan öz-özünə təkrar-təkrar deyirdi. Kolluqlardan gözlərini çəkmirdi. Yarım saatdan sonra tünd kölgə kollardan ayrılıb ehtiyatla təpəliklərə qalxdı. Maral gözdən itəndə oğlan cəld düzənliyi kəsə yolla keçib heyvana qarşı tərəfdən yaxınlaşaraq onunla üzbəüz gəlməyə cəhd elədi. Lakin maral ovçudan uzaqgörən idi: onun fəndini başa düşdü və öz izləriylə qaçıb uzaqlaşdı.
Maral gözəl bilirdi ki, bu mübarizə onun həyatı üzərində gedir. Əgər təqib bir neçə gün dalbadal davam edirsə, ən güclü, ən sürətli heyvan belə yorulur. İnad kar ovçu səbirlə elə anı gözləyə bilər ki, maral özü gücdən düşüb ona təslim olar.
Beləliklə, Yan öz ovunu qarlı çöllərdə, təpələrdə yorulmadan izləyirdi. Maral onu aldadır, öz izləriylə qayıdaraq yaxınlaşan ovçunun iyini mümkün qədər tez almaq üçün küləyə qarşı dururdu. Heyvan insanı aldadır, oyan-buyana gəzdirir, qəflətən yoxa çıxaraq onun qarşısına çözülməz tapmacalar qoyurdu. Lakin Yan nəsə qeyri-adi qətiyyətlə ovunu təqib edir, bütün bicliklərini aşkarlayır, əsl izi tapıb ondan əl çəkmirdi.
Nəhəng maral, nəhayət ki, gücdən düşdü. O qədər zəiflədi ki, artıq nə yeyə, nə də yata bilirdi. Amansız təqibin ucbatından o əldən düşdü, qüvvəsini itirdi artıq sıçrayışlarının sürəti də qabaqkı təki deyildi. O, düşmənə təslim olmağa hazır idi.
Nəhayət ki, maral və ovçu hər tərəfdən bataqlıq larla əhatə olunmuş meşəyə gəlib çıxdılar. Maralla Yanın, deyəsən, sonuncu, dəhşətli görüşü üçün nəzərdə tutulmuş bu meşəliyə üç cığır aparırdı.
Yan ikinci cığırı tutub ehtiyatla irəlilədi, gödəkcəsini, kəmərini çıxararaq koldan asdı, özü isə bataqlığa sarı qayıtdı.
Sonra lap ehtiyatla, ayağının altındakı quru ağacı budaqlarını şıqqıldatmaqdan çəkinərək üçüncü cığıra düşdü və kolluqda gizləndi. Bir qədərdən sonra təhlükə hiss edən zığ-zığ quşu kimi yavaşca fit çaldı.
Marallar zığ-zığ quşlarının səsinə həmişə fikir verirlər. Yan da öz sığınacağından böyük maralın ətrafa göz gəzdirmək üçün qulaqlarını şəkləyərək kiçik təpəliyə necə qalxdığını gördü. Oğlanın sakit fiti maralı hərəkətsiz heykələ çevirmişdi. Lakin kollar və ağaclar heyvanın qabağını tutmuşdu.
Maral bir neçə dəqiqə dayanıb burun pərələriylə havanı ciyərlərinə çəkir, uzaqlara baxırdı. O, arxası ovçuya sarı durmuşdu və Yanın bu qədər yaxınlıqda olduğu heç ağlına da gəlmirdi. Külək koldan asılmış gödəkcənin qollarını tərpətdi. Maral cəld təpədən enərək ağacların arasından səssizcə keçib yox oldu.
Yan onun hansı səmtə getdiyini aydınlaşdırmaq üçün diqqət kəsilmişdi. Qızdırmalıymış kimi əsir, ürəyi çırpınırdı, tüfəngi isə atəş üçün artıq çoxdan hazır idi.
Sakitcə, ehtiyatla boylandı və elə həmin ondan üçcə addım aralıdan Qumsal təpələrin böyük maralı eynən onun özü kimi sakitcə, sanki, yerin altından çıxırmış kimi başını qaldırdı!
İki gözəl, qara göz Yana zillənmişdi. Qol-budaqlı buynuzları heyvanın qəşəng başını bəzəyirdi. Şux bədəni hərəkətsiz idi, sanki, daşa dönmüşdü.
Nəhayət ki, Qumsal təpələrin maralı ilə Yan üzbəüz gəlmişdilər. Maralın həyatı indi Yanın əlindəydi.
Heyvan mücəssəmə kimi durmuşdu. Durub özünün iri, həyat həqiqətləriylə dolu gözlərini düz oğlana zilləmişdi.
Tüfəng Yanın əlində əsdi. Oğlan tüfəngini qaldırdı və yenə aşağı saldı, çünki maral özünün aydın gözlərini ondan çəkmədən hərəkətsiz durmuşdu.
Yan hiss etdi ki, həyəcanı səngiyir, artıq dişləri də bir-birinə dəyib şaqqıldamırdı; indi onun içində bir hüzur və sevinc vardı.
"Atəş tez ol! Axı sən buna can atırdın!" - daxilindən bir səs ucaldı. Amma bu səs çox inamsız, çox zəif idi... Yan canavar sürüsünün onu təqib etdiyi həmin gecəni xatırladı. O gecəni ki, yorğunluqdan halsız vəziyyətdə yırtıcı heyvanların yaxınlaşmasını dəhşətlə gözləyirdi. O, öldürülmüş dişi maralı və heyvanın qanına boyanmış qarı xatırladı - cinayətkar bir qətlin bəyaz qarı boyayan qanını. Can verən dişi maralın gözləri düşdü yadına - ürkək, iltimasla dolu baxışları, sanki, soruşurdu: "Mənim günahım nə idi?"
Artıq heyvanı qətlə yetirmək fikri ona qeyri-mümkün gəlirdi. Yan marala baxır, maral da aydın, ağıllı gözlərini ondan çəkmirdi. Elə bil, onlar bir-birinin gözlərindən hər şeyi oxuyurdular. Yan onun həyatını əlindən ala bilməzdi və içində nə vaxtdan bəri yaranmağa başlayan, yavaş-yavaş yetişərək möhkəmlənən bir nəsnə qəflətən ucadan, amiranə bir ahənglə dilləndi. Bu səs ona deyirdi:
- Fağır, gözəl heyvan! Gör nə vaxtdan bəri biz bir- birimizə düşmən kəsilmişik: mən - ovçu, sən - qurban idin. Amma indi hər şey dəyişdi. Biz bir-birimizin gözünün içinə baxırıq, biz bir ananın - təbiətin övladlarıyıq. Bir-birimizlə danışa bilmirik, lakin bir-birimizi elə sözsüz də anlayırıq. İndi mən əvvəlki kimi deyiləm; indi səni anlayıram və əminəm ki, sən də məni anladın. Sənin həyatın mənim əlimdədir, lakin artıq məndən qorxmursan. Mənə maral barədə danışmışdılar. İtlər onu mühasirəyə alanda o, ovçunun üstünə yüyürüb gözləriylə nicat diləmişdi, ovçu da onu xilas etmişdi. Mən də həmin ovçu kimi neçə günlərdən bəri səni təqib etsəm də, indi qarşımda qorxusuz-hürküsüz dayana bilərsən. Mənim əlim səni öldürmək üçün heç vaxt qalxmaz. Ey gözəl məxluq, biz qardaşıq, lakin mən səndən böyük, səndən güclüyəm. Əgər mənim gücüm səni qorumağa çatsaydı, təhlükənin nə olduğunu heç vaxt duymazdın.
Get, qorxmadan get və meşəli təpəliklərində gəz - mən səni bir də təqib etməyəcəyəm. Həyatı nə qədər çox tanıyıramsa, bir o qədər də mənə yaxınlaşırsan və mən sənə bir ov kimi, ləzzətli bir ət tikəsi kimi baxa bilmirəm.
Sakitcə get - qorxusuz-hürküsüz. Biz bir də görüşməyəcəyik. Əlvida!
Gülnar Abbasova