Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri

21-09-2024, 16:26           
Əhməd bəy Ağaoğlu yaradıcılığında ədəbi tənqid məsələləri
Atakişiyeva Həcər

Əhməd bəy Ağaoğlu XIX əsrin sonu və XX əsrin birinci yarısını əhatə edən dövrdə formalaşmış Azərbaycan ictimai-siyasi fikrini formalaşdıran böyük mütəfəkkirlərdən biri olmuşdur. Hərtərəfli dünyagörüşünə sahib olan Ə. Ağaoğlu Azərbaycan və Türkiyə dövlətlərinin ictimai-siyasi tarixində də xüsusi yeri olan dövlət xadimi kimi bilinir. O, çoxcəhətli və zəngin yaradıcılıq yolu keçmiş ədib, filosof, ictimai xadim, mübarizəsindən dönməz inqilabçı, siyasətçi, jurnalist, pedaqoq, hüquqşünas, şərqşünas alim, yazıçı, türkoloq, qələmi kəskin tənqidçi, ədəbiyyatşünas olmuşdur. Görkəmli yazıçı qiymətli ədəbi-elmi irsi ilə XX əsrdə Azərbaycan mühacirət ədəbiyyatının, həmçinin, ədəbi-bədii və elmi nəzəri fikrinin inkişafında xüsusi rol oynamışdır.
Ədəbi tənqid də bir janr kimi Əhməd bəy Ağaoğlunun yaradıcılığının böyük və mühüm sahəsini təşkil etmişdir. Əhməd bəy Ağaoğlunun yaradıcılığının bütün dövrlərində ədəbi tənqid məsələləri onu maraqlandıran problemlərdən olmuşdur. Əhməd bəy Azərbaycan ədəbiyyatından başlayaraq ədəbiyyatın bir çox janrlarını, dünya ədəbiyyatı klassiklərinin yaradıcılığını məqalələrində təhlil etmiş, yeri gəldikdə janrlar və ya yazıçıların əsərləri arasında paralellər aparmışdır. Əhməd bəy Ağaoğlunun Azərbaycan ədəbiyyatı, tənqidi, dini dünyagörüşünün formalaşması üçün gördüyü işlər bugün də aktualdır və dəyərlidir. Əhməd bəy Ağaoğlu ədəbiyyatın ən qədim dövrlərindən başlayaraq tədqiqi və təbliği ilə məşğul olmuşdur. Yaradıcılığı dövründə yazdığı ədəbi-tənqidi məqalə və elmi əsərlərin təhlilləri olduqca qiymətlidir.
Dövrünün ən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisə və problemləri, Azərbaycan və dünya ədəbiyyatında yazılmış əsərlər, həmçinin ədibin yaşadığı dövrdə yazılan əsərlər onun elmi və ədəbi-tənqidi əsərlərində, məqalələrində özünə yer tapmışdır.
Əhməd bəy Ağaoğlu yaradıcılığında dəyərli məxəzlərdən olan ədəbi-tənqidi irsin Azərbaycan ədəbiyyatı tarixində oynadığı yeri və rolu müəyyənləşdirməkdən ibarətdir. Ə.Ağaoğlunun məqalə, məruzə, şərh, icmal, məktub və s. janrlarda qələmə aldığı ədəbi-tənqidi xəzinəsini araşdıraraq onların sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirmək ədəbiyyatşünasların daim diqqət mərkəzlərində olmuşdur. Əhməd bəyin “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarında çap edilən əsərlərinin ədəbiyyat tarixinin öyrənilməsində müstəsna rolu olmuşdur. Ədibin dünya dinlərinə münasibətini və dini dünyagörüşünü onun yaradıcılığındakı kulturoloji fikir tariximizi müəyyənləşdirməklə nail olmaq olar. Ədibin özünün də yaradıcılığında tez-tez müraciət etdiyi tarixi-müqayisəli metod tədqiqatçılar tərəfindən onun yaradıcılığının öyrənilməsində ən çox istifadə olunan metoddur. Ağaoğlu irsi dərindən araşdırılmış, əlyazmalarına müraciət olunmuş, ədəbi tənqidlə bağlı yazıları müqayisəli şəkildə tədqiq edilmişdir. Azərbaycan ədəbiyyatında Ağaoğlu yaradıcılığının tədqiq edilməsi daim vacib məsələlərdən olmuşdur. Onun ədəbi tənqidlə bağlı məsələləri araşdırması, o dövr tariximiz, həyatımızla bağlı mühüm faktların ortaya qoyulması deməkdir. Ədibin əsərlərinin vasitəsilə Azərbaycanın hansı məhrumiyyətlərlə, problemlərlə üzləşib, onlarla mübarizə aparıb bu günə gəldiyinin şahidi ola bilərik. Əhməd bəy Ağaoğlunun yaradıcılığında dini dünyagörüşü və kulturoloji düşüncələr məsələsi olduqca aktual bir mövzudur. Belə ki, müəllifin mövqeyinin ədəbiyyatşünaslıqda geniş yayılmış bir konsepsiya yarada bilməsini onun yaradıcılığına əsaslanaraq, araşdırmaq üçün bu məsələni bilmək olduqca vacibdir. Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini onun yazmış olduğu nəsr əsərlərində açıq bir şəkildə görmək olur. Əhməd bəyin əsərləri vasitəsilə gələcək nəsillərə ötürdüyü dünyagörüşünü və kulturoloji düşüncələri tarixi hadisələr və problemlər baxımından da çox dəyərlidir. Əhməd bəy əsərlərində tarixi hadisələri, sənədləri, tarixi gərçəklikləri təhrif etmədən tarixdə qalan hadisələrə özünəməxsus bir şəkildə öz mövqeyini bildirmişdir. Bu mövqe bizə onun dini dünyagörüşünü və kulturoloji düşüncələrini meydana çıxarmaqda çox kömək olur. İslamda qadına verilən dəyərlərin ədəbiyyatdakı əhəmiyyəti, tarixi spesifik xüsusiyyətləri Əhməd bəyin yaradıcılığından gətirilən nümunələr vasitəsilə sistemləşdirilmişdir. Əhməd bəyin yaradıcılığının bir qismi uzaq tarixi keçmişin, bir qismi isə yaxın tarixi keçmişin nümunələrini özündə əks etdirir. Ədibin əsərlərini bütünlüklə tarixi əsərlər kimi dəyərləndirmək düzgün deyildir. Lakin Əhməd bəy Ağaoğlunun dini dünyagörüşünü və kulturoloji düşüncələrini müəyyən etməkdə bu tarixi vacib amillərin çox böyük xidmətləri olmuşdur. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında bitkin bir şəkildə işlənməsi öz əksini tapmışdır. Bununla yanaşı, İslamdan öncəki dövrdə və İslamda qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələr Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri əsasında sistemləşdirilmişdir. Ədib bu mövzunu dövrün ziddiyyətli problemlərini nəzərə alaraq, öz düşüncələrini keçmiş tarixi hadisələrin timsalında oxucuya çatdırmışdır. Əhməd bəy “İslama görə və islamiyyətdə qadın” əsərində yaşamaq hüququ, cəmiyyətdə iştirak etmək hüququ, ayrıseçkiliyə məruz qalmamaq hüququ, seçmək və seçilmək hüququ, təhsil hüququ, iqtisadi müstəqillik hüququ, xərclərini tələb etmək hüququ, nikahda sərbəstlik hüququ, miras hüququ, eyni haqq və cəzanın verilməsi kimi məsələlər araşdırılmışdır.
Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsinə üstünlük verdiyini açıq bir şəkildə görürük. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyət vasitəsilə dünyada qələbə qazanmağın mümkünlüyü fikrini dəstəkləmişdir. Şərq mədəniyyətinin və Budda-Brahma mədəniyyətinin bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olduğu fikrində olmuşdur. Ümumiyyətlə, Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti “Yaxşıları özündə birləşdir” prinsipində görürdü.
Azərbaycan ədəbiyyatşünaslığında Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətinə tam aydınlıq gətirilmişdir. Əhməd bəyin dünya dinlərinə öz yaradıcılığında obyektiv münasibət göstərməsi, yaradıcılığında bu tarazlığı qoruyub saxlaya bilməsi onun əsərlərindən gətirilən faktlar vasitəsilə əsaslandırılmışdır. Əhməd bəy Ağaoğlu əsərləri vasitəsilə İslam və Xristianlığı müqayisəli şəkildə təhlil etmişdir.
Əhməd bəy Ağaoğlunun yaradıcılığı vasitəsilə onun kulturoloji fikirlərində Qərb mədəniyyətinə bu qədər çox meyilli olmasının səbəbini aydın bir şəkildə görürük. O bu fikirdə idi, çünki Qərb mədəniyyətini qalib mədəniyyət hesab edirdi. Ədib Qərb mədəniyyətinin başqa mədəniyyətlər üzərində qələbə qazanmasını çox böyük yazıçı istedadı və məharəti ilə oxucuya çatdırmağı bacarırdı. İslamda qadına verilən dəyərlərin Əhməd bəyin yaradıcılığında öz əksini tapması vasitəsilə onun qadınlara, onların hüquq və vəzifələrinə qarşı fikirləri və həssaslığı öz əksini tapır. Əhməd bəyin “İslama görə və islamiyyətdə qadın” əsəri onun qadınlara qarşı olan fikrinin sistemləşdirilmiş yekun nəticəsidir. Əhməd bəy Ağaoğlunun dünya dinlərinə münasibətini təhlil edərək belə bir nəticəyə gəlinir ki, Əhməd bəyin dünya dinlərinə münasibəti tamamilə obyektivdir. O bu fikirlərində də tarazlığı qoruyub saxlamağa nail ola bilmişdir. Əhməd bəy Ağaoğlu istər İslam dini olsun, istərsə də, Xristian dini o, saf və təmiz fikrə, düşüncəyə sahib ola bilməyin insan üçün vacib olması fikrində idi. Əhməd bəy Ağaoğlunun yaradıcılığında ədəbiyyat problemləri məsələsinədə çox geniş yer verilmişdir. Ədib haqqında yazılan əsərlərdə onun Qərb ədəbiyyatını öz yaradıcılığında təhlil etməsi, dünya klassiklərinin yaradıcılığı ilə bağlı fikirləri əsas götürülmüşdür. Əhməd bəy yaradıcılığının böyük bir qismini Qərb ədiblərinin yaradıcılığına həsr etmişdir. Onun yaradıcılığında Qərb ədiblərini təhlil etməsi və gəldiyi nəticə əsərlərindən gətirilən vacib ünsürlər ilə sübut olunur. Əhməd bəyin Qərb meyilli olması və Qərbdə ədəbiyyatın gücü haqqındakı araşdırmaları əsərləri vasitəsilə tədqiq olunmuşdur. Müəllifin tarixi real şəxsiyyətləri və onların yaradıcılığını ümumiləşdirmə vasitəsilə öz yaradıcılığında tədqiqata cəlb etməsi və dünya klassiklərinin yaradıcılıq xüsusiyyətlərinə həm tarixi, həm də qeyri-tarixi cəhətdən yanaşmaq Əhməd bəyin qələmi üçün xarakterik idi. Əhməd bəy Ağaoğlunun Qərb ədəbiyyatının hər dövr üçün aktual ola biləcək istedadlı nümayəndələrinin və orijinal, zəngin əsərlərinin olduğunu bildirirdi. Əhməd bəy Qərb ədibləri olan Lavellenin, Edel de Merilinin, E.Renanın, F.Mişelinin, Şekspirin, Volterin, Leybnitsinin, Dantenin yaradıcılıqlarına xüsusi bir diqqətlə yanaşmışdır. Onların müəllifliyini böyük bəşəri ideyalar uğrunda mübarizə aparmağa layiq kimi qiymətləndirmişdir. Əhməd bəy rus ədibləri olan Tolstoy, Dostoyevski, Qorki kimilərin yaradıcılığını ideya baxıxımdan ən üst səviyyədə olan kimi dəyərləndirirdi. Puşkinin, Qorkinin, Lermontovun, Qoqolun, Dobrolyubovun, Turgenevin, Tolstoyun rus ədəbiyyatı üçün etdiklərini çox qiymətli hesab edirdi. Əhməd bəy Puşkini Rusiyanı olduğu kimi təsvir etdiyinə, həyatı və mühiti bütün gerçəkliyi ilə təsvir etdiyinə görə alqışlayırdı. Onun yaradıcılığının seçilmiş cümlələr ilə zəngin olduğu nəticəsinə gəlirdi. Əhməd bəy Ağaoğlu bu fikirdə idi ki, Lermontov, Qoqol, Turgenev belə təbiət təsvirləri yaratmaqda mahirdirlər. O yazırdı ki, Lermontov, Puşkin, Tolstoy Qafqazın, Krımın bədii dillə təsvirini oxucunun gözləri qarşısında elə canlandırırdılar ki, heç vaxt Qafqazda və Krımda olmayan oxucu belə Qafqaziyanın səmalarını, Qafqaz dağlarının uca zirvələrini, Krımın sahillərini gedib öz gözləri ilə görmüş kimi olurdu. Əhməd bəy Ağaoğlunun Şekspir, Milton, Lokk, Spenser, Gete, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan Jak Russo, Viktor Hüqo, Dante, Makfavell, Bruno, Puşkin, Lermontov, Tolstoy və s. kimi ədiblər haqqındakı fikirləri onun yaradıcılığından gətirilən nümunələr ilə əsaslandırılmışdır.
Ə.Ağaoğlunun Şərq ədəbiyyatına münasibətini əsərlərində rast gəlinən nümunələr ilə əsaslandırılıb və izah olunmuşdur. Onun Şərq klassikləri olan N.Tusi, Ş.Sədi, Hafiz, M.C.Rumi, Siseron, Platon, Nizami, Füzuli haqqındakı fikirləri geniş bir şəkildə dövrü ab-havanı nəzərə alaraq, müəllifin mövqeyinə aydınlıq gətirilmişdir. Əhməd bəyin Azərbaycan ədəbiyyatının nümayəndələri olan Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi ədiblərinə qarşı fikirləri əsərlərində öz əksini tapmış və ədibin fikirlərinin açılmasında mühüm rol oynamışdır.
Ə.Ağaoğlunun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqatlara cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır. Xalqının mənəvi dəyərlərinə sahib çıxması, keçmişini daim təbliğ etməsi, haqsızlığa qarşı mübarizə aparması, humanizm və tolerantlıq hisslərini ön plana çəkməsi Əhməd bəyin yaradıcılığı üçün daim ön planda olmuşdur.
Əhməd bəy Ağaoğlu dini dünyagörüşünü və kulturoloji düşüncələrini sənətkar bacarığı ilə öz əsərləri vasitəsilə müasir dövrümüzə qədər çatdırmağa nail ola bilmişdir. Onun mövqeyi, araşdırmaları hadisə və problem əks etdirmə baxımından daim müasirliyini qoruyub, saxlaya bilmişdir. Onun yaradıcılığında dünya klassiklərinə ayırdığı diqqət dövrün tələblərini nəzərə alaraq, hərtərəfli tədqiqata cəlb olunmuşdur. Əhməd bəyin Qərb ədəbiyyatına dair araşdırmaları onun əsərlərindən gətirilən nümunələr vasitəsilə əsaslandırılmışdır
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.