BAZAR GÜNLƏRİ
23-09-2024, 08:14
Ali məktəbi bitirən kimi məni təyinatla Neftayırma zavodlarından birinin İnformasiya-Hesablama Mərkəzinə göndərdilər. Ancaq Mərkəzin direktoru Novruz A. qırmızı diplomlu gənc mütəxəssisi yanında görmək istəmədi. Ətrafı tamamən ermənilərdən ibarətdi – katibəsi, kompüter şöbəsinin müdiri, baş muhasibi və bir neçə aparıcı mütəxəssis məlum millətin nümayəndələri idilər. Və işə başladığımdan bir ay sonra N.A. məni yanına çağırıb "Sən bizə istehsalatda lazımsan" dedi.
Bu, məni zavodun ən önəmli və ən çətin bölümlərindən birinə – ELOU-AVT-yə sürgün etmək deməkdi…
21 yaşında idim, başımdakı "yüyənsiz xəyallarımla" 2 növbəli işə başladım. 12 saat gündüz, 12 saat gecə işləyib 2 gün evdə olurdum. İşim ELOU-AVT-nin texnoloji prosesinə nəzarət etməkdən ibarət idi. Guya kompüterlə mürəkkəb neftayırma prosesini həyata keçirəcəkdik. Təbii ki, Sovetin kompüterləri Sovetin texnoloji prosesini idarə-filan etmirdi, hər şey yenə də fədakar fəhlələrin nəzarətində idi. Mən o ortamda əyni-başı təmiz yeganə adam idim. Fəhlələr min bir zülümlə plan doldurmağa çalışır, evlərinə qəpik-quruş aparmaq üçün əzabı çəkirdilər. Hesablama Mərkəzinin uşaqları ayda 120, mən isə gecə "smenlərinə" görə 175 rubl alırdım (Aradakı 55 rubl o dövr üçün ciddi fərq idi).
Sonra iş qrafikimi elə qurmağa başladım ki, növbələr bazar gününə düşsün. Sevirdim bazar günləri çalışmağı. Digər üç yoldaşım bazar günləri evdə olmaq üçün dəridən-qabıqdan çıxır, ancaq mən bazar günü saat 12-yə qədər yatıb, sonra bütün günü sərsəm kimi evdə oturmağı sevmirdim. Gecə-gündüz oxuyur, öyrənir və bildiklərimi "smen" vaxtı fəhlə dostlarıma danışırdım. İndiyə qədər oxuduqlarımın yarısını məhz 3 illik o sürgün həyatımda oxumuşam. ELOU-AVT-də çalışan bütün fəhlələr məni sevirdilər. Özümü "qara fəhləlik" edən iş yoldaşlarımdan ayırmırdım, yeməyi bərabər yeyir, uzun qış gecələri sabaha qədər söhbətləşir, oxuduqlarımı onlarla paylaşırdım. Mənə"uçitel" deyirdilər…
İndi o gənclik illərimdən milyon il keçib, lakin hələ də bazar günləri günortaya qədər yatdığımı xatırlamıram. Bədənimi, beynimi elə alışdırmışam ki, gecələr ən çox 6-7 saat yatıram. Bazar günləri də erkəndən qalxır, nəsə faydalı bir işlə məşğul olmağa çalışıram.
Sevirdim bazar günləri çalışmağı.
Bazar gününüz ürəyinizcə olsun!
İbrahim Nebioğlu
TEREF